Əli İnsanov

Əli İnsanov

Bakı/14.11.17/Turan: Noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxış başlayıb. Dövlət ittihamçısı Rizvan Şəmmədov cinayət işinin çoxcildli olduğuna görə məhkəməyə hazırlaşmaq imkanının olmadığını bildirib və prosesin təxirə salınmasını xahiş edib.

Bu zaman İnsanovun vəkili Ağaveyis Şahverdi məhkəmə heyətindən kassasiya şikayhətinə baxılmasını xahiş edib. Onun fikrincə, kassasiya şikayətinin verilməsindən bir neçə ay keçib və prosesin təxirə salınmasına ehtiyac duymur.

Beləliklə, sədrlik edən Fərhad Kərimov prosesin qeyri-müəyyən vaxtadək təxirə salınması barədə qərar qəbul edib.

Vəkil məhkəmənin növbəti iclasının vaxtının təyin edilməsini xahiş edib. Lakin hakim heyəti vəkilin bu xahişini nəzərə almayıb.

"Növbəti məhkəmə iclasının vaxtı bugünki iclasda müəyyən edilməlidir. Yenə qeyri-müəyyən vaxt adı ilə kassasiya şikayətinə baxılmasını bir neçə ay uzatmaq istəyirsiniz", deyə o, narazılığını bildirib.

Vəkil Toğrul Babayev isə hesab edir ki, dövlət ittihamçısının dedikləri doğru deyil.

"Cinayət işi çoxcildli deyil. Cəmi üç cilddən ibarətdir. Əli İnsanov isə hər hansı ifadə verməyib. Orada cəmi bir neçə şəxsin ifadəsi var", deyə Babayev jurnalistlərə bildirib.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum edilib.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).

2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirə yeni həbs qərarı çıxarıb.

2017-ci il aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.

Keçmiş nazir Qaradağ rayon Məhkəməsinin hökmünü onun həbsdən buraxılmaması üçün "uydurulmuş ittihama verilən ədalətsiz hökm" adlandırıb.

"Onlara çatdırın ki, siz heç zaman dəmir barmaqlıqlar arxasında Əli İnsanovun kədərli heykəlini görməyəcəksiniz. Əli İnsanov mübarizə adamıdır, xalqının azadlığı və firəvanlığı uğrunda dəmir barmaqlıqlar arxasında da mübarizəsini aparacaq. Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Onu heç nə qorxutmur. Bu həbsi də iki prezident seçkisinə hesablamısınız", deyə İnsanov qeyd edib.

Bakı Apellyasiya Məhkəməsi 2017-ci il iyunun 22-də hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş səhiyyə nazirinin 7 il 5 gün azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin hökmündən verilən şikayəti təmin etməyib. Bundan sonra İnsanov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Vəkilin sözlərinə görə, kassasiya şikayətinə baxış üç aydan çox təxirə salındıqdan sonra İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət edərək süründürməçiliyə etirazını bildirib və bundən sonra məhkəmə noyabrın 14-nə təyin edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq, Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus" kimi tanıyıb.

Əli İnsanov bütün məhkəmələrində hazırki iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib. -03C-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti