Son yenilənmə

(40 d. əvvəl)
Afqan Muxtarli. AP

Afqan Muxtarli. AP

Müxalif azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstan ərazisində oğurlanması hadisəsi bu ölkə üçün kifayət qədər həssas məsələdir. Bu hadisənin siyasi nəticələri baxımından ən başlıcası Gürcüstan ictimai rəyi və beynəlxalq təşkilatların ona münasibətidir, indiki halda isə onlar oğurlanma versiyasını tam dəstəkləyir. Gürcüstan politoloqları belə hesab edirlər.

"Turan"la söhbətində politoloq Qela Vasadze, Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktor əvəzi Teymuraz Tumanişvili və Gürcüstan xarici işlər nazirinin sabiq müavini Nikoloz Vaşakidze bu məsələ ilə bağlı öz mövqeyini bildiriblər.


Qela Vasadze:

- Əfqan Muxtarlı işinin kütləvi informasiya vasitələrindəki müzakirələrdən kənarda qalmış daha bir mühüm aspekti vardır. Söhbət rəsmi Bakı və Tiflis tərəfindən bu hadisəyə operativ informasiya reaksiyasının verilmədiyindən gedir. Bu, başqa bir problemin - məhz ölkələrimiz arasında qarşılıqlı informasiya əlaqəsi sisteminin olmadığının - bir hissəsidir. Azərbaycanın belə bir system yaratmaq imkanından məhrum olduğunu demək düzgün olmazdı. Çox yüksək səviyyəli peşəkarlar və müvafiq qurumlar vardır, amma sistem yoxdur. Nədən? Düşünürəm ki, bu sual mənə verilməməlidir.

Jurnalistlərlə söhbətimdə bunu artıq demişəm: böyük siyasət nöqteyi-nəzərindən, fərqi yoxdur, Muxtarlı oğurlanıb, ya yox - indiki halda bu, vacib deyil. Başlıcası informasiya yekunu və konkret hadisə nəticəsində ictimai rəyin necə formalaşmasıdır. İctimai rəyin jurnalistin oğurlandığının etirafı şəklində formalaşdığı faktdır.

Yəni Gürcüstanın bütün telekanalları, informasiya agentlikləri və digər kütləvi informasiya vasitələri birmənalı şəkildə bildirirlər ki, jurnalist oğurlanıb. Qeyri-rəsmi söhbətdə ekspert və hüquq müdafiəçiləri deyə bilərlər ki, biz qəribə hadisə ilə rastlaşmışıq, lakin mətbuata müsahibədə onların bunu etiraf edə biləcəklərinə mən inanmıram, çünki cəmiyyət tərəfindən başqa nöqteyi-nəzər əvvəlcədən qəbul olunmur. Buna Muxtarlı işinin daxili siyasi mübarizədə, həmçinin hər birinin öz marağı olan beynəlxalq təşkilatlar tərəfindən istifadə olunduğunu da əlavə etsək, tam mənzərə almış olarıq.

Biz, əslində, nə baş verdiyini dəqiq bilə bilmərik. Lakin informasiya fəaliyyətsizliyi ölkəmizin nüfuzuna güclü zərbə vurdu. Bizim hakimiyyət xüsusunda hər şey aydındır, onlar növbəti dəfə dəvəquşu pozasını qəbul edərək, işlə bağlı sualların sayını artırdılar. Amma iqtidarın səmərəsizliyi və fəaliyyətsizliyinə, təəssüf ki, biz artıq adət etmişik.

Məhz buna görə də mən hesab edirəm ki, bu cür insidentlər informasiya reaksiyası tələb edir, yəni öz nüfuzunun qeydinə qalan hər bir ölkə bunu etməyə borcludur, əgər bunu etmirsə, məncə, bu çox qəribədir. Və söhbət Gürcüstandan getmir, çünki iş ölkə hüdudlarından çox kənara çıxıb. İnsidentlə bağlı, demək olar ki, bütün beynəlxalq təsisatlar - AŞPA, Avropa Şurası, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti və s. bəyanatlar verib. Gürcüstan üçün bu, çox həssas işdir, Azərbaycan üçün bunun nə qədər həssas iş olduğunu isə mən bilmirəm.


Teymuraz Tumanişvili:

-Sizə açığını deyim: mən Muxtarlının qanunsuz olaraq sərhəddi keçdiyi və ya onun oğurlanmasının təşkil olunduğu, həmçinin Gürcüstan və Azərbaycanın xüsusi xidmət orqanlarının iştirak etməsi və ya bu işi hansısa üçüncü qüvvənin gördüyü və sonradan elan etdiyi barədə əsl həqiqəti bilmirəm. Bu işdə həddən çox "bilmirəm" vardır. Amma fakt faktlığında qalır, Gürcüstan ictimai rəyi bunun oğurluq və Gürcüstan və Azərbaycanın xüsusi xidmət orqanlarının birgə əməliyyatı olduğu qənaətinə gələrək artıq formalaşıb. Bu gün Gürcüstanın ictimai rəyi, birmənalı olaraq, bu cürdür. Hakimiyyətə sadəcə olaraq inanmırlar və bu, hakimiyyətimizin problemidir. Bundan əlavə, Gürcüstanın ictimai rəyi, qeyri-hökumət təşkilatlarının bu məsələ ilə bağlı mövqeyi beynəlxalq, o cümlədən insan hüquqlarının müdafiəsi üzrə təşkilatların rəylərini formalaşdırır. Təkrar edirəm, mən oğurlanmanın olub-olmadığını bilmirəm, amma ictimai rəy hesab edir ki, bu, məhz oğurlamadır.

Əslində, Muxtarlı ilə bağlı hadisənin özü və bu hadisə ətrafındakı vəziyyət qəribə və süni görünür. İndi qeyri-peşəkarlar bu cür əməliyyatlar aparmış bir sıra xüsusi xidmət orqanlarını bir-bir sadalayaraq bu vəziyyəti şişirdəcək. Halbuki bu əməliyyatlar peşəkarların, başqa dövlətlərin qurumlarını, məsələn, nasist Almaniyası, İsrailin MOSSAD, Böyük Britaniyanın Mİ-6, SSRİ-nin DTK-nı və s. təmsil edən insanların ekstradisiya edildiyi və ya yoxa çıxdığı zaman həyata keçirilib. Ona görə də barəsində məlumatın ildırım sürətilə yayıldığı xüsusi əməliyyatın keçirildiyini, özü də qeyri-peşəkarcasına, demək olmaz - burada cavabdan daha çox sual vardır. Çünki, əgər məsul qurumlar kobud işləyirsə, deməli, ya bu qurumlar mövcud deyil, ya da onlara müəyyən tapşırıq verilib. Əgər onlara bu haqda məlumatın sürətlə sızdırılması haqda başqa tapşırıq verilibsə, onda bu tamam başqa məsələdir.


Nikoloz Vaşakidze:

- Məndə belə təəssürat yaranır ki, əgər oğurlanma Gürcüstan ərazisində həyata keçirilibsə, bu ondan xəbər verə billər ki, Muxtarlı ehtiyatsızlıq edərək yalnız Azərbaycanın deyil, həm də Gürcüstanın rəsmi şəxsləri üçün ciddi problemlər yaradıb və ya yaradacağına işarə edib. Bu baxımdan, Gürcüstan və Azərbaycan siyasətçilərinin problemlə bağlı maraqları kəsişə və belə bir nəticəyə gətirib çıxara bilərdi, amma bu, yalnız mənim ehtimalımdır.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Tiflisdə oğurlanaraq Azərbaycana gətirilib. O, AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə) ittiham olunub. Bundan sonra jurnalistə qarşı CM-nin daha 2 maddəsi: 318.1 və 206.1 maddələri ilə (sərhəddi qanunsuz keçmə və qaçaqmalçılıq) də ittiham irəli sürülüb.

Rəsmi Bakı iddia edir ki, Muxtarlı sərhəddi qeyri-qanuni keçərkən Azərbaycanda saxlanılıb və iqtidarın fikrincə, bu məsələni siyasiləşdirmək düzgün deyil. Məhkəmə onun 3 ay müddətinə məhkəməyəqədər qaydasında həbsinə icazə verib.

Əfqan Muxtarlı Azərbaycanda təqibdən qaçaraq iki ildir ki, Gürcüstanda yaşayır. Son illər o, Azərbaycan hakimiyyətinə qarşı Tiflisdə keçirilən etiraz aksiyalarında fəal iştirak edib.

Əfqan Muxtarlının işi baxılması üçün Avropa Məhkəməsində qəbul edilib. -0-

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti