Media icmal 27.12.17

İslam həmrəyliyində Azərbaycanın yeri, ölkədə yoxsulluğun səviyyəsi, islahat sahəsində "axsama"lar bugünkü (27 dekabr 2017-ci il) medianın aparıcı mövzularındandır.

Həmrəyliyin Azərbaycan nümunəsi

"Azərbaycan" qəzeti "Həmrəyliyə çağırışın Azərbaycan nümunəsi" sərlövhəli məqalədə Azərbaycanın islam dünyası ilə münasibətlərini müzakirə edir.

Müəllifə görə, islam dünyası ilə sıx əməkdaşlıq Azərbaycan xarici siyasətinin prioritetidir, odur ki, ölkənin müsəlman dünyası ilə ikitərəfli siyasi-iqtisadi, mədəni münasibətlər qurması reallıqdır: "Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq son bir neçə ildə Azərbaycanın müsəlman dünyası ilə əlaqələri daha da möhkəmlənmiş, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoymuşdur".

Müəllif deyir ki, diqqəti cəlb edən əsas məqam isə Şərq dövlətləri ilə əlaqələrin genişləndirilməsidir, bunu isə prezident İlham Əliyevin təkcə bu ilin əvvəlindən Səudiyyə Ərəbistanı, Qətər, İran kimi ölkələrə səfərləri və digər bir neçə müsəlman ölkəsi rəhbərlərinin ölkəmizə gəlişi təsdiq edir.

Yazı müəllifi hazırda Yaxın Şərq regionundakı bir sıra islam dövlətləri daxilində nizamın pozulduğunu, müharibə və münaqişələrin davam etdiyini, məzhəb və fikir ayrılıqlarının daha da dərinləşdiyini bildirir və hesab edir ki, belə durumda islam dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir.

Müəllif deyir ki, bu mənada prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam həmrəyliyi ili" elan etməsi müsəlman birliyi üçün nümayiş etdirdiyi siyasi iradənin göstəricisidir. "Bu addım həm də bütün dünyaya müsəlman həmrəyliyinin Azərbaycanda dövlət siyasətinin prioritet olması, bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyması, islam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilməsi mesajıdır".

Müəllif deyir ki, buna görə də bütün il ərzində müxtəlif islam ölkələrində həmrəylik təbliğilə bağlı tədbirlər keçirildi və hər bir tədbir bu təşəbbüslər bütün islam aləmində dəstəkləndi.

Dekabrın 21-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş "2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransa 40-a yaxın ölkədən 150-dək nümayəndə, tanınmış dövlət, din və elm xadimlərinin qatılmasını isə müəllif Azərbaycanın təşəbbüsünə beynəlxalq səviyyədə maraq və dəstəyin bariz nümunəsi adlandırır.

Yoxsulluq meyarları düzgün ölçülsə...

"Azadlıqinfo.az" saytı "Beynəlxalq standartlara görə Azərbaycanda əhalinin əksəriyyəti yoxsuldur" sərlövhəli məqalədə iqtisadçı ekspert Rövşən Ağayevin düşüncələrinə yer verib.

R.Ağayev deyir ki, baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun "2020-ci ilədək Azərbaycanda bir nəfər də yoxsul qalmayacaq" açıqlaması "Azərbaycanda real yoxsulluq səviyyəsi necədir" sualını yenə də gündəmə gətirib.

Ekspert hesab edir ki, Azərbaycanda "gerçək yoxsul kimdir" sualına əslində doğru cavab verilməyib, odur ki, bu suala cavab dorğu olduqda elan edilən göstəricilər də obyektiv olacaq: "Bizdən fərqli olaraq Avropa ölkələrində yoxsulluğu istehlak xərclərinə əsaslanan mütləq yoxsulluq göstəricisindən daha çox, gəlirlərə əsaslanan nisbi göstəriciylə müəyyən etməyə üstünlük verirlər. Məsələn, bizdə ayda 155 manatdan az xərcləyən şəxs avtomatik yoxsul sayılır. Avropada isə 60%-dən az qazanan şəxs kasıblar qrupuna düşür".

R.Ağayev bildirir ki, Azərbaycanda yoxsulluq meyarını müəyyən edən təcrübəni tətbiq edən ölkələrdə bu ölçmənin natural tərəfləri də var. "Belə ki, Azərbaycan qanunvericiliyinə görə, il ərzində 33 kq. ət, 7.7 kq. balıq və balıq məhsulları, 38 kq. meyvə, 55 kq kartof yeməyə maddi imkanı olmayan şəxs yoxsuldur. Qazaxıstan hökumətinə görə, il ərzində 59 kq. ət, 18 kq. balıq və balıq məhsulları, 60 kq. meyvə, 100 kq. kartof yeməyə maddi imkanı olmayan yoxsul sayılır. Estoniya hökuməti isə hesab edir ki, il ərzində 50 kq. ət, 34 kq. balıq və balıq məhsulları, 97 kq. meyvə, 144 kq. kartof yeməyə maddi imkanı olmayanlar bu kateqoriyaya aiddirlər".

Ekspert vurğulayır ki, Estoniyada minimum ərzaq səbətinə bal, kofe, kakao kimi məhsullar da daxildir, halbuki, bu qidalar Azərbaycanda minimum ərzaq səbətinə daxil edilməyib.

R.Ağayev deyir ki, əlavə olaraq, Avropa Birliyinin statistika orqanları nisbi yoxsulluq səviyyəsi ilə yanaşı insanların yoxsulluq riski ilə üzləşmə səviyyəsini aşkarlamaq üçün də göstəricilərdən istifadə edir.

Ekspert xatırladır ki, buna görə də bu ölkələrdə "maddi məhrumiyyət" və "kəskin maddi məhrumiyyət"in statistikaları ayrıca aparılır.

İqtisadçı bildirir ki, kredit (ipoteka da daxil) və yə icarə haqqına, kommunal xidmətlərə görə ev təsərrüfatına borcu olan, ildə ən azı 1 dəfə evdən kənarda 1 həftə istirahət, həftədə 3 dəfə ət (yaxud toyuq, balıq və ya onların tərəvəz ekvivalenti) almaq, zəruri məişət əşyaları (telefon -mobil telefon da daxil, televizor, paltaryuyan, avtomobil) almaq imkanları olmayanlar artıq yoxsul yox, ondan da aşağı hədd hesab olunan "maddi məhrumiyyətə düçar olanlar" kateqoriyasına aid edilirlər.

Büdcəni doldurmaq "bahalığı" "Novoye-Vremya" qəzetində isə "Aksizlərin qiymətlərinin qaldırılması islahat deyil" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif ölkəyə ixal edilən bəzi məhsullarla bağlı aksizlərin qiymətlərinin bahalaşdırılmasının daxili bazarda da bahalığa səbəb olacağını deyir, bu sahədə idxal olunan benzin, şərab, siqaret məhsulları ilə bağlı aksizlərin qiymətlərinin qaldırılması xüsusi vurğulanır və yeni qiymətlərin 2018-ci il yanvarın 23-dən qüvvəyə minəcəyi xatırladılır.

Müəllif hesab edir ki, bu bahalaşma spirtli içki və siqaret istehlakında da bahalaşma yaradacaq.

Yazı müəllifi vurğulayır ki, idxal məhsullarına aksizlərin qiymətlərinin qaldırılması yaxşı meyl deyil və bunu ironiya ilə yeni il öncəsi rəsmi Bakının vətəndaşlara "sürprizi" adlandırır: "Pivə və digər spirtli içkilərə, tütün məmulatlarına aid aksizlərin bahalaşdırılması bu məhsulların bahalaşmasına səbəb olacaq, çünki ölkə vətəndaşları idxal olunan siqaret və içkilərə üstünlük verirlər".

Müəllif deyir ki, hətta ölkə daxilində istehsal edilən bəzi məhsulların da xammalı ölkəyə idxal yolu ilə gətirilir, odur ki, bundan istifadə edən inhisarçılar və möhtəkirlər istənilən əlverişli şəraitdə bu malların da qiymətlərini qaldıracaqlar.

Müəllif belə təhlükəli məqam gördüyünü bildirir ki, benzinə, siqaretə və spirtli içkilərə aid aksiz markaları qaldırılırsa, Aİ-92 markalı benzinin bahalaşa biləcəyi də inkaredilməz olacaq.

Yazı müəllifi həm də hesab edir ki, yeni il öncəsi aksizlərlə bağli bu qərar istehlak bazarında qarmaqarışıqlığa və qiymətlərin qaldırılmasına səbəb olacaq.

Müəllif bu düşüncədədir ki, indi istehlak bazarını "çalxalamağın" yeri deyildi, bu, birinci növbədə sıravi vətəndaşların "cib"lərinə zərbə olacaq.

Məqalə müəllifi deyir ki, haqqında çox danışılan islahatlar olmadan iqtisadiyyatı sağlamlaşdırmaq mümkün deyil, amma bunun yolu idxala aid aksizləri bahalaşdırmaqdan keçmir.

Müəllifə görə, hakimiyyət qeyri-neft sektorunun inkişafına yönələn antiböhran tədbirləri hazırlamayıb, islahatlar əvəzinə neftdən asılılıq artır.

Müəllif hesab edir ki, bəzi idxal məhsuallarına aid aksizlərin bahalaşdırılması ilə hökumət neftin indiki qiymətinə arxayın olaraq idxal məhsullarına aid aksizlərin qiymətlərini qaldırmaqla büdcəni doldurmaq məqsədi güdür, bu isə ölkə iqtisadiyyatının sonrakı tənəzzül mərhələsi deməkdir.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti