Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

"Çörək almağa pulunuz varsa xoşbəxtsiniz"
Deməyə sözüm var... 


2017 Dekabr 29 ( Cümə )  22:19:33
Çap versiyası
Русский 
Contact.az

Bu günlərdə Bakıda Vüqar Elman oğlu Əliyev adlı şəxs "Spar" supermarketindən 63 manatlıq Yeni Zelandiya istehsalı olan kərə yağını oğurlamağa çalışarkən saxlanılıb. Mağaza əməkdaşları polis çağırıblar. Faktla bağlı araşdırma aparılır. Şəxsin hədsiz yoxsulluq səbəbindən oğurluğa əl atdığı versiyası var.

Azərbaycan saytlarında axtarış kriminal xronikada bu cür məlumatların az olmadığını göstərdi. Peşəkar oğrular deyil, diletantlar - pensiyaçılar, evsizlər, yoxsullar cinayətə əl atır... Bir sözlə, bu, sosial cəhətdən müdafiəsiz insanlardır, onları mağazada oğurluğa hədsiz ehtiyac vadar edir.

Bu cür hallar həmişə sosial şəbəkələrdə geniş rezonans və qəzəb doğurur. Çoxları Əhmədli qəsəbəsində mağazalardan birində qaçqın qadını bir paçka kərə yağını cibinə qoyub pulunu ödəmədiyinə görə ağlatdıqlarını xatırlayır. Ticarət məntəqəsinin meneceri polis çağırdıqda qadıncığazın utancından ürəyi getmişdi.

Bu günlərdə paytaxtın 7-ci mikrorayonunda supermarketlərdən birinin mühafizəçisi yaşlı qadını üç ədəd ucuz konfet oğurlarkən yaxalayıb. Yaxşı ki, əməkdaşın cibindən cəmi 10 qəpik çıxan pensiyaçını buraxmağa mərhəməti çatıb. Bir qədər sonra təsadüfən bu epizodun şahidi olan "Mövqe" qəzetinin müxbiri qadını saxlayıb bu hərəkətinin səbəbini soruşduqda o etiraf edib ki, oğurluq etmək məcburiyyətindədir və ilk dəfə deyil ki, belə bir şey başına gəlir. Pensiyası kommunal xidmətlərin ödənilməsinə və ən zəruri ucuz yemək ehtiyaclarının alınmasına çatmır.

Bakı sakini Məlahət İsayeva Facebbok-da şahidi olduğu və onu düşünməyə vadar edən hadisələri paylaşıb.

"Süd almaq üçün Bakıxanov qəsəbəsindəki "Nərmin" mağazasına girdim. Birdən uniformalı mağaza işçisi sürətlə yanımdan keçdi və bir kişinin yanına gedib götürdüyü məhsulları yerinə qoymağı tələb etdi. Kişi sakitcə sabunu, diş fırçasını cibindən çıxardı və qəşəngcə getdi. Bilmirdi ki, ticarət zalında kameralar quraşdırılıb? Evə qayıdarkən yolda avtobusda ata və oğulun sabah nə yeyəcəkləri haqqında müzakirəsini eşitdim. Çörək, iki yumurta, göyərti almaq lazımdır. Bəlkə bir qutu şəkər üçün də pul qalar. Hər ikisi axşamları piştaxtalarda qalan əzilmiş, amma yeyilə biləcək pomidorları, badımcanları, mandarinləri götürmək üçün bazara getməyə qərar verdilər... Bizdən normal işə, sabit gəlirə və bayat çörəkdən bir qədər artığına sahib olanlar xoşbəxtdir!", deyə Məlahət xanım yazıb.

Hüquq müdafiəçisi Eldar Zeynalovun fikrincə, ərzaq məhsullarının oğurluğunun səbəbləri müxtəlif ola bilər - hədsiz ehtiyacdan idman maraqlarına qədər, hər bir hal araşdırma tələb edir. Amma yaşlılar çörək belə oğurlayırsa, bu faktlar ölkədə aztəminatlılara ünvanlı yardım nöqteyi-nəzərdən hər şeyin qaydasında olmadığını göstərir.

"Manatın devalvasiyası, iş itirmə, ərzaq məhsullarının və dərmanların bahalaşması Azərbaycanda insanların sosial vəziyyətini xeyli pisləşdirib. Bu, xüsusən çox sayda pensiyaçıya, əlilə, işsizə təsir edib. İnsanlar yoxsullaşıb, çoxları işini itirib, yeməyə bir şey tapmırlar, ona görə də oğurluq edirlər. Onlara yardım etmək üçün məscidlərdə, kilsələrdə pulsuz yeməklər təşkil etmək lazımdır. Bayramdan bayrama deyil, müntəzəm olaraq. Bu savab işdə yerli icra hakimiyyətləri, biznesmenlər, deputatlar iştirak edə bilər. Bundan başqa, bu insanları geyimlə də təmin etmək lazımdır", deyə Zeynalov bildirir.

Amma müstəqil iqtisadçı Vüqar Bayramov hesab edir ki, yoxsul insanlara yardım üçün Qərbin təcrübsindən istifadə etmək məqsədəuyğundur. Rəsmi məlumatlara görə, bu gün əhalinin cəmi 5%-i yoxsulluq səviyyəsinin altında yaşayır. Əslində isə pensiyaçıların, aztəminatlı ailələrin alıcılıq qabiliyyətini nəzərə alsaq, bu göstərici xeyli yüksəkdir.

"Getdikcə daha çox insan ucuz ərzaq məhsuluna ehtiyac duyur. Mağazalar məhsulun bir hissəsini xarab olmamışdan əvvəl ucuz qiymətə məscidlərə, xeyriyyə təşkilatlarına verə və ya sadəcə pulsuz paylaya bilər. Avropada belə təcrübə var. Məsələn, Almaniyada son istifadə tarixi yaxınlaşan məhsullar bütün ölkədə 1-2 avroya satılır. Onları almaq üçün aztəminatlı və ya işsiz vəsiqəsi göstərmək lazımdır. Fransada isə bu yaxınlarda mağazaların məhsulları utilizasiya etməsini qadağan edən qanun qəbul edilib", deyə Bayramov qeyd edir.

The İndependent-in məlumatına görə, bu yaxınlarda İtaliyada qəbul olunan qanuna görə, restoran və ticarət şəbəkələrinin sahibləri formal olaraq son istifadə tarixi keçən, amma hələ yemək üçün yararlı olan ərzağı atmamalı, yoxsullara verməlidir. Bu zaman qanun təşviqedici tədbir kimi satıcının xeyriyyə məqsədi ilə verdiyi məhsulun miqdarından asılı olaraq elastik zibil vergisinin azaldılması sisteminin tətbiq edilməsi tədbirini nəzərdə tutur.

Azərbaycanda belə bir təcrübənin reallığı şübhə doğurur. Ekspertlərin fikrincə, distribyutorlar, eləcə də mağazalar xeyriyyəçilikdə maraqlı deyillər. Onlar bayat çörəyi fermerlərə satırlar, digər vaxtı keçmiş məhsulların üzərinə isə yeni etiketlər yapışdırırlar. Buna görə ya vergi imtiyazları ilə sahibkarları xeyriyyəyə təşviq etmək, stimullaşdırmaq lazımdır, ya da yoxsulların qayğısına qalmağı hökumət tamamilə öz üzərinə götürməlidir.