Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Qulu Məhərrəmli: Jurnalistikanı təbliğat-təşviqata çevirmək yolverilməzdir
ÇƏTİN SUAL 


2017 Dekabr 26 ( Çərşənbə axşamı )  11:08:48
Çap versiyası
English Русский 

Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində ölkədə söz və media azadlığının durumundan danışıb.

Sual: 2017-ci ilin yekununda Azərbaycanda söz və mətbuat azadlığının durumunu necə xarakterizə edərdiniz? 2016-cı illə müqayisədə irəliləyişlər barədə düşünmək olarmı?

Cavab: Təəsüflə demək lazımdır ki, son illərdə söz və mətbuat azadlığında problemlər çoxalmağa meyllidir. O mənada hesab edirəm ki, 2017-ci ildə də söz və mətbuat azadlığı ilə bağlı bəzi ciddi problemlər oldu. Bu, birinci növbədə təkcə qəzetlərə, televiziyalara aid deyil. İnternet resursları sahəsində də bir sıra problemləır oldu. Bunlardan biri blogerlərlə bağlı idi. Hesab edirəm ki, yola saldığımız ildə Turan kimi informasiya agentliyinin rəhbəri Mehman Əliyev miqyaslı bir jurnalisti həbs etmək, özü də uydurma vergi ödəməmək bəhanəsi ilə həbs etmək, hər halda söz və mətbuat azadlığı ilə bağlı gedən tendensiyanın hansı istiqamətə yönəldiyini göstərir. Bu, çox pis hadisədir. Daha sonra bloger Mehman Hüseynovun həbsi - belə deyərdim ki, çox saxta ittihamla həbs olunması, guya polis haqqında uyğun olmayan informasiya verməsi - bunlar hamısı xoşagəlməz tendensiyalardır. Bunların hamısı istər-istəməz mətbuat azadlığı ilə bağlı düşüncələrdə çox ciddi bir məyusluq yaradır. Üzümüzə gələn ildə bu proseslər necə olacaq? Bunu deməyə adam çətinlik çəkir.

Sual: Dediyiniz kimi, bu il Azərbaycanda bir neçə jurnalist və bloger həbsə məhkum edilib. Bu həbslərin səbəbləri nədir və haradan qaynaqlanır?

Cavab: Media öz mahiyyətinə görə hakimiyyət üzərində cəmiyyət adından ictimai nəzarəti gerçəkləşdirir. Onun əsas missiyası nöqsanları tənqid etmək, cəmiyyətə hökumətin fəaliyyəti ilə bağlı doğru-dürüst məlumat verməkdir. Dediyiniz həbslərin də səbəbi buradan qaynaqlanır. Bir çox jurnalistlər, necə deyərlər, ipə-sapa yatmırlar, tənqidi materiallar verirlər. Məsələn, Mehman Hüseynov nə ediridi? O villaları çəkirdi, yəni, bir az yarıciddi, yarızarafat tonda, amma gerçəyi ifadə edirdi, mahiyyət etibarı ilə onun sualları bir çox adamları diksindiridi. Məsələn, bu miqyasda var-dövlət, sərvət haradandır? Yəni, cəmiyyətimizdə öz hüquqları uğrunda mübarizə aparmaq barədə düşünən insanlar sayca azdır. Buna görə də ipə-sapa yatmayan jurnalistlərin həbsi, əlbəttə, ciddi təəssüf doğurur. Məlum olur ki, hətta bu həbslər müəyyən məmurların iddiası ilə reallaşdırılır. Yəni, məlum olur ki, bəzən bir çox hallarda yüksək səviyyədə bu həbslər sanksiyalaşdırılmır. Yəni, bunlara razılıq verilmir. Və yaxud razılıq verilirsə, hansısa ziddiyyətlərin nəticəsində bu həbslər ortaya çıxır. Ona görə hesab edirəm ki, jurnalistlərə münasibətdə bu cür özbaşınalıq yolverilməzdir.

Sual: Bu il Azərbaycanda ilk dəfə rəsmi olaraq bir sıra saytların bloklanması baş verib və bu tendensiya davam edir. Münasibətiniz necədir?

Cavab: Məlumat mənbəyinə çıxışı bloklamaq, özü də bu nazirlik istədi, bunun iddiası ilə, o məmur istədi, onun istəyi ilə saytları bloklamaq olmaz. Başa düşmək lazımdır ki, İnternet bir civədir. Buna burada daxil olmaq mümkün deyilsə, başqa ölkələrdə o sayta daxil olub məlumatları oxumaq mümkündür. İkinci bir tərəfdən, axı o bloklar açılır və məlumatlar yayılır. Düzdür, böyük dairədə yayılmır, amma kodları sındırmaq və məlumatları yaymaq mümkündür. Hesab edirəm ki, bütün bunların hamısı mətbuat azadlığına damcı-damcı vurulan zərbələrdir. Nəhayət, mahiyyət etibarı ilə ortada tənqidçi media qurumlarının sayı azalıb. Amma tənqid nə deməkdir? Tənqid o deməkdir ki, biz nöqsanları görürük, tənqid edirik və bundan nəticə çıxarmalıyıq. Hesab edirəm ki, tənqidi yazan jurnalistlərin də müəyyən missiyası var. Bu da faktı çox doğru, dəqiq şəkildə işləməkdir. Məmurdur, dövlət büdcəsindən pul oğurlayırsa və yaxud ofşor zonalarına pullar ötürürsə, milyonlarla pullar gedirsə, təbii ki, jurnalistin bir işi də ona sual vermək və suala cavab istəməkdir. Belə sualların cavabı olmayanda, o jurnalistlərə təzyiq göstərmək və ya saytı bloklamaq hesab edirəm ki, yanlış addımdır.

Sual: 2018-ci ildə söz və media azadlığı sahəsində hansı islahatlara ehtiyac var?

Cavab: İslahat bir az geniş anlayışdır. Bayaq danışdığımız problemlər ki var, bu, məlumat mənbələrinə çıxışın məhdudluğudur, jurnalistlərin həbs olunmasıdır, onlara təzyiq göstərilməsidir, saytların bloklanmasıdır, bax, bu nöqsanları aradan qaldırsalar, bu nöqsanlara yol verməsələr, xüsusi bir islahata ehtiyac yoxdur. Jurnalistlərin ciddi köməyə ehtiyacı var. O kömək nədən ibarətdir? Məlumat mənbələrinə çıxış məhduddur, məmurlar müsahibələr vermir, dövlət qurumlarının mətbuat xidmətlərinin bir çoxu nazirliyi jurnalistlərdən qorumaqla məşğuldur, məlumat vermək əvəzinə onları müdafiə edir. Jurnalistlərin məlumat mənbəyi məhdud olanda şayiələr yaranır, ehtimallar, subyektivlik artır, qeyri- dəqiqlik çoxalır. Jurnalistlərin işləməsi üçün şəraitin yaradılması, onların hüquqlarının, vəzifələrinin gerçəkləşdirilməsi üçün minimum şəraitin yaradılması böyük bir islahata bərabərdir. Sadəcə, məmurlar başa düşməlidir ki, onların vəzifəsi dövlətin onlara etimad etdiyi işi görməkdir, jurnalistlərin də vəzifəsi, funksiyası, əsas missiyası məmurların gördüyü işi işıqlandırmaqdır, qüsur varsa onu tənqid etməkdir. Çünki tənqid cəmiyyəti irəli aparan bir sistemdir, bir yanaşma tərzidir. Bunlar yoxdursa, biz yalnız yaxşıları deyirik, onları həm də şişirdirik, jurnalistikanı öz hüdudlarından çıxarıb təbliğat-təşviqata çeviririksə, bu, yolverilməzdir. Jurnalistikanın fəlsəfəsi, mahiyyəti, missiyası tamamilə başqadır. Bizim qurmaq istədiyimiz demokratik cəmiyyətdə jurnalist azad, sərbəst, müstəqil işləməlidir. Onun məlumat mənbələri olmalıdır. Onun işləməsi üçün çox sərbəst şərait olmalıdır. Bunlar olmayanda, əlbəttə, jurnalıist küncə sıxışdırılır.-0--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az