Vəkillər Kollegiyasına sədr və Rəyasət Heyəti üzvlərinin seçkisi

Bakı/07.12.17/Turan: Dekabrın 7-də Vəkillər Kollegiyasının konfransı keçiriləcək. Konfrans çərçivəsində bu qeyri-hökumət təşkilatına sədr, həmçinin Rəyasət Heyəti üzvlərinin yenidən seçilməsi gözlənilir. Bu barədə Turan-a Kollegiya üzvü Əkrəm Həsənov bildirib.

"Müşavirə bir neçə saat davam edəcək. Tədbirdə 116 vəkil qurumunun nümayəndələri iştirak edəcəklər. Yeni rəhbərlikdən böyük gözləntilər var. Çünki yeni ildən ancaq Kollegiya üzvləri məhkəmələrdə vətəndaşların maraqlarını müdafiə edə biləcəklər. Bununla əlaqədar gələn ildən Kollegiya üzvlərinin sayının artması gözlənilir. Yeni rəhbərlik bu istiqamətdə işi təmin etməlidir", - Ə.Həsənov bildirib.

Ə.Həsənov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri yerinə real namizəd kimi Anar Bağırovun adını çəkib. O qeyd edib ki, vəkillərin əksəriyyəti yeni rəhbərliklə bağlı seçimlərini müəyyən ediblər. Rəyasət Heyəti sədrinin və tərkibinin seçilməsi ilə yanaşı digər məsələlər də müzakirə ediləcək və onlarla bağlı qərarlar qəbul olunacaq.

Xatırladaq ki, Vəkillər Kollegiyasına tapşırılıb ki, "Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi ilə bağlı prezident İlham Əliyevin 2017-ci il 7 noyabr tarixlu sərəncamına uğun olaraq vəkillərin sayının artırılması tövsiyə edilib. Həmin vaxt "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər təsdiqlənib. Düzəlişlər nümayəndəlik institutunun peşəkar vəkillik institutu ilə əvəzlənməsini nəzərdə tutur.

Dəyişikliklər bu il dekabrın 1-dən qüvvəyə minir. Müstəqil hüquqşünasların fikrincə, nümayəndəlik institutunun ləğvi Vəkillər Kollegiyasının inhisarına, vətəndaş hüquqlarının pozulmasına, siyasi işləri aparan müstəqil hüquqşünaşlara qarşı təzyiqlərə səbəb olacaq. Sərf etməyən vəkili istənilən vaxt Kollegiyadan xaric etmək mümkün olacaq. Əgər qanun layihəsinin qəbulundan öncə bu qurumdan xaric edilənlər nümayəndə kimi hüquqi fəaliyyətlə məşğul ola bilirdilərsə, bu institutun ləğvi onları bu imkanlardan da məhrum edəcək.

Vərəndaşları məhkəmələrdə ancaq Vəkillər Kollegiyasının üzvləri təmsil edəcəklər. 10 milyon əhalisi olan ölkədə cəmi 905 vəkil var. Qanunlara dəyişikliklərin rəsmi səbəbi göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması, qeyri-peşəkarların bu sahədən uzaqlaşdırılmasıdır. "Dəyişikliklər və əlavələr ölkədəki mütərəqqi məhkəmə -hüquq islahatlarının davamıdır. Bu dəyişikliklər ölkədə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır.", - Kollegiyanın məlumatında deyilir.

Qeyd olunur ki, Kollegiya genişləndiriləcək və yaxın vaxtlarda üzvlüklə bağlı imtahanlar keçiriləcək. Ancaq məlumatlara görə, kvalifikasiya komissiyasının üzvləri (11 üzvdən 6-ı) dövlət orqanlarının işçiləri təyin edilib. Bu isə qurumun asılı olacağından xəbər verir. Müstəqil qəbul komissiyasında dövlət orqanlarının nümayəndələri olmamalıdır.-0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti