Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

MSŞT üzvlüyün dayandırılması ölkənin reytinqinin düşməsi deməkdir
ÇƏTİN SUAL 


2017 Mart 06 ( Bazar ertəsi )  16:50:07
Çap versiyası
English Русский 

"Mədən Sahəsində Şəffaflıq Təşəbbüsü" təşkilatının beynəlxalq idarə heyətinin martın 8-9-da keçiriləcək iclasında Azərbaycanın bu qurumdakı statusu məsələsinə baxılacaq. Bu barədə Turan agentliyinin "Çətin Sual" proqramına müsahibəsində bu qurumun İdarə Heyətinin üzvü, iqtisadçı Qubad İbadoğlu xatırladıb.

2015-ci ilin aprelində vətəndaş cəmiyyətinin hüquqlarının pozulması ilə əlaqədar Azərbaycanın MSŞT-dəki statusu "daimi üzvlükdən" "namizəd üzvə" endirilib. 2016-cı ilin oktyabrında MSŞT-nin idarə heyəti Azərbaycana vəziyyətin düzəldilməsi üzrə addımlar atmaq və ölkəni MSŞT standartlarına tam uyğunlaşdırmaq üçün martda keçiriləcək növbəti görüşə qədər vaxt verib.

Boqotada Azərbaycanı rəsmi nümayəndə heyəti təmsil edəcək və çox güman ki, nümayəndə heyətinə Dövlət Neft Fondunun (ARDNF) direktoru Şahmar Mövsümov başçılıq edəcək. İbadoğlu da iclasda beynəlxalq İdarə Heyətinin 8 Avrasiya ölkəsini təmsil edən üzvü kimi iştirak edəcək.

Eyni zamanda, Azərbaycanla bağlı müzakirələrdə hökumət nümayəndə heyətinin üzvləri və İbadoğlu iştirak etməyəcəklər. Yalnız əvvəldə Azərbaycan nümayəndə heyətinin başçısı və İbadoğlu beş dəqiqəlik bəyanatla çıxış edəcəklər və zalı tərk edəcəklər.

İbadoğlu müzakirələrin Azərbaycan üçün asan olmayacağını proqnozlaşdırır. Onun sözlərinə görə, Azərbaycan islah tədbirləri planını tam həcmdə yerinə yetirməyib.

Əlbəttə ki, müəyyən addımlar atılıb: qrantların və xarici donorların qeydiyyatı qaydaları sadələşdirilib, bunun üçün tələb olunan sənədlərin sayı azaldılıb, müraciətlərə baxılması müddəti azaldılıb. Amma bu tədbirlər, çətin ki, yetərli hesab olunsun. Beynəlxalq İdarə Heyətinin üç birmənalı tələbi var idi: xarici donorlar üçün dövlət qeydiyyatını ləğv etmək, qrantların və müqavilələrin qeydiyyatı təcrübəsini aradan qaldırmaq, habelə hər iki ildə bir QHT reyestrindən çıxarış verilməsi qaydasını ləğv etmək.

Bunun üçün qanunvericiliyə düzəlişlər olunmalı idi, amma hakimiyyət bunu etməyib və Boqota iclasına qədər, çətin ki, etsin.

Digər tərəfdən, fevralda Bakıya gəlmiş MSŞT beynəlxalq idarə heyətinin nümayəndə heyəti plan tamamilə yerinə yetirilməsə, müzakirələrin Azərbaycan üçün asan olmayacağını nəzərə çatdırmışdı.

Bundan başqa, İbadoğlunun sözlərinə görə, QHT-lər üçün mühitin yaxşılaşdırılması üzrə tədbirlər kompleksi həyata keçirilməlidir. 20-dən çox beynəlxalq QHT Azərbaycanın qurumdan çıxarılması üçün MSŞT idarə heyətinə müraciət ediblər.

Bu çağırışı şərh edən İbadoğlu qeyd edib ki, MSŞT hüquq müdafiə təşkilatı deyil və əsasən QHT-lərin bu təşəbbüs çərçivəsində fəaliyyəti ilə bağlı problemlərinə diqqət yetirir. Amma bütünlükdə insan hüquqları sahəsində vəziyyət ümumi atmosferə təsir göstərir.

İbadoğlunun sözlərinə görə, Azərbaycanın qurumdan çıxarılması məsələsi gündəlikdə deyil, söhbət üzvlüyün dayandırılmasından gedə bilər və bu, tamamilə mümkündür.

"Biz özümüz Mədən Sahəsində Şəffaflığın Artırılması Təşəbbüsü üzrə QHT Koalisiyasının üzvü olaraq Azərbaycanın üzvlükdən çıxarılmasının əleyhinəyik. Biz islahatların tərəfdarıyıq", deyə İbadoğlu bildirib.

Onun sözlərinə görə, hökumət də Azərbaycanın MSŞT-də tamhüquqlu üzvlüyünün bərpa olunmasında maraqlı olmalıdır. Çünki üzvlüyün dayandırılması təkcə ölkənin deyil, SOCAR da daxil olmaqla, Azərbaycan şirkətlərinin beynəlxalq kredit və investisiya reytinqlərinə mənfi təsir edəcək.

Əlbəttə, Azərbaycan beynəlxalq maliyyə qurumlarından kredit almaq hüququndan tamamilə məhrum olmayacaq, amma kredit verilməsi şərtləri çətinləşdiriləcək.

Bundan başqa, Azərbaycanın MSŞT-də üzvlüyünün dayandırılması ölkənin "Açıq hökumət" Beynəlxalq Tərəfdaşlıq Təşəbbüsündə statusu məsələsinə də mənfi təsir edəcək. 2016-cı ilin mayında Azərbaycanın bu qurumdakı statusu bir il müddətinə "qeyri-fəal üzvlüyə" qədər endirilib. 2017-ci ilin mayında təşkilatın Azərbaycanın statusu məsələsinə yenidən baxılacaq. -B06--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az