Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Mehman Əliyev: ABŞ və Azərbaycan arasında konsensus yaranır
ÇƏTİN SUAL 


2017 İyul 13 ( Cümə axşamı )  12:55:27
Çap versiyası
English Русский 

Bakı/13.07.17/Turan: Amerika-Azərbaycan münasibətlərində əməkdaşlığın canlanması prosesi başlayıb, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev belə hesab edir.

O, Turan-ın "Cətin Sual" proqramına müsahibədə Amerika-Azərbaycan münasibətlərinə dair vəziyyəti, regionda geosiyasi maraqları şərh edib.

Sual: Uzun müddətdir rəsmi Bakı ABŞ-ın və Qərbin Azərbaycanla bağlı münasibətini tənqid edir. Sizcə, Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ dövlət katibi Reks Tillersonla görüşü münasibətlərdəki soyuqluğun aradan qaldırılmasına təkan verə bilərmi?

Cavab: Tənqidlər və təzyiqlər demək olar ki, daha çox 2015-2016-cı illərə düşür. Azərbaycanda 2016-cı il iyulun 12-də ə referendum elan ediləndən sonra Azərbaycan hakimiyyətinə qarşı demək olar ki, heç bir təzyiq olmayıb. Nəzərə almaq lazımdır ki, ötən il Amerikada prezident seçkilərində Tramp qələbə çalıb. Bununla da Azərbaycan-Amerika münasibətində yeni bir dövr başlayır. Gərginlik daha çox prezident Obamanın dövrünə düşür. Ondan sonrakı dövrdə münasibətlərdə bir staqnasiya (durğunluq) var idi. 2-3 aydır ki, artıq aktivləşmə prosesi başlayıb. Görünür ki, dialoq prosesi gedir. Hesab edirəm ki, İstanbulda İlham Əliyevin dövlət katibi ilə görüşü həmin dialoqun nəticəsi idi. Yəni, ondan öncə məsələlər müzakirə olunub, tərəflər bir araya gəlib və bu görüş baş tutub. Həmin görüşdə demokratiya, islahatlar, insan haqları məsələləri müzakirə olunub. Hesab edirəm ki, bu, Amerika-Azərbaycan münasibətlərində ən mühüm bir gündəlikdir. Azərbaycan 12 istiqamət üzrə "Yol xəritəsi" hazırlayıb və öz həllini gözləyir. İnsan haqları, açıq hökumət və başqa sahələrdə yeni sənədlər hazırlanır. Avropa İttifaqı ilə yeni sazişin hazırlanması prosesi gedir. Struktur islahatları gündəmdədir. Biz görürük ki, iki tərəfin əməkdaşlığı var və Amerikanın əsas məqsədi Azərbaycanda və başqa regionlarda təkamül yolla, sülh yolu ilə demokratiyaya keçidin təmin olunmasıdır. Bu proses baş verir və tərəflər məsələdə yekdil bir mövqedədirlər.

Sual: Regionda qərbin və Rusiyanın geosiyasi maraqları nə qədər üst-üstə düşür? Bu dövlətlərin maraqları Azərbaycanın milli maraqları ilə uzlaşırmı?

Cavab: Tərəflərin, yəni ABŞ və Rusiyanın regionda açıq şəkildə toqquşmasını görmürük. Hamburqda Trampla Putin arasındakı görüşün nəticələri iki tərəfdən, əsasən də ruslar tərəfindən daha optimistik, daha müsbət qiymətləndirilib. Bu, onu göstərir ki, tərəflər arasında geniş spektr məsələlər ətrafında vahid bir mövqe var. Qeyd olundu ki, yalnız Şimali Koreya üzrə bir araya gələ bilməyiblər. Bu, onu göstərir ki, qalan bütün məsələlər üzrə razılaşıblar, o cümlədən Cənubi Qafqazın adı səslənməsə də, daha çox Ukrayna və Suriya məsələsini vurğuladılar. Amma Tillersonla İlham Əliyevin görüşü onu göstərir ki, Hamburqda hansısa bir danışıq olub və bu danışığın nəticəsində İstanbul görüşü olub. Ermənistan tərəfi bəyan edib ki, bu ilin noyabrında Brüsseldə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropa İttifaqı ilə yeni bir sazişin imzalanmasına hazırlaşır. Qeyd edirlər ki, artıq Rusiya buna xeyir-dua verib. Bu, onu göstərir ki, Rusiya, o cümlədən Azərbaycanın da Avropa İttifaqı ilə yeni sazişin imzalanmasına etiraz etmir. Bu, yeni bir vəziyyətdir, yeni bir dövrdür. Burada tərəflərin mövqeləri daha da yaxınlaşır. Əslində bu, Azərbaycanın milli maraqlarına uyğundur. Çünki biz bilirik ki, Azərbaycan böhran vəziyyətindədir. İqtisadi böhran var, sistem böhranı var. Bu böhrandan çıxış yolu ancaq islahatların aparılması, Avropa İttifaqı, demokratik dövlətlərlə intensiv və aktiv münasibətlərdə olmaqdır, bu çağırışlar var. Ona görə də hesab edirəm ki, iki tərəf üçün də ümumi bir platforma mövcuddur.

Sual: Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ və Rusiyanın maraqları arasında oxşar və fərqli cəhətlər nədir?

Cavab: İş ondandır ki, bu ölkələr tərəfindən bütün dövrlərdə regionda maraqlarını təmin etmək üçün Dağlıq Qarabağ məsələsi istifadə olunur. Hər bir mərhələdə konfliktin bir məqsədi olub. Hesab edirəm ki, indi sonuncu mərhələdir. Sonuncu mərhələ ondan ibarətdir ki, regionun avtoritarizmdən demokratiyaya keçidi prosesi gedir. Dağlıq Qarabağ məsələsi burada birinci növbədə Qərb tərəfindən (ABŞ) daha çox təzyiq formasında istifadə olunur. ABŞ bundan Ermənistan və Azərbaycana demokratiyaya keçmələri üçün istifadə edir. Yəni, demokratik yolla və demokratik münasibətlərdə problemi həll etsinlər. Bunu təcrübə göstərir. Rusiya daha çox Qarabağ məsələsi ilə Azərbaycana təzyiq edir ki, iqtisadi maraqlarını təmin etsin, Rusiya mallarını Azərbaycanda satsın və Azərbaycan Rusiyaya investisiyalar yatırsın. Bu, daha çox iqtisadi maraqlardır. Müəyyən dərəcədə təhlükəsizlik maraqları da var. Bu da Azərbaycan ərazisinin Rusiyaya qarşı hansısa formada istifadə olunmaması, regionun Rusiyaya qarşı istifadə olunmamasıdır (Rusiyada qeyri-stabilliyin yaradılmasında istifadə olunmasın və s.). Yəni, Rusiyanın əsas maraqları budur. Amma bütövlükdə, hesab edirəm ki, tərəflər dərk edir ki, Qarabağ məsələsinin həlli artıq gündəmdədir və problemin həlli getdikcə yaxınlaşacaq.

Sual: Minsk Qrupunun həmsədr dövlətləri münaqişənin Madrid prinsipləri əsasında, Helsinki Yekun aktına uyğun dinc yolla, yəni Dağlıq Qarabağda referendum keçirməklə nizamlanmasını istəyir. Bu, Azərbaycanın müstəqilliyi və suverenliyi prinsiplərinə nə qədər uyğundur?

Cavab: Minsk Qrupu yaranan gündən bu problemin sülh yolu ilə həlli həmişə prioritet olub. Heç nə dəyişməyib. Azərbaycan bunu qəbul edib və Ermənistan da bunu bəyan edir. Amma fərqlər var, Azərbaycan hər dəfə kompromis yollar təklif edir, Ermənistan tərəfi isə ancaq bir mövqedədir- Dağlıq Qarabağın müstəqilliyi və ondan başqa heç nə. Ermənistan tərəfinin münasibəti və mövqeyi destruktivdir. Bunu həmsədrlər də başa düşürlər. Ona görə də Azərbaycan tərəfi gücdən istifadə edir və bu, apreldə olub. Yenə bəyan edir ki, gücdən istifadə edə bilər. Hesab edirəm ki, bu, həmsədrlər tərəfindən müəyyən dərəcədə başadüşüləndir. Çünki erməni tərəfini kompromisə gətirmək üçün ona qarşı tərəfin güclü olmasını sübut etmək lazımdır. Bu, çox vacib amildir. Çünki Ermənistan hesab edir ki, Qarabağı və ətraf rayonları müharibə yolu ilə əldə edib, onlar heç vaxt məğlub ola bilməzlər, istəsələr Azərbaycanı məğlub edərlər. Ona görə də bu mövqe onlara hansısa bir kompromisə getməyə imkan vermir. Gücün göstərilməsi kompromisə getmək şanslarını daha da çoxaldır. Hesab edirəm ki, bunu təkcə Azərbaycan yox, həmsədrlər də başa düşürlər. Aprel olaylarında həmsədrlər bu məsələyə qarışmadılar. İmkan verdilər ki, Azərbaycan öz gücünü nümayiş etdirsin.

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az