Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Qubad İbadoğlu: İlin sonunda valyuta bazarında gərginlik gözləyirik
ÇƏTİN SUAL 


2017 Avqust 02 ( Çərşənbə )  16:49:58
Çap versiyası
English Русский 

İqtisad elmləri doktoru Qubad İbadoğlu Turan agentliyinin "Çətin sual" proqramına ölkə iqtisadiyyatında və maliyyə bazarında son durumdan danışıb.

- Hazırda ölkə iqtisadiyyatında tendensiya necədir? Hökumət iqtisadiyyatın inkişaf etdiyini bildirsə də müxalifət iqtisadiyyatın çöküşündən danışır. Siz necə düşünürsünüz?

- Azərbaycan iqtisadiyyatı artıq bir neçə ildir ki, kiçilir. Bu kiçilməni əsas xarakterizə edən göstəricilər milli gəlirin azalmasıdır, adambaşına düşən milli gəlirin səviyyəsinin aşağı düşməsidir. Büdcənin həm xərclərinin, həm də gəlir hissəsinin əvvəlki illərlə müqayisədə xeyli kiçilməsindən söhbət gedir. Bütövlükdə götürəndə Azərbaycan iqtisadiyyatı miqyas baxımından kiçilmək durumundadır. Bu, davamlı olaraq artıq illərdir ki, müşahidə olunur. Azərbaycan iqtisadiyyatında başqa bir tendensiya (bu, çox əhəmiyyətli bir məsələdir) - artıq ikinci ildir ki, ölkədə ikirəqəmli infilyasiyanın mövcud olması tendensiyası var. Bu o deməkdir ki, istehlakçıların xərcləri durmadan davamlı şəkildə artır. Diqqəti cəlb edən başqa bir tendensiya (bu da çox əhəmiyyətli məsələdir) iqtisadiyyatın kiçilməsini təmin edən əsas məqamlardan biridir. Çünki ümumdaxili məhsulun tənəzzülü də artıq ikinci ildir ki, müşahidə edilməkdədir. Yəni, əvvəlki ildən sonra gözlənilirdi ki, bu il müəyyən bir iqtisadi artım olacaq, pozitiv dəyişiklik olacaq. Amma təəssüflər olsun ki, bu ilin birinci yarısında iqtisadiyyat daha 1,3 faiz kiçilib. Yəni, əsas qərarlaşmış tendensiyaları bütövlükdə götürəndə sosial vəziyyətə təsir göstərir. İlk növbədə hesab edirəm ki, iş yerlərinin bağlanması, işsizliyin artması bu gün iqtisadiyyatda diqqəti cəlb edən əsas məsələlərdən biridir. Bu, əhalinin, istehlakçıların davranışına təsir göstərir. Böyük alış-verişlər demək olar ki, dayanıb. Əvvəlki kimi daha çox mebel satan sahibkara rast gəlmək mümkün deyil. Avtomobillərin idxalı aşağı düşüb. Bahalı avtomobillərin ölkəyə gətirilməsi daha böyük xərc tələb edir. Eyni zamanda, əhalinin əsas istehlak xərcləri demək olar ki, ərzaq məhsullarının alışından ibarət olub. Bu da ailə büdcəsinin strukturunda, isehlakçıların davranışlarında dəyişikliklərə gətirib çıxarıb. Yığımlar azalıb. Əmanətlərin həcmi əvvəlki illə müqayisədə bu ilin altı ayında 9,5 faiz aşağı düşüb. Bu tendensiya ötən ildən başlayıb. Kredit qoyuluşları aşağı düşməkdədır. İşgüzar aktivlik pişləşir, iqtisadiyyatda əsaslı kapital qoyuluşunun da iki ildir azalmasını müşahidə edirik.

- Benzinin qiymətinin qaldırılması digər mal və xidmətlərin qiymətlərinə necə təsir edib?

