Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Ələsgər Məmmədli: Hökumət doğruları eşitməkdən qorxur
ÇƏTİN SUAL 


2017 Noyabr 21 ( Çərşənbə axşamı )  17:17:47
Çap versiyası
English Русский 

Bakı/21.11.17/Turan: Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli "Amerikanın Səsi"nə müsahibəsində son günlər bir sıra saytlara girişin bloklanmasından, hökumətin mətbuat azadlığı ilə bağlı öhdəliklərindən danışıb.

Sual: Mətbuat Şurasının müraciətindən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan ərazisində bir sıra saytlara girişi bloklaması barədə mediada məlumatlar dərc edilib. Mətbuat Şurasının belə müraciəti və məhkəmənin qərarı olmadan saytların bloklanması nə dərəcədə qanunauyğundur?

Cavab: 2017-ci ilin mart ayından etibarən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik edildi, yeni bir fəsil əlavə olundu. Burada birbaşa məzmun baxımından texniki vasitələri əlində tutan tərəfə məzmuna görə müdaxilə etmək imkanı verildi. Əlbəttə, bu, legitim bir hüquqi tənzimləmə deyil. Bununla bağlı mediada məsələnin detallarından danışdıq. Bu işə Mətbuat Şurasının qarışması isə tamamilə başqa, yeni bir səhifə açır. Bu, qanunsuzluğa yeni bir pəncərə açır. Mətbuat Şurasının funksiyalarına baxdıqda, Mətbuat Şurasının özünün daxili nizamnaməsinə görə, bu, mətbuatdakı münasibətləri daxili tənzimləmə məsələləridir. Mətbuatın azadlığını, peşəkarlığını qorumaq məqsədi ilə fəaliyyət göstərə bilir. Bunun üçüncü bir tərəfə, hər hansı bir dövlət orqanına Mətbuat Şurasının üzvü olan bir tərəf barədə şikayət etməsi əslində Mətbuat Şurasının funksiyaları arasında deyil. Sadəcə, dövlət qurumlarına mətbuatın vəziyyətini yaxşılaşdıran müraciətlər edə bilər. Əgər hansısa üçüncü tərəflər öz hüquqlarının pozulduğunu mediada mübahisələndirirsə, Mətbuat Şurası onlara baxıb, bunun etik pozuntu olub-olmaması baxımından qərar verə bilər. Bu, etik tənzimləmə deyilsə, hüquqi tənzimləmədirsə, həmin qərarı istəyən tərəfə tövsiyə verə bilər ki, bu, artıq onun səlahiyyətində deyil, məhkəməyə müraciət etsin. İndiki halda Mətbuat Şurasının hansısa 10-12 saytla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şikayət etməsi və nazirliyin də heç bir məhkəmə qərarı olmadan və ya qabaqlayıcı tədbir kimi baş verən pozuntunu aradan qaldırmağın mümkün olub-olmamasını araşdırmadan blok qoyması düzgün deyil. Qanunvericiliyə görə, 8 saat müddətində həmin tərəfə məlumat verilməlidir, informasiyanın saytdan çıxarılması barədə xəbərdarlıq edilməlidir və həmin tərəf informasiyanı saytdan çıxara bilər. Belə xəbərdarlıq olmadan dərhal blok qoyulması qanunvericiliyin mövcud tənzimləməsini aşıb, tam özbaşına müdaxilə imkanı yaratması deməkdir.

Sual: Fikrinizcə, saytların bloklanması və ya jurnalistlərin həbsi yolu ilə mediada yalan və böhtan xarakterli məlumatların qarşısını almaq mümkündür? Beynəlxalq təcrübədə böhtan və təhqir xarakterli məlumatların qarşısının alınması üçün hansı üsullardan istifadə edilir?

Cavab: Birincisi, böhtan və təhqirlər birisinə görə böhtan, təhqirdirsə, başqa tərəf üçün sübut etmək yükü yaradır. Deməli, mediada böhtanın, təhqirin olmasını biz o zaman iddia edə bilərik ki, bunun barəsində məhkəmə qərarı var. Məhkəmə qərarı olmadan (qanunvericilikdə bunu xüsusi ittiham qaydasında tərəf irəli sürə bilər, Mətbuat Şurası nəyinsə böhtan olub-olmamasını kiminsə adından müəyyən edə bilməz) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi böhtana uğramış tərəf kimi mənim hüquqlarımı qoruya bilməz. Gərək hər hansı tərəf bunu xüsisi ittiham qaydasında qaldırsın. Böhtan məsələsini xüsusən ayırmaq lazımdır. Burada böhtan və təhqirdən danışmaq hüquq çərçivəsindən kənara çıxmaqdır. Qanunla yayılmasına yol verilməyən informasiyaların içərisinə dövlət sirri və yaxud terrorun təbliğini daxil etsəniz informasiyanın qabaqlanması dövlətin səlahiyyətidir. Amma böhtanın önlənməsi şəxsin özünün təşəbbüsü olmadan mümkün deyil. Bu baxımdan yanaşma, ümumiyyətlə, yanlışdır.

Beynəlxalq müstəvidə bu, necə tənzimlənir?

Bilirsiniz ki, buna görə kimi isə qorxutmaq, cəzalandırmaq, nəşri bağlamaq deyil, ictimai qınaqlarla, xüsusilə həmin media qurumuna ictimai etibarlılıq azaldığı zaman, o, özünün ictimai reputasiyasını korladığı zaman gəlirləri azalacaq, tirajı düşəcək. Beləliklə, o, təcrid olunacaq.

Ən yaxşı metod tənzimləmədir.

Sual: Bir neçə ay öncə Azadlıq Radiosu, Azadlıq qəzeti, "Meydan" televiziyası, "Azərbaycan saatı" proqramı və digər saytlara giriş bloklanıb. Bloklama yolu ilə saytlara girişin qarşısını almaq mümkündür?

Cavab: Qismən mümkün olub. Belə ki, kim ki, proksi proqramlarından, VPN-lərdən istifadə etmir, onların bu saytlara birbaşa girişi çətinləşib. Amma o kateqoriya ki, informasiyanı bu mənbədə doğru hesab edir və almaq istəyir, onların və istənilən digər şəxslərin qurğularının texniki imkanları yol verir ki, mobil telefona və ya kompüterə proksi və ya VPN yükləyərək həmin informasiyalara giriş əldə etsin. Yəni, bloklanma elə bir ciddi təsir etməyib. Yenə də onlar yayılır, yenə də onlar informasiyalarını paylaşır və digər resurslar onlara istinad edir.

Sual: Sizcə, hökuməti bu addımları atmağa vadar edən səbəb nədir?

Cavab: Hər şeydən öncə ifadə azadlığına dözümsüzlükdür. Təbii ki, bu, həm də alternativ məqamlarda hökumətin doğruları eşitməkdən qorxmasıdır. Xüsusilə, bağlanan saytların kateqoriyasına baxdıqda, onlar çox peşəkar, iş görə bilən və peşəkar informasiya yayan saytlardır, sırf dezinformasiya yayan, yaxud da konkret deyək, kimisə qaralayan saytlar deyil. Amerika Konqresinin maliyyələşdirdiyi "Azadlıq Radiosu"dur bağlanan, yaxud da "Azadlıq" qəzeti kimi (1989-cu ildən formalaşıb) Azərbaycan cəmiyyətində önəmli yer tutan bir qəzetdir. Yaxud da "Meydan" televiziyası son illər xüsusilə alternativ mənbə kimi informasiyada alternativliyi təmin edən tərəf kimi ciddi bir resursdur. Bunların bağlanması onu göstərir ki, saytlar daha çox doğruların eşidilməsindən qorxulduğu üçün bağlanır.

Sual: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Cavab: İlk növbədə hökumətin vəziyyətdən çıxış istəyi olmalıdır. Əgər bu, yoxdursa, qara lövhə daha da qaralacaq. İlk beş sayt bloklanandan sonra düşünmək olardı ki, bəlkə bu tendensiya dayanacaq. Bundan sonra daha 11 sayt bağlanırsa, bu, onu göstərir ki, hökumət daha vəziyyətdən çıxış yolu görmür. Vəziyyətdən çıxışı bir növ əmiranə metodlarla önləməyə çalışır. Amma müasir informasiya texnologiyalarında bu, bir yol deyil. Sosial şəbəkələrin bu qədər geniş yayıldığı və hər kəs tərəfindən istifadə olunduğu bir məqamda çıxış yolunu medianı azad buraxmaqda görürəm. -0--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az