Qarabağla bağlı təmkinlilik mexanizmi dekabrda formalaşacaq

Danışıqların gündəliyi haqqında rəsmi bəyanatlardan görünür ki, həmsədrlər XİN başçıları ilə 2017-ci ilin dekabrında Vyanada ATƏT Nazirlər Şurasının kuluarında beştərəfli formatlı birgə iclas hazırlanmasını müzakirə ediblər.

Qeyd edilirdi ki, bu iclasın gündəliyinə siyasi nizamlanma ilə bağlı əsas məsələlər, habelə təmas xəttində gərginliyin azaldılması üzrə konkret tədbirlər daxil olacaq. ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi aparatının fəaliyyətinin genişləndirilməsinin yekunlaşdırılmasına xüsusi diqqət yetiriləcək.

Demək olar ki, bu anonsun ilk hissəsi formal xarakter daşıyır, belə ki, tərəflər əyani danışıqlara hazır deyil. Moskva görüşlərinin formatı - Minsk üçlüyünün nazirlər Nalbandyan və Məmmədyarovla növbə ilə apardığı məsləhətləşmələr də bunu göstərir. Bu da nazirlərin vasitəçilərin iştirakı ilə öz aralarında müzakirə edəcəkləri bir mövzunun olmadığına dəlalət edir.

"Biz danışıqlar naminə danışıqlar aparmaq istəmirik, biz konkret nəticələr tələb edirik", deyə Məmmədyarov Moskva səfərindən əvvəl bildirib.

Prezidentlər Əliyev və Sarkisyanın ATƏT-in himayəsi altında keçirilən, Turan-ın Analitika Xidmətinin "növbətçi" görüş kimi səciyyələndirdiyi 16 oktyabr Cenevrə görüşünün xarakterindən də danışıqların bu vəziyyəti ortaya çıxır.

Bu görüşdə aydın olub ki, tərəflər iki beynəlxalq hüquq normasının - Azərbaycanın əsaslandığı dövlətin ərazi bütövlüyü normasının və Ermənistanın istinad etdiyi millətin öz müqəddəratını təyin etmək hüququ normasının güzəştli şəkildə yaxınlaşdırılması məsələsində bir addım belə irəliləyə bilməyiblər.

"İstəyirəm hamınız əmin olasınız: bizim üçün Qarabağın təhlükəsizliyini hansısa şəkildə poza biləcək heç bir həll yolu yoxdur. Bizim üçün yeganə həll Qarabağın Azərbaycandan ayrı olmasıdır. Heç vaxt heç bir erməni rəhbəri belə bir həlli qəbul edə və həyata keçirə bilməz və biz bunun üçün əlimizdən gələni edəcəyik", deyə Sarkisyan danışıqlardan dərhal sonra diaspora ilə keçirdiyi görüşdə bildirib.

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun öz dövründə, nə də ondan sonra gələcək şəxslərin dövründə həyata keçirilməyəcək", deyə prezident Əliyevin beynəlxalq məsələlər üzrə köməkçisi Novruz Məmmədov buna cavab olaraq KİV-ə bildirib.

Beləliklə, qarşıda duran Vyana iclasının əsas mövzusunun təmas xəttində gərginliyin azaldılması üzrə konkret tədbirlərin görülməsi məsələsinin və ilk növbədə, ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi aparatının fəaliyyətinin və səlahiyyətlərinin genişləndirilməsi prosesinin yekunlaşdırılması məsələsinin olacağı haqqında məntiqi nəticə çıxır.

Təmas xəttində insidentlərin araşdırılması üzrə ATƏT mexanizmlərinin tətbiq edilməsi və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin regional ofisinin səlahiyyətlərinin genişləndirilməsi haqqında razılaşmalar prezidentlərin 2016-cı il mayın 16-da Minsk Qrupunun himayəsi altında keçirilən Vyana görüşündə əldə olunub.

Bu təşəbbüs bir ay sonra prezidentlərin iyunun 20-də Sankt-Peterburqda Rusiya lideri Putinin vasitəçiliyi ilə keçirilən görüşündə möhkəmləndirilib.

Razılaşmaların əldə edilməsi faktı özü son aylar təmas xəttində gərginliyi bir qədər azaldıb, Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin hərbi məlumatları bunu təsdiq edir. Amma vasitəçilər işğal edilmiş Qarabağ regionunda ATƏT-in müşahidəçilik missiyasının gücləndirilməsi yolu ilə daha sabit nəticə əldə etməyə ümid edir.

Hazırki mərhələdə bu, 2018-ci ilin martında və oktyabrında Ermənistanda və Azərbaycanda keçiriləcək prezident seçkiləri fonunda ən aktual mövzu kimi görünür. Təcrübə göstərir ki, seçkilər illərində danışıqlar prosesi ikinci plana keçir, yerini namizədlərin seçkiqabağlı "Geriyə bir addım belə atılmayacaq!" hərbi ritorikasına verir. Bu ritorika yenilməz müharibə çağırışları sərhədində tarazlaşır. Tərəflərin artan hərbi potensial dərəcəsi artıq düşmən orduların təmas zonasında mövcud təhlükəsizlik sistemi çərçivəsinə sığmır, 2016-cı ilin aprelində və ondan sonrakı döyüş əməliyyatları bunu göstərdi. Bununla əlaqədar olaraq, ATƏT-in təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin regional ofisinin səlahiyyətlərinin genişləndirilməsi haqqında məsələlər prioritet olaraq qalır və 2017-ci ilin dekabrında ATƏT Nazirlər Şurasının kuluarında Vyana iclasında qəti şəkildə formalaşmalı olacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti