Media-icmal, 23 dekabr, 2017-ci il

İlham Əliyevin siyasi fəaliyyəti, sığorta bazarının problemləri, intiharların artması bugünki medianın (23 dekabr, 2017-ci il) aparıcı mövuzlarındandır...

Müstəqilliyin təminatçısı

"Azərbaycan" qəzeti "Müstəqilliyin, güclü dövlətçiliyin və inkişafın təminatçısı" (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=136655) sərlövəhli məqalədə dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətini dəyərləndirir.

Qəzet deputat Cavid Osmanovun düşüncələrinə yer verib. Dekabrın 24-ü dövlət başçısı İlham Əliyevin ad günüdür və bu məqalə qəzetdə bu münasibətlə yer alan məqalərlədən biridir.

Müəllif deyir ki, müasir Azərbaycanın inkişafı, yüksəlişi, beynəlxalq arealda qazandığı uğurlar Heydər Əliyevin adına bağlıdır: "Ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanını əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır".

Müəllif deyir ki, H.Əliyev yalnız Azərbaycanın inkişaf strategiyasının möhkəm təməlini qoymayıb, həm də hazırkı prezident İlham Əliyev kimi davamçısını yetirib.

Müəllif vurğulayır ki, Azərbaycan xalqı ilk dəfə 2003-cü ildə İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə səs verib.

Müəllif İ.Əliyevin prezidentliyi dövründə neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsini xatırladır.

Müəllif bu sıraya "Ümid", "Abşeron" kimi perspektivli qaz yataqlarının kəşfini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, "Cənub qaz dəhlizi"nin çəkilişiini də əlavə edir.

Yazıda Azərbaycanın MDB və Avropa məkanında müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biri olduğu və buna görə dünya birliyində önəminin daha da artdığı yada salınır.

Müəllif deyir ki, 2003-2017-ci illərin reallıqları deməyə əsas verir ki, Prezident İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edib.

Müəllifə görə, fəxr ediləsi odur ki, Prezident İlham Əliyev dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunur, qətiyyəti, diplomatik məharəti, onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb.

Sığorta dələduzluğu

"Exo" qəzetində isə "Azərbaycanın sığorta bazarının durumu şox ağırdır" (http://ru.echo.az/?p=65846) sərlövhəli məqalə oxumaq olar.

Müəllif sığorta bazarında ağır durum yaranmasının səbəbini bu sahə üzrə ekspert Adil Aslanovla araşdırır.

"Azərbaycanın sığorta bazarının durumu olduqca ağırdır, şirkətlərin icarə yığım həcmi getdikcə azalır. Əhalidə sığorta üçün ödəməyə "artıq" pul yoxdur ki, könüllü ödəniş edə bilsin". A.Aslanov ölkənin sığorta bazarında ümumi durumu belə dəyərləndirir.

Ekspert deyir ki, son illər ölkənin sığorta bazarında artım sürəti ciddi şəkildə ləngiyir, icarə yığımlarının azalması isə ilkin olaraq orta və kiçik icarə şirkətlərini sıradan çıxarır və bu ləngimənin səbəblərini izah edir: "Manatın devalvasiyası və əhalinin alıcılıq qabiliyyətinin azalması amillərindən əlavə, bəzi sığorta şirkətlərinin öz işinə məsuliyyətsiz yanaşması da işə mənfi təsir göstərir. Vətəndaşların sığorta şirkətlərinə etimadsızlığı peşəkar dələduzluqla bağlıdır, belə ki, bəzi sığortaçılar qanunsuz ödənişlərə əl atırlar".

A.Aslanov deyir ki, sığorta olunanların hüquqları kifayət qədər qorunmur və bu sahədə dələduzluq hələ də qalmaqda davam edir.

Ekspert sığorta bazarında müəyyən irəliləyiş olduğunu desə də, bütünlükdə bu sahədə vəziyyətin ağır olaraq qaldığını bildirir: "Bu bazarın əmlak sığorta şirkətləri böhran içindədir. Vətəndaşlar içində daşınmaz əmlakı könüllü olaraq sığorta etdirən azdır. Qanunvericiliyə görə, sığorta məcburi olsa da, qanun işləmir, tək-tük vətəndaşlar hər il sığorta sənədləri almaq üçün müraciət edir".

Ekspert bu bazarda müsbət tendensiya olmasını şərtlərə bağlayaraq deyir ki, qarşıdakı 2018-ci ildə ölkədə iqtisadi durum yaxşılaşsa, əhalinin gəlirləri artsa, o zaman sığorta bazarında da müsbət nəticələr ola bilər: "2018-ci ildə müsbət meyl ancaq bu iki amilə bağlıdır, hazırda isə ölkə vətəndaşlarının həyatında sığorta işi ən aşağı pillələrdən birini tutur. İndi isə əhalinin daha çox yeməyə,zəruri məhsullara pul tapmaq qayğısı var.Bu sahədə isə insanları özlərindən, daşınmaz əmlakdan daha çox avtomobilini sığorta etdirmək düşündürür".

Ekspert daha mühüm bir məqama toxunaraq araşdırmalara istinadən deyir ki, ölkə insanları ən az sağlamlıqlarının qeydinə qalırlar və ancaq artıq pulları olduqda sığorta işinə müraciət edirlər.

A.Aslanov deyir ki, məcburi sığorta sistemi genişləndiyi halda bu bazar da inkişaf edə bilər, hələ ki, bu istiqamətdə elə bir yenilik yoxdur.

Azalmayan intiharların səbəbləri

"Novoye Vremya" qəzetində isə "İntihara qarşı necə dayanaq?" sərlövhəli məqalə oxumaq olar. (http://novoye-vremya.com/w115471/.../#.Wj1Ufd9l_IU).

Müəllif rəsmi orqanların etiraf etməməsinə baxmayaraq, intiharın artıq Azərbaycanda dövlət səviyyəsində problemə döndüyünü deyir və bunu etiraf erməməyi çııxş yolu saymır.

Müəllif bu günlərdə Göyçay rayonunda 9 saylı şəhər məkətbinin direktoru Akif Qəribvoun intihara cəhd etməsini və intihara cəhdlə bağlı daha bir neçə faktı yada salır.

Yazı müəllifinə görə, bu intiharların səbəbləri korrupsiya və mənzil söküntüsünə görə verilən kompensasiyalarla bağlıdır: "Bir çox intiharlar bu faktlar üzündən baş verib. Korrupsiya, məmur özbaşınalığı, dövlət institutları və məhkəmələrdə ədalətə nail ola bilməmək insanları bu dərəcəyə çatdırır".

Müəllif evlərin söküntüsü zamanı tikinti şirkətləri, yerli hakimiyyət təmsilçilərinin özlərini amiranə aparmalarının heç kəsə sirr olmadığını, bu özbaşınalıqların insult, infarkt və s. xəstəliklərin yaranmasına gətirdiyini deyir.

Müəllif vurğulayır ki, məmur vətəndaşı alçaldır, bütün instansiyalar məmuru haqlı sayır, o zaman bir çox insanlar təhqirlərə dözməyərək həyatına intiharla son qoyur:

"Sosial təminatsızlıq da bir sıra intiharlara səbəb olur və heç də çox uzaqda olmayan "kredit intiharları" terminin yaranması bunun sübutudur. Kredit borclarına görə, bankların mənəvi və fiziki təzyiqlərinə davam gətirməyən insanlar çıxış yollarını intiharda görürdülər, odur ki, vaxtı keçmiş kreditlər problemi intihar problemilə birbaşa bağlıdır", deyə müəllif intiharlara daha bir səbəb göstərir.

Müəllif hesab edir ki, ölkədə işsizlik, əhalinin gəlirlərinin azalması, məmurlara etimadsızlıq, sabaha inamın olmaması ilə müşaiyət edilən iqtisadi böhranın intihar hallarının artmasına təsiri şübhəsizdir və burada yeganə çıxış yolu sosial təminatın təmin edilməsindədir.

Müəllif intiharlarla bağlı məmurların başqa ölkələrdə də intihar olmasına istinad etmələrini doğru saymır: "Neçə illərdir ki, məmurlar məhz elə mövqe ifadə edirlər, vəziyyət isə get gedə pisləşir, elə bir miqyas alıb ki, pensiyaçı da, fəhlə də, pedaqoq da, tibb işçisi də, ən faciəli, gənclər də buna əl atır".

Müəllifə görə, yeniyetmələr arasında intihar rekord "qırır", 2016-cı il və 2017-ci ilin əvvəli tədris müəssisələrində intiharlar seriyası baş verdi və bu, bütün cəmiyyətə şok yaşatdı.

Müəllif hesab edir ki, bütün dövlət qurumları məsuliyyətini dərk edərək bundan nəticə çıxarmalıdır, onsuz da bununla bağlı çox zaman itirilib.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti