Təhsil metodlarının yaxşılaşdırılması haqqında beynəlxalq konfrans

Bakı/16.11.17/Turan: Cümə axşamı Avropa Azərbaycan Məktəbində "Learning to Learn" ("Öyrənməyi öyrənmək") mövzusunda beynəlxalq konfrans açılıb.

İkigünlük konfrans Müəllimlərin İnkişafı Mərkəzi (Azerbaijan Teacher Development Centre) və Avropa Azərbaycan Cəmiyyəti (The European Azerbaijan Society) tərəfindən təşkil olunub. Konfransın işində ölkənin müxtəlif orta və ali məktəblərinin müəllimləri iştirak edirlər.

Tədbiri açan Mərkəzin direktoru Qremi Pollok (Graeme Pollock) deyib ki, konfrans çərçivəsində Azərbaycan ali məktəblərinin müəllimlərinin bacarıqlarını inkişaf etdirmək, tələbələrin təhsil səviyyəsini artırmaq üçün konfransda səslənən fikirlərin və ideyaların təcrübədə tətbiqi məqsədilə müəllimlər üçün master-klaslar keçiriləcək.

O, təcrübəsi və bilikləri yerli auditoriya üçün faydalı olacaq üç əcnəbi novator-müəllimi təqdim edib.

Belə ki, Kanadalı müəllim Leyn Klark (Lane Clark) maraqlı təcrübəsini və metodikasını auditoriya ilə bölüşüb.

"Müəllimin əsas vəzifəsi şagirdi bilik almağa və bunun onun və ətrafındakıların həyatını necə yaxşılaşdıra biləcəyini dərk etməyə maraqlandırmaqdır. Şagird məlumat yığan maşın deyil, o, biliyin ona lazım və onun üçün faydalı olduğunu, bunun ona ətraf mühiti yaxşılaşdırmaq imkanı yaratdığını hiss etməlidir", deyə o bildirib.

Klark nəticə əldə etmək üçün müəllimin şəxsi keyfiyyətlərini xüsusilə vurğulayıb. Şagird və ya tələbə müəllimdə ona çətin məsələləri həll etməyə kömək edən şəxsiyyət görməlidir.

Tələbənin öz fikrinə malik olmaq hüququ, ətrafdakıların alternativ fikri, onun suallara cavab axtarmaq hüququ cəmiyyətin həyatını yaxşıya doğru dəyişdirməyə və ölkəni tərəqqiyə yönəltməyə qadir olan hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşmasının mütləq şərtidir, deyə o qeyd edib.

Britaniyalı müəllim Met Bromli (Matt Broemly) hesab edir ki, tədris prosesi əsasən onda oyun elementi olduqda daha da uğurlu olur. "Tədrisin kreativliyi, darıxdırıcı standartlardan uzaqlaşma, şagirdlərə liderlik keyfiyyətlərinin aşılanması bu günün əsas prioritetləridir", deyə o qeyd edib.

Konfransın işi davam etdirilir.

Qeyd edək ki, tədbirin əsas fikri şagirdlərə fikir azadlığı vermək, onları ideoloji çərçivələrlə məhdudlaşdırmamaq, onları hissiyyatsız məlumat yığan maşınlara çevirməmək çağırışı oldu. -02B-

Rəy yaz

Mədəniyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti