Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Thierry Leperk

Thierry Leperk

Terri Leperk: Neftin qiyməti 10 dollara düşəcək
Energetika 


2017 Dekabr 21 ( Çərşənbə )  10:26:03
Çap versiyası
English Русский 

Neftə bəzən "qara qızıl" deyirlər. Bu, həmin faydalı mineralın dəyəri ilə bağlıdır və nefti olan ölkələr həmişə varlı, çiçəklənən ölkələr hesab olunur. Doğrudur, demək olar ki, onların çoxunun iqtisadiyyatı, Norveç istisna olmaqla, neftə bağlıdır və "qara qızıl"ın qiymətlərinin artması və düşməsi həlledici amil ola bilər.

Neftin sonuncu kəskin qiymət düşümü 2015-ci ildə olub. O vaxt "Brent" neftinin 1 barrelinin qiyməti təxminən 35% azalaraq 55,38 dollardan 36,28 dollara düşüb. Neftin dünya bazarında ucuzlaşması ifrat təklifin təzyiqi və İranın neft ehtiyatlarının sərbəst buraxılması gözləntisi nəticəsində baş verdi. Nəhayət, ABŞ-ın neft ixracına qadağanı aradan qaldırması və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) kvotaları azaltmamaq qərarı qiymətlərə öz təsirini göstərdi. Hazırda vəziyyət bir qədər sabitləşib (bir barrel üçün 63,87 dollar), lakin iki il əvvəl qiymətlərin düşməsi neft hasil edən ölkələrdə kəskin iqtisadi böhrana səbəb oldu.

Azərbaycan da kənarda qalmadı. Bütün növ məhsullara qiymət artımı dalğası və ümumi işsizlik gətirən ikiqat devalvasiya praktik olaraq ölkənin neft iqtisadiyyatına ağır zərbə vurdu. Növbəti il vəziyyət bir qədər sabitləşdi, neft qiymətləri yavaş-yavaş, amma inamla artmağa başladı.

Bu fonda "Engie" energetika şirkətinin icraçı vitse-prezidenti Terri Leperkin "Bloomberg" agentliyinə verdiyi müsahibə aydın səmada şimşək kimi səsləndi. Onun sözlərinə görə, neft sənayesi beş "enerji sunamisi" yaşayacaq. Onlar on ildən az müddətə neftin 1 barrelinin qiymətinin on dollara düşəcəyi təhlükəsindən xəbər verir. Qiymətlərə Günəş enerjisi və batareyalarının qiymətinin ucuzlaşması, elektromobillərin satışının artması, "ağıllı" binalar və ucuz hidrogen təsir edəcək.
"Hətta neftə tələb 2025-ci ilədək artsa belə, bazarlar tələbatın əhəmiyyətli dərəcədə aşağı düşməsini gözlədiyi üçün onun qiyməti on dollaradək düşə bilər", - deyə Leperk qeyd edib.

Sonuncu dəfə neft 1998-ci ildə belə ucuzlaşıb. Azərbaycanın neft iynəsindən qurtula bilmədiyini nəzərə alsaq, bu proqnozun gerçəkləşdiyi təqdirdə ölkəni nə gözləyir?
İqtisadçı Natiq Cəfərli Turan-a deyib ki, hazırda neftlə bağlı proqnozlar çoxdur və onun qiymətini texnoloji inqilabla, süni intellektin yaranması, alternativ enerji mənbələrinin geniş yayılması və elektromobillərə sürətli keçidlə bağlayırlar.
"Daha əvvəl proqnozlaşdırıldı ki, 2017-ci ilədək bütün dünyada avtomobillərin yalnız 0,5% -i elektrik enerjisi ilə işləyəcək, lakin hazırda bu göstərici 7%-dir. Proqnozlara görə, 2020-ci ilə qədər maşınların ümumi sayında elektromobillərin miqdarı 15-20% olacaq, 2035-ci ilə qədər isə Avropa və Amerika tamamilə bu cür nəqliyyat növünə keçməyi planlaşdırır. Çin də 2030-cu ildə daxili yanma mühərriklərindən tamamilə imtina etmək niyyətində olduğunu bildirib. Yəni dünyada ciddi texnoloji dəyişikliklər baş verir: elektromobillərin maya dəyəri azalır və onların işlədiyi batareyaların həcmi artır. Gələn ildən etibarən batareyalar təkmilləşdiriləcək və onlar bir dəfə doldurulmaqla min kilometrədək məsafə qət edəcək", - deyə o qeyd edib.

Ekspert elektromobillərin neftin qiymətinə necə ciddi təsir göstərə biləcəyi məsələsinə də aydınlıq gətirib, çünki neft yalnız avtomobil üçün benzin deyil. Onun sözlərinə görə, dünyada istehsal edilən neftin 40%-dən çoxu daxili yanma mühərriklərində, yəni avtomobillərdə istifadə olunur.

"Əgər elektrik enerjisi ilə işləyən avtomobillərə kəskin keçid baş versə, istehsal edilən neftin 40%-i istifadəsiz qalacaq, bu da onun qiymətinə mənfi təsir göstərəcək", - deyə o bildirib.

Cəfərli qeyd edib ki, 1 barrel neftin qiymətinin 10 dollar olacağı proqnozu bir qədər fantastik görünür, çünki neftin maya dəyəri istehsal edən ölkədən asılı olaraq 9-13% aralığında dəyişir.

"Lakin neftin qiymətinin 25-30 dollar səviyyəsinə enməsi ehtimalı çox yüksəkdir. Təbii ki, Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı, İran, Venesuela kimi neftdən tamamilə asılı olan ölkələrdə neftin ucuzlaşması fəsadlar törədəcək, bu ölkələr kəskin bir böhranla qarşılaşacaq. Azərbaycan artıq 2015-ci ildə belə bir vəziyyətə məruz qalıb. Nəticədə devalvasiya baş verdi, manat iki dəfə ucuzlaşdı, ÜDM 4% düşdü, işsizlik artdı, dövlət büdcəsi dollar ekvivalentində 2007-ci ilin səviyyəsinə qayıtdı. Əgər neft yenidən 25-30 dollar qiymətə düşsə, onda Azərbaycan böyük iqtisadi çətinliklərlə üzləşə bilər", - iqtisadçı əlavə edib.

Cəfərli qeyd edib ki, 2015-ci ildə prezident İlham Əliyevin nefti unutmaq və turizm, kənd təsərrüfatı, sənaye kimi sahələri inkişaf etdirmək çağırışlarına baxmayaraq, neft ölkə iqtisadiyyatında mühüm rol oynayır.

"İndiki vaxtda neftin dominant rolu təbiidir. Birdən, qısa müddətdə nefti əvəz edən yeni bir iqtisadi modelə keçmək çox çətindir. Hakimiyyət orqanlarının təqsiri ondadır ki, neftdən digər sənaye sahələrinə keçid çoxdan baş verməli idi. Onlar hakimiyyətə iki il bundan əvvəl gəlməyib, 1993-cü ildən bəri ölkəni idarə edirlər və təqsirləri ondadır ki, bu illər ərzində postneft dövrü üçün hazırlıq işi aparmayiblar. Norveçin etdiyi kimi, nefti çoxdan unutmaq, postneft dövrünə hazırlaşmaq, qeyri-neft sektorunu inkişaf etdirilmək lazım idi. Hazırda Norveç iqtisadiyyatı neftdən yalnız 4% asılıdır. Ölkənin balıq məhsullarının istehsalı və ixracından gəlirləri neftdən üç dəfə çoxdur və ildə təxminən 25 milyard dollar təşkil edir. 2015-ci ildə Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün müəyyən addımlar atmağa məcbur olub. Bununla birlikdə, neftin qiymətlərində yeni artım olan kimi alternativ üsullara keçid haqqında danışıqlar öləzidi. Belə təəssürat yaranır ki, nəzərdə tutulan islahatları neft qiymətinin artması yavaşlatdı. Bu baxımdan gələcəkdə neftin qiymətlərinin azalması ehtimalı Azərbaycan hakimiyyətini islahatlar aparmağa məcbur edəcək. Hökumət iqtisadi islahatları bir sadə səbəbdən istəmir - iqtisadi islahatlar idarəetmə, məhkəmə sistemində islahatlar olmadan mümkün deyil ", - deyə N. Cəfərli bildirib.

Ekspertlərin çoxunun fikrincə, hərtərəfli islahatlar hakimiyyət vertikalının zəifləməsi deməkdir və o, bununla razılaşmayacaq.-0-