Налбандян и Мамедъяров. Фото из открытых источников

Налбандян и Мамедъяров. Фото из открытых источников

Turan sosial şəbəkədə ekspress-sorğu keçirib. Əksəriyyətin cavabı qısa olub: nə haqda danışacaqlar? Heç nə. "Növbəti dəfə gəldilər, söhbət etdilər, getdilər", "Exo" qəzetinin siyasi icmalçısı Tofiqəxanım Qasımovanın ehtimalı belə olub.

Hüquq müdafiəçisi, erməni ictimaiyyətinin nümayəndələri ilə bir çox görüşlərin iştirakçısı olan Əvəz Həsənov iyulun 11-də keçiriləcək görüşün gündəliyini açıqlayır: üç məsələ müzakirə olunacaq. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq və Vyana görüşlərində əldə olunmuş, vəziyyətin stabilləşdirilməsinə və sülh prosesinin durğunluq vəziyyətindən çıxarılmasına yönəlmiş razılaşmaların həyata keçirilməsi üçün görüləcək tədbirlər haqqında, qoşunların təmas xəttində gərginliyin azaldılmasına yönəlmiş tədbirlər haqqında və iki xalq arasında qarşılıqlı gərginliyin zəifləməsi üçün görüləcək tədbirlər haqqında.

Jurnalist Murtaza Bünyadlı A.Həsənovun dediklərini daha geniş şəkildə açıqlayıb. Bünyadlı hesab edir ki, Yerevan Moskva ilə birlikdə qəsdən cəbhədə vəziyyəti gərginləşdirib ki, danışıqları aparanlar yalnız gərginliyin azaldılmasını və atəşkəs rejimini pozanın müəyyən edilməsi üçün texniki və digər vasitələrin quraşdırılmasını müzakirə etsinlər. Buna görə Yerevan və Moskva ATƏT sədrinin xüsusi nümayəndəsi A.Kasprşikin komandasında məmurların sayını artırmaq istəyir. Onlar başqa heç nə haqqında danışmayacaqlar. Nizamlanmanın heç bir yeni üsulu və güzəştli həlləri yoxdur.

"Azərbaycan ATƏT qarşısında cəbhədə gərginliyin artmasına və Azərbaycan ərazilərinin işğalı rejiminin uzadılmasına görə ATƏT-in məsuliyyətinin müəyyən edilməsi haqqında konkret tələb irəli sürməlidir. ATƏT funksionerlərinə mülki əhalinin ölümünə görə şəxsən onların təqsirlərini göstərmək lazımdır", deyə M.Bünyadlı qeyd edib.

Politoloq Elxan Şahinoğlu isə əmindir ki, beynəlxalq ictimaiyyət yalnız Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını qaytarmaq cəhdlərini neytrallaşdırmaqla məşğuldur. "Onlar arabir ermənilərə atılan raketlərlə bizi sakitləşdirmək istəyilər ki, müharibə olmasın".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-a müsahibəsində qarşıda duran danışıqlarla bağlı fikrini ifadə edib.

- E.Məmmədyarov hansı məqsədlə Avstriyaya gedir?

- Azərbaycan XİN siyasətini daha çox konkretlik və qətiyyətlilik istiqamətində düzəltməlidir. Biz mülki əhalinin təhlükəsizliyi təmin edilənə qədər danışıqlarda iştirakı müvəqqəti dayandırdığımızı bildirməliyik, bunun üçün isə ermənilər birtərəfli olaraq təmas xəttindən bir neçə kilometr, keçmiş DQMV-nin inzibati sərhədlərinə uzaqlaşmalıdırlar. Onda biz əmin olacağıq ki, Ermənistan tərəfi münaqişəni sülh yolu ilə həll etmək niyyətindədir. Bu, digər mövzuların müzakirə olunması üçün etimad şəraiti yaradardı.

Niyə belə bir təklif? Ermənilər iddia edirdilər ki, "təhlükəsizlik zonası" yaradıblar, amma belə bir zona yoxdur, çünki dinc insanlar ölür, hər iki tərəfin müasir silahı isə kifayət qədər uzaqvurma qabiliyyətlidir, bu da heç bir təhlükəsizliyin olmamasına səbəb olur. Ermənistan tərəfin bu "zonanın" onların dinc əhalisinin təhlükəsizliyi üçün zəruri olduğu haqqında dəlilləri qəbul edilə bilməz.

Bundan başqa, istənilən nizamlanmanın, xüsusən ATƏT prinsipləri üzrə nizamlanmanın əsasını hərbi əməliyyatların nəticələrinin nizamlanmanın əsası kimi qəbul edilə bilməməsi haqqında müddəa təşkil edir. Bundan irəli gələrək, həmsədrlər bizə Madrid prinsiplərini və digər prinsipləri təklