Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Cavad Cavadov: Azərbaycanda məhbusların sayı kifayət qədər çoxdur
ÇƏTİN SUAL 


2017 Noyabr 01 ( Çərşənbə )  16:43:39
Çap versiyası
English Русский 

Vəkil Cavad Cavadov Turan-ın "Çətin sual" proqramına müsahibəsində Azərbaycanda məhbusların sayı, həbs qərarlarının artması və Avropa təcrübəsindən danışıb.

Sual: Azərbaycanda hər yüz min nəfərə neçə məhbus düşür? Bu rəqəmi Avropa ölkələri ilə müqayisə etmək mümkündürmü?

Cavab: Məhbusların sayı üzrə indeks ölkədəki məhbusların sayına görə yox, əhalinin hər yüz min nəfərinə düşən məhbusların sayına görə götürülür. 2016-ci ilin Azərbaycan üçün statistik rəqəmləri dəqiq bəllidir. 2016-cı ildə ölkədə 23 311 nəfər məhbus olub. Azərbaycanda əhalinin hər yüz min nəfərinə 239 məhbus düşüb. Bu rəqəmlərlə biz məhbus sayının çoxluğuna görə Avropada 5-ci, dünyada 12-ci yerdəyik. Ümumən baxanda bizdə məhbusların sayı kifayət qədər çoxdur. Bu rəqəmlər yüksəkdir. Müqayisə üçün deyək ki, Avropada birinci beşlikdəyik və 3-cü yerdə Türkiyədir. Türkiyə 2016-cı ildə 3-cü yeri tutub. Orada kütləvi həbslər 2016-cı ilin iyunundakı məlum hadisələrlə bağlı olub.

Sual: Son illərdə cəzaların yüngülləşdirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb. Bu sənədlər məhbusların sayının azalmasına kömək edirmi?

Cavab: Azərbaycanda ümumi məhkum olunan şəxslərə azadlıqdan məhrumetmə növündə təyin olunan cəzaların artma tendensiyası müşahidə olunur. 1993-cü ildən başlayaraq bu tendensiya artan xətt üzrə davam edir. Bu, kifayət qədər narahatedici rəqəmdir. Bu rəqəmləri müqayisə etmişəm. 1993-cü ildə ümumi məhkum olunan şəxslərin 38 faizi azadlıqdan məhrumetmə cəzasına məhkum olunubsa artıq 2016-cı ildə bu rəqəm 57 faizə çatıb. Bu, onunla bağlıdır ki, əvvəllər alternativ cəzalar daha çox təyin olunurdu və azadlığın məhdudlaşdırılması növündə cəza mövcud idi. Sonradan o cəza növü Cinayət Məcəlləsindən çıxarıldı. Bu yaxınlarda parlamentə təqdim olunmuş Cinayət Məcəlləsinin 300 maddəsinə olan dəyişikliklər artıq bundan sonra deməyə əsas var ki, məhbusların sayında ciddi azalma müşahidə olunacaq. Çünki orada alternativ cəzaların tətbiqi və yüngülləşdirmələr nəzərdə tutulur. Amma ümumən Azərbaycanda bu vəziyyətin yaranmasına səbəb həm də odur ki, məhkəməyə qədər təyin olunan həbs qətimkan tədbirləri geniş vüsət alıb. Yəni, məhkəmələr alternativ qətimkan tədbiri təyin etmirlər. Misal üçün, girov qətimkan tədbiri Azərbaycanda, ümumiyyətlə, tətbiq olunmur. Bu da istintaq, məhkəmə dövründə istintaq təcridxanalarının həddindən artıq dolması ilə nəticələnir. Müqayisə üçün deyək ki, qonşu Gürcüstanda Mixeil Saakaşvili 2004-cü ildə hakimiyyətə gəldikdən sonra Amerikada Anqlo-Sakson sistemində mövcud olan müdafiə tərəfi ilə ittiham tərəfinin anlaşma sistemini ilk olaraq qanunvericilik aktlarından biri kimi təqdim etdi. Bundan sonra azadlıqdan məhrumetmə növündə cəzalar deyil, ona alternativ cəzaların tətbiqi geniş vüsət aldı. Beləliklə, Gürcüstanda məhbusların sayı azalmağa başladı. Bizdə də yeni qanunvericilik aktı (Milli Məclis oktyabrın 31-də Cinayət Məcəlləsinə 300-dək dəyişikliyi nəzərdə tutan qanun qəbul edib-red.) qüvvəyə minəndən sonra şərtsiz olaraq məhbusların sayı azalacaq. Son illər bizdə tendensiya cinayət qanunvericiliyinin sərtləşməsinə doğru gedirdi. Bu axırıncı dəyişiklik də təbii ki, kifayət deyil. Amma yenə də sevindirici bir haldır ki, cinayət qanunvericiliyinin humanistləşdirilməsinə doğru müəyyən addım atılıb.

Sual: Dediyiniz kimi, bir sıra ölkələrdə ittiham tərəfi ilə günahlandırılan tərəf arasında məhkəməyədək razılaşma olur. Bununla da bir çox işlərin məhkəmə perspektivinə son qoyulur. Bu sahədə Azərbaycanda vəziyyət necədir?

Cavab: Bizdə təəssüf ki, belə bir institut yoxdur. Amma hətta qonşu Gürcüstanı qoyaq bir yana, Rusiyada da bu sistem var. Orada da ittiham tərəfi ilə müdafiə tərəfinin anlaşması institutu mövcuddur. Təbii ki, bizdə də bu institut tətbiq olunsa idi yaxşı olardı. Amma həmin institutun tətbiq olunması real olmalıdır, yəni, həqiqi olmalıdır. Bunun üçün ilk növbədə ədalətli hüquq- mühafizə sistemi qurulmalıdır və bu, görünüş üçün olmamalıdır. Həqiqi siyasi iradə tələb edən bir islahatdır. Bunun üçün ciddi siyasi iradə tələb olunur. Bu, Azərbaycanda həqiqətdə real olaraq tətbiq olunsa çox yaxşı hal olardı.

Sual: Azərbaycanda cəzaların yüngülləşdirilməsi, həbs qərarlarının azaldılması üçün hansı nəzəri və hüquqi addımlar atılmalıdır?

Cavab: İlk növbədə Cinayət Məcəlləsində cinayət hesab olunan bir çox maddələr dekriminallaşdırılmalıdır. Misal üçün, son illər biz gözləyirdik böhtan və təhqirə görə cinayət Cinayət Məcəlləsindən çıxarılacaq, ancaq buna əlavə tövsifedici əlamətlər əlavə olundu, cəzalar daha da sərtləşdirildi. Yaxud, dini ayinlərin icrası ilə bağlı 168.1-ci maddə əlavə olundu. Təbii ki, bu maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır. Bundan əlavə, vaxtından əvvəl həbsdən azad olunma institutu sadələşdirilməlidir. Bütün bunlardan əlavə, ilk növbədə əsassız cinayət məsuliyyətinə cəlbetmə halları aradan qaldırılmalıdır.

Sual: Bəs Andlılar Məhkəməsi?

Cavab: Andlılar Məhkəməsi Azərbaycanda mövcud olub. Lakin Cinayət- Prosessual Məcəlləsi 2000-ci ildə qəbul olunanda onun qüvvəsi dayandırılıb. Qonşu ölkələrdə Andlılar Məhkəməsi mövcuddur. Hətta yaxşı örnək olmayan Rusiyada bu institut var, işləyir. Amma Azərbaycan reallığında bu institutu inkişaf etdirmək istəmədilər. Yenə də bu institut həqiqi ədalət mühakiməsi çərçivəsində mövcud olsa kifayət qədər işlək bir qurum olar. -0--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az