- İndiki vəziyyətdə bu qiymətin təsir imkanlarını dəyərləndirmək, eyni zamanda, təsir dərcəsini ölçmək o qədər də asan deyil. Çünki benzinin qiymətinin bahalaşmasından cəmi 15 gün keçib. Hesab edirəm ki, qiymət bahalaşması öz-özlüyündə üç fazada digər qiymətlərə təsir göstərmək imkanlarına malikdir. Birinci, benzin və digər neft məhsullarının, yəni, bir növ alternativ məhsulların qiymətinin bahalaşması - yəqin ki, bu, hələ baş verməyib - amma kənd təsərrüfatı mövsümü başa çatandan sonra dizel yanacağı və digər neft məhsullarının qiymətinin bahalaşmasının şahidi olacağıq. İkinci fazada benzin və digər neft məhsullarını əsas məsrəf elementi kimi istifadə edən xidmət və istehsal sektorunda qiymətin bahalaşması olacaq. Yəni, bu da daha çox nəqliyyatda sərnişin, yük daşınması və digər istiqamətlərdə məsrəflərin artması, əlavə xərclərin yaranması, qiymət artmasına gətirib çıxarır. Eyni zamanda, xidmətlərin göstərilməsi - taksi və digər məsələlərlə əlaqədar xidmətlərin göstərilməsində bahalaşma müşahidə olunur. Amma əsas bahalaşmanın təsir imkanları - bazarların qarşılıqlı fəlaiyyəti qanununa əsasən - digər bazarlarda da müşahidə edilməkdədir. Ərzaq, kənd təsərrüfatı məhsullarının, meyvə-tərəvəzin (baxmayaraq ki, mövsüm dövrüdür) qiymətləri hələ biz gözlədiyimiz səviyyədə ucuzlaşmayıb. Əksinə, bu ilin qiymətləri əvvəlki ilin qiymətləri ilə müqayisədə daha yüksəkdir. İnflyasiya faizinin də benzinin qiyməti bahalaşmadan əvvəl 13, 9 faiz olmasının (baxmayaraq ki, biz o rəqəmlə razılaşmırıq) özü də yüksək göstəricidir. Hesab edirəm ki, bu, daha çox həm də ərzaq məhsullarının qiymətində maddiləşəcək.

- Valyuta bazarındakı mövcud durum iqtisadiyyata necə təsir edir? Hökumət maliyyə bazarında sabitliyin yaranması ilə bağlı uçot dərəcəsini dəyişməyib. Siz necə düşünürsünüz?

- Sabitlik var. Yəni, bu, nisbi sabitlik adlandırıla bilər. Dayanıqlı sabitlikdən danışmaq hələ tezdir. Bu qısa bir müddətdə müşahidə olunur. Sabitliyi yaradan əsas amillərdən biri ondan ibarətdir ki, dünya bazarında neftin qiyməti bu ilin altı ayında əvvəlki ilin altı ayı ilə müqayisədə nisbətən yüksək olub. Eyni zamanda, Azərbaycanın ixracatının həcmində biz ciddi azalmanı müşahidə etmədik. Bütövlükdə götürəndə xarici ticarət dövriyyəsində 1,8 milyard dollarlıq müsbət saldo yaranıb. Müsbət saldonun yaranması həm də imkan verib ki, tədiyə balansının cari hesablar planında da əvvəlki illə müqayisədə daha çox müsbət saldo əldə edək. Bu da əhəmiyyətli məsələlərdən biridir. Təbii ki, turizm sektorunda canlanmanın olduğu inkar edilmir. Ölkəyə turistlərin gəlməsi və onların ölkənin daxili bazarında vəsait xərcləməsi də valyuta bazarında müəyyən sabitləşdirici elementlərdən sayıla bilər. Amma bütövlükdə götürəndə bu, davamlı və dayanıqlı deyil. Çünki bir tərəfdən, valyuta bazarında təklif istiqamətində müəyyən müsbət pozitiv dəyişikliklər var. Amma tələb baxımından əksinə, işlər neqativdir. Tələb nədən ibarətdir? Dövlətin, şirkətlərin, bankların borcları artır. Bu baxımdan da demək olar ki, ilin sonunda yenə də valyuta bazarında gərginlik gözləyirik.

- İqtisadiyyatda və maliyyə bazarında durumun yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır?

- Bir sıra qərarlar verilib. "Strateji Yol Xəritəsi" qəbul edilib. Eyni zamanda, yeni-yeni fərmanlar imzalanıb. Düşünürəm ki, bu sənədlərdə kifayət qədər rasional ideyalar var. Sadəcə, bu günlər Azərbaycanda onların reallaşması istiqamətində problemlər var. Məsələn, Maliyyə Şurasına tapşırılıb ki, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin yuxarı həddini tənzimləmək üçün altı ay ərzində fiskal qaydaları hazırlasın. Prezident tətbiq üçün onu imzalamalıdır. Artıq ona hüquqi qüvvə verilməlidir. Amma bundan altı ay müddət keçib hələ də ortada sənəd yoxdur. Məsələn, icazələrlə bağlı portal yaradılmalıdır, o, da yoxdur. Qeyd etmək istəyirəm ki, bu gün əsas məsələlərdən biri fərmanların, qərarların həyata keçirilməsi istiqamətində tənzimləyici və məsuliyyətli orqanların, müəyyən səlahiyyət sahibi olan dövlət təşkilatlarının öz vəzifələrini düzgün, vaxtında yerinə yetirmələrindən ibarətdir. Bunun üçün də qanunun, hüququn aliliyi olmalıdır, eyni zamanda ən vacib məsələlərdən biri ölkədə hüquq və məhkəmə sisteminin müstəqilliyi olmalıdır. Bununla biz iqtisadiyyatda dəyişiklikləri praktiki müstəvidə təmin edə bilərik.

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az