AXCP fəalı 15 günlük həbs olunub

Bakı/04.11.17/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Əhsən Abdullayev inzibati qaydada 15 gün müddətinə həbs olunub. Bu barədə Turan-a AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib.

Onun sözlərinə görə, Abdullayevdən üç gün idi ki, xəbər yox idi və yalnız noyabrın 12-də polis onun saxlanıldığını və inzibati qaydada 15 gün müddətinə həbs edildiyini təsdiq edib.

Hələlik onun konkret olaraq hansı qanun pozuntusunda ittiham olunduğu məlum deyil.

Amma, Məmmədlinin sözlərinə görə, partiya nümayəndələrinə həbsin səbəbinin internetdə sosial şəbəkələrdə "təhqiramiz statuslar yazması" olduğu bildirilib.

Maraqlıdır ki, Abdullayev Balaxanı istintaq təcridxanasında saxlanılır, baxmayaraq ki, inzibati qaydada həbs olunanları xüsusi olaraq bunun üçün nəzərdə tutulmuş Binəqədi təcridxanasında saxlayırlar.

Məmmədlinin sözlərinə görə, təkcə Milli Şuranın sentyabrın 23-də, oktyabrın 7-də və 28-də keçirdiyi aksiyalarda fəal iştiraka və sosial şəbəkələrdə fəallığa görə 500-dən çox insan polisə dəvət edilərək ya cərimə edilib, ya inzibati cəza alıb, ya da işdən çıxarılıb.

AXCP noyabrın 13-dən etibarən Abdullayevin hüquqi müdafiəsinə başlayacaq və həbsdən şikayət verəcək. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti