Əfqan Muxtarlı

Əfqan Muxtarlı

Bakı/23.10.17/Turan: Oktyabrın 23-də Bakı Apellyasiya Məhkəməsi həbsdəki jurnalist Əfqan Muxtarlının şikayətini rədd edib. Bu haqda vəkil Zibeydə Sadıqova bildirib.

Vəkil bildirib ki, şikayət jurnalistin həbs müddətinin artırılmasından verilmişdi.

Z.Sadıqova deyir ki, Əfqan Muxtarlı da prosesdə çıxış edib: "Mənə qarşı istintaq təcridxanasında ayrı-seçkilik edirlər. Yaxınlarımla telefonla danışmaq hüququmu məhdudlaşdırıblar. Yaxınlarımla görüşməyə də icazə vermirlər. Bütün bunlar mənim əsassız həbs edilməyimi təsdiqləyir", vəkilin bildirdiyinə görə, Ə.Muxtarlı belə deyib.

Vəkilin sözlərinə görə, Ə.Muxtarlı sağlıq durumundakı problemlərdən də bəhs edərək, həbs müddətinin artırılması ilə bağlı qərarın ləğvini istəyib.

Vəkil bildirir ki, məhkəmə heyəti şikayəti rədd edərək, Nəsimi Rayon Məhkəməsinin jurnalistin həbs müddətinin dekabrın 20-dək artırmasına dair qərarını qüvvədə saxlayıb.

Z.Sadıqova məhkəmədən sonra qərarı qanunsuz saydıqlarını, yaxın günlərdə Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Xatırladaq ki, jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb, amma bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər. Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. -05B-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti