Məhkəmə baş redaktorun iddiasını təmin etməyib

Bakı/22.12./Turan : Dekabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə infoaz.org saytının baş redaktoru Namiq Cəfərlinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxılıb.

Məhkəmə çəkişməsinə səbəb avqustun 18-dən Azərbaycan ərazisində infoaz.org saytına girişin məhdudlaşdırılmasıdır. N.Cəfərli rəhbərlik etdiyi İnternet resursuna girişin bloklanmasına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini ittiham edir. Amma dekabrın 22-də məhkəmədə cavabdehin nümayəndəsi deyib ki, sayta girişin məhdudlaşmasında təmsil etdiyi nazirliyin heç bir rolu yoxdur. Nümayəndə bildirib ki, nazirlik hansısa müraciət əsasında İnternet resurslarını bloklaya bilər. Amma infoaz.org saytı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə nə hansısa müraciət daxil olub, nə də bu qurum öz təşəbbüsü ilə hansısa tədbir görüb.

Hakim qısa müşavirədən sonra iddianın təmin olunmadığını açıqlayıb.

Baş redaktor bildirib ki, qərardan apellyasiya şikayəti verəcək. Paralel olaraq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə də müraciət edəcək.

"Əgər deyildiyi kimi, həqiqətən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bizim saytın bloklanmasında rolu yoxdursa, belə çıxır ki, ortada kibercinayətkarlıq faktı var. Ümid edirəm ki, hüquq-mühafizə orqanları bu faktı araşdıracaq. Hərçənd, mən nazirliyin nümayəndəsinin sözlərinə də tam güvənmirəm", - baş redaktor bildirib.

İddiaçının vəkili Zibeydə Sadıqova da qərardan narazı qaldığını söyləyir. Yada salır ki, məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə ölkədəki bir sıra saytlara, o cümlədən "Azadlıq" radiosunun, "Azadlıq" qəzetinin, "Meydan TV"nin İnternet səhifələrinə ölkə ərazisindən giriş məhdudlaşdırılıb.

Adları çəkilən saytlara giriş bu ilin martından məhdudlaşdırılıb və mayda məhkəmədə bəlli olub ki, nazirlik bunu Baş Prokurorluğun təqdimatı əsasında edib. Mayda beş saytın bloklanması haqda Səbayel Rayon Məhkəməsi qərar çıxarıb və dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Bu qərar həmin saytların dövlətin konstitusion quruluşunu dəyişməyə, zorakılığa, etnik nifrətə çağırışa səsləyən yazılarla izah edilsə də iddiada konkret nümunələr göstərilməyib. "Azadlıq" radiosunun rəhbərliyi bu iddiaları rədd edib.-0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti