Son yenilənmə

(1 saat əvvəl)
Fərman Ceyranlı

Fərman Ceyranlı

Tbilisi Şəhər Məhkəməsində Azərbaycandan getmiş cərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi davam edir. Hazırda şahidlər dindirilir.

Məhkəmə prosesi haqda AzadlıqRadiosuna cərrahın qızı Lalə Hüseynli məlumat verib.

"Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edir. Hələ ki, məhkəmədə qarşı tərəfin şahidlərinin ifadəsi alınır", deyən L.Hüseynli istintaqda F.Ceyranlının əleyhinə yalan saydıqları ifadələrin olduğunu bildirib.

"Məhkəmədən öncə onun əleyhinə ifadə verənlər olub. Ancaq məhkəmə prosesi zamanı hər şey aydınlaşmaqdadır. İndiyədək ifadəsi alınan şahidlərdən heş kim F.Ceyranlının eleyhine ifadə verməyib".

Məhəmə prosesinin gedişindən narazılıqlarının olmadığını bildirən L.Hüseynli ədalətli nəticəyə ümid etdiklərini bildirib.

L.Hüseynli həbsdəki cərrahla hazırkı mərhələdə görüşə icazə verilmədiyini bildirib.

"Görüşlərə icazə yoxdur. Yalnız telefonla əlaqə saxlamağa icazə verilir. Ancaq telefon danışığına da ayda üç dəfə icazə verirlər", L.Hüseynli bildirib.

F.Ceyranlının məhkəmə prosesi sabah, dekabrın 7-si şahid ifadələri ilə davam edəcək.

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burda təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lanset" klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, Fərman Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki "Lancet"də müayinə və müalicəsinə şərait yaratması göstərilirdi.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti