Aslan İsmayılov: �Vəzifəli şəxslərin gəlir bəyannaməsi elan edilsə korrupsiya azalar�

"Viza" hüquq firmasının rəhbəri Turan-a müsahibəsində korrupsiyaya qarşı mübarizədən və mövcud durumdan çıxış yollarından danışıb.

Sual: Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri korrupsiyanın səviyyəsinin azaldılması üçün bəs edirmi?

Cavab: Xeyr. Bu günə qədər mətbuatda gedən məlumatlar, guya görülən tədbirlər onu göstərir ki, bunların hamısı dekorasiya xarakteri daşıyır. Bu tədbirlərin heç biri korrupsiya ilə bağlı köklü mübarizə aparmaq məqsədi daşımır.

Sual: Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə qanun və milli fəaliyyət planı qəbul edilib. Bu sənədlərin icra vəziyyətini necə qiymətləndirirsiniz?

Cavab: Tək korrupsiyaya qarşı mübarizə qanunu, yaxud milli fəaliyyət planı yox, Azərbaycanda ilk dəfə korrupsiyaya qarşı mübarizə komissiyası da yaradılıb. Onun haqqında qanun qəbul edilib və onun ətrafında böyük bir ajiotaj yaradılıb. Sonra baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılıb. O da ara-sıra məlumatlar dərc edir. Elə sonuncu məlumatı o olub ki, Azərbaycanda kənd rayonlarının birində kənd təsərrüfatı üçün ayrılmış maliyyədən yeyintilər aşkar edilib. Azərbaycanda rayonda elə də kənd təsərrüfatı yoxdur, ona ayrılan maliyyə də böyük deyil. Yəni, ona ayrılan maliyyə 100-200 min civarındadır. Amma hamımız gözəl bilirik ki, bu yaxınlarda baş vermiş hadisədə qaçqınkomun sədri Əli Həsənovun nəvəsinin maşınları bir neçə milyondur. Qaçqınkomda baş verən yeyintilər isə 100 milyonlarladır. Əgər o korrupsiya komissiyası mübarizə aparırdısa Bakının mərkəzində qaçqınkomu qoyub, niyə 10-20 minin dalınca kənd rayonuna gedir? Bu, hamısı gözə kül üfürməkdir.

Sual: Azərbaycan prezidenti 12 il əvvəl Nazirlər Kabinetinə məmurların gəlirləri ilə bağlı bəyannamənin nümunəsinin hazırlanmasını tapşırıb. Lakin indiyədək Nazirlər Kabinetinin həmin nümunəni hazırlayıb-hazırlamaması barədə məlumat verilmir. Həm də məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilmir. Belə olan halda korrupsiyaya qarşı mübarizə tədbirləri nə qədər effektiv ola bilər?

Cavab: Əgər doğrudan da Azərbaycan hakimiyyəti korrupsiyaya qarşı mübarizə tədbiri görmək istəyirsə bu qədər sadaladığımın heç birinə ehtiyac yox idi. Sadəcə, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi, prezidentin imzaladığı 14 avqust 2005-ci ildə dərc olunduğu gündən qanuni qüvvəyə minmiş "Vəzifəli şəxslərin gəlir bəyannaməsinin elan edilməsi qaydaları" tətbiq olunsa əmin edirəm ki, onda deyə bilərik ki, korrupsiyaya qarşı mübarizə başladı. Əsas məsələ oradadır. Qalanı - bu günə qədər olanlar, elanlar, mətbuatda gedənlər, sərəncamlar, Prezident Aparatının çox gurultulu korrupsiyaya qarşı mübarizə bəyanatları, bir daha təkrar edirəm gözə kül üfürmək və baş qatmaqdır. Əgər doğrudan da mübarizəni istəyirlərsə 2005-ci il qanununu tətbiq etsinlər, vəzifəli şəxslər gəlir bəyannamalərini elan etsinlər. Əgər elan edərlərsə onda sizi əmin edirəm ki, Azərbaycanda bu qədər ifrat formada korrupsiya olmaz. Bu dəqiqə Azərbaycanda korrupsiya idarəetmə formasıdır.

Sual: Müəyyən vaxtlarda ayrı-ayrı məmurların övladlarının bahalı avtomobilləri və avtoqəzaları ilə bağlı məlumatlar dərc olunur. Bundan sonra valideynlər vəzifədən azad edilir və övladlar həbs olunur. Problemin ümumi köklü həllini nədə görürsünüz?

Cavab: Vəzifəli şəxslərin gəlirləri ilə bağlı qəbul olunmuş, qanuni qüvvəyə minmiş bəyannamə icra olunmalıdır. Əgər o, icra olunarsa əmin edirəm ki, bunların heç biri olmaz. Bunun icra olunmasında da bir problem var. Onu da gözəl anlayıram. Bu, hakimiyyətin özünə də lazımdır. Mənim kimi minlərlə insan var ki, ölkədə köklü dəyişiklik, korrupsiyanın kökünün kəsilməsini istəyir. Biz razıyıq, yuxarıdakılar bizim haqqımızı oğurlayıb, milyonlar, milyardlar yığıblar. Mən şəxsən razıyam ki, böyük maliyyə amnistiyası olunsun. Yəni, nə yığıblar hamısını sorğu-sualsız elan etsinlər, deyək, ölkə daxilində elan olunan əmlakın 10-20 faizi büdcəyə daxil edilsin. Faizlər aşağı da ola bilər. Ona görə ki, bu günlər hamımıza, həm bizim haqqımızı oğurlayanlara, həm biz haqqı oğurlananlara maliyyə amnistiyası lazımdır. Qoy, elan etsinlər, oğurladıqlarını gizlətməsinlər. Maliyyə amnistisiyası olarsa, xaricə daşınan oğurluq pullar da ölkəyə qayıdar. Sıfırdan başlasınlar. Mən razıyam, haqqımı oğurlayıblar. Mənə çatacaq pullar Ziya Məmmədovların, Əli Həsənovların tayfasındadır. Mən razıyam ki, maliyyə amnistiyası elan edilsin, sıfır nöqtəsindən başlansın.

Rəy yaz

Çətin sual

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti