Media-icmal 29.12.17

Ölkədə qeyri-neft sektorunun inkişafı, evlərin sökülməsi zamanı əhalinin üzləşdiyi problemlər, ölkənin əsas problemlərinə iqtidarın baxışı bugünkü (29 dekabr, 2017-ci il) medianın aparıcı mövzularındandır.

Hədəf: İxracı iki dəfə artırmaq

"Azərbaycan" qəzeti "Hədəf kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artırmaqdır" sərlövhəli məqalədə ölkədə qeyri-neft sektorunun inkişafını dəyərləndirir.

Müəllif deyir ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələnin əsas mahiyyəti qeyri-neft sektorunun hesabına ölkənin gələcək inkişafına nail olmaqdır.

Müəllif əlavə edir ki, kənd təsərrüfatı isə qeyri-neft sektorunda xüsusi çəkiyə və əhəmiyyətə malikdir: "Bu da səbəbsiz deyil. İlk növbədə kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır. Son illər dünyada baş verən siyasi və iqtisadi proseslər göstərir ki, ərzaq təhlükəsizliyinin təminatı strateji xarakter daşıyır".

Müəllif bu sahənin inkişaf etdirilməsinin zərurətini bir tərəfdən ölkənin əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı düşdüyü bir vaxtda aqrar sektorda məhsul ixracı imkanlarının genişliyi ilə izah edir.

Digər tərəfdən isə müəllif deyir ki, ölkə əhalisinin əksər hissəsi bölgələrdə yaşayır və bu sahənin inkişafı bölgələrdə əmək məşğulluğunu yüksəltməyə də xidmət edəcək.

Məqalədə deyilir ki, Azərbaycanda dövlət tərəfindən aqrar sektoru inkişaf etdirmək, bu sahədə çalışanlara dəstək olmaq üçün çox iş görülüb və proses indi də davam edir: "Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı bütün növ vergilərdən azaddır, fermerlərə yanacaq, motor yağları, toxum, gübrə, damazlıq heyvanların verilməsində, kənd təsərrüfatı texnikalarının satılmasında böyük güzəştlər olur. Eyni zamanda dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər ayrılarkən aqrar sektorda çalışanlara üstünlük verilir".

Rəsmi statistik rəqəmlərə istinad edən müəllif deyir ki, bu qayğı nəticəsiz qalmır və bu ilin 11 ayı ərzində aqrar sahədə 6 milyard 200 milyon manatlıq məhsul istehsal edilib, onun da 3 milyard 258 milyon manatı heyvandarlığın, 2 milyard 942 milyon manatı isə bitkiçilik sahəsinin payına düşür.

Müəllif deyir ki, bu 2016-cı il ilə müqayisədə ümumi məhsul istehsalının 4,2%, artması deməkdir.

Müəllif deyir ki, aqrar sahəyə diqqət ixrac potensialını artıqmaqdan irəli gəlib və bu mövqeyi dövlət başçısı İlhan Əliyevdən sitat gətirməklə qüvvətləndirir: "Bu işləri görərkən bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsəd güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir".

Paytaxtın "kompensasiya azlığı" problemi

"Exo" qəzetində "Bakıda evlərin sökülməsi: Ölkə konstitusiyasının əleyhinə olan mənzil dəyərləndirilməsi" sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif deyir ki, paytaxt Bakıda binaların sökülməsi ağrılı məsələ olaraq qalır və şəhər hakimiyyətinin harada binaların söküləcəyilə bağlı qərar verəcəyini əhali bilmir və bunun səbəbini belə izah edir: "Söküntüyə məhkum olan "qara siyahı"ya düşmək üçün uçmaq təhlükəsi olan qəzalı binada yaşamaq hökmən deyil, bundan da pis aqibət odur ki, evlər söküləndən sonra kimisinə yeni binalarda ev verilmir, kompensasiya olaraq pul verilir, amma bu pula şəhərin kənarında belə "bir otaq" almaq da olmur".

Ekspertlər evlərin söküməsi məsələsində mənzillərin dəyərləndirilməsinə differensial yanaşmanın olmamasını ən böyük problem sayırlar: "Bu sahədə qanunvericilikdə də boşluqlar var, belə ki, şəhərin mərkəzində yaşamış evi sökülən şəxsə də, şəhərin ucqarında yaşamış evi sökülən şəxsə də hər kvadrat metrə 1500 manat təklif edilir, halbuki, bazar qiymətlərinə görə bir-birindən kəskin fərqlənirlər. Azərbaycanda mülkiyyət hüququ demək olar ki, qanunla qorunmur, odur ki, istənilən vətəndaş "bina sökülməsi"nin qurbanına çevrilə bilər". Bu qənaəti də qəzetə ekspertlər belə şərh edirlər.

Ekspertlər deyirlər ki, ölkə qanunvericiliyi açıq-aşkar mülkiyyətçilərin xeyrinə deyil və odur ki, mülkiyyətçilərin hüquqlarının qanun tərəfindən etibarlı şəkildə qorunması üçün qanunvericilikdə ciddi dəyişikliklərin edilməsi zərurətə dönür.

"MBA Ltd" konsaltinq şirkətinin rəhbəri, əmlak məsələsi üzərə ekspert Nüsrət İbrahimov da bu məsələdə fərdi yanaşmanın olmamasını doğru saymır: "Pilot tikintilər olan yerdə (evlərin söküldüyü ərazidə) evləri sökülənlərə tikiləcək binada əvvəlki mənzil sahəsindən 20% artıq olaraq sahə verilir. Amma kommersiya məqsədli tikintilərdə, yolların genişləndirilməsi, parkların salınması məqsədilə sökülən binalarda vətəndaşlara 600 manatdan 1500 manata qədər kompensasiya verilir. Bu isə olduqca az məbləğdir, əvvəlki mənzilə adekvat yaşayış sahəsi almağa yetərli deyil".

Ekspertə görə, vəziyyəti müsbətə dəyişə bilmək üçün qiymətləndirmə komissiyası mənzili bazar qiymətilə dəyərləndirməli və bunu əsaslandırmalıdır. Bundan əlavə, vətəndaşın başqa mənzilə köçməsi və s. kimi məsrəfləri qarşılanmalıdır.

N.İbrahimov deyir ki, evlərin söküntüsü zamanı mənzillərin bazar qiymətilə dəyərləndirilməsinə dair Milli Məclis 27 maddədən ibarət qanun qəbul edib ki, buna əməl olunmur.

Müqayisə qüsurları

"Azadlıqinfo.az" "İnkişafın dolma modeli" sərlövhəli məqalədə ölkənin əsas problemlərinin diqqətdən kənarda saxlanmasını müzakirə edir.

Müəllif deyir ki, ölkə və xalq həyatının əsas problemlərini arxa plana keçirən iqtidar onun başını "ikinci dərəcəli" məsələlərlə qatır və bu ikinci dərəcəli məsələləri belə təqdim edir: "Gül-çiçəyi məhv edib, tikan qoxulamaqla məşğuldurlar, həm də utanmadan israr edirlər ki, tikanın gülsüz qalması analoqsuz uğurdur. Ümumiyyətlə, son 24 ili nəzərdən keçirsək görərik ki, Azərbaycan xalqını ən cılız uğurlara sevinməyə məhkum ediblər. Daha doğrusu, bir qrup insanın şəxsi uğurunu xalqın uğuru kimi təqdim ediblər".

Müəllif deyir ki, hakimiyyət Avropa Oyunlarını, Formula-1 yarışlarını, İslam Həmrəyliyi Oyunlarını dövlətin uğuru, 10 manat maaş artımını xalqın uğuru kimi gözə soxdu: "Amma hamıya məlumdur ki, ölkəmizdə keçirilən yarışlar büdcənin və xalqın belini qırdı. Kommunal xərcləri, ərzaq məhsullarının qiymətini 50-60 faiz qaldıraraq ardınca da əmək haqlarını 10 faiz qaldırmaq xalqı ələ salmaqdır", - müəllif münasibətini ifadə edir.

Müəllif 2017-ci ili ölkə üçün uğursuz il sayır, bu ildə ölkənin problemlərinin həllini tapmaması, işsizliyin artması, qiymətlərin bahalaşması, ölkənin adının qara siyahılara düşməsi, büdcənin azalması, Qarabağ danışıqlarının "uğursuzluq zolağı"ndan çıxa bilməməsi kimi problemlərin artdığını bildirir.

Yazı müəllifi ironiya ilə deyir ki, bu qədər gerçək uğursuzluq içində hökumət xonçada yeni "uğur" gətirib və bundan ibarətdir ki, dolmanın adı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib: "Bəli, dolma bişirməyə ət tapmayan xalqa, dolmayla təsəlli verməkdən çəkinmədilər, sanki, ölkənin yeganə problemi dolma imiş və bu problemi də həll ediblər. Erməninin 20 faiz ərazini işğalda saxlamasını uğursuzluq hesab etmirlər, amma erməninin dolmaya əl uzatmasına müqavimət göstərirlər".

Müəllif iqtidarın bu yanaşmasını Qarabağ problemilə dolmanın bir müqayisə müstəvisinə qoyulması kimi dəyərləndirir: "Bizi narahat edən erməninin dolma bişirməsi deyil, Şuşada, Laçında, Ağdamda at oynatmasıdır, bir sözlə, hökumət dağ boyda uğursuzluqların qarşısına dolma ilə çıxıb".

Müəllif hesab edir ki, ölkənin adı korrupsiya, hüquqsuzluq, saxtakarlıq siyahısına salındıqdan sonra dolmanın adının UNESCO- nun siyahısına salınması heç nəyi dəyişmir.

Yazı müəllifinə görə, indi düşündürücü olan dolma yox, dolmaya həsrət xalqın taleyidir, başqa ölkələr dolma texnikası ilə milyardlar qazandığı halda, iqtidar da dolmanın arxasında gizlənərək xalqı qəpiyə möhtac edir.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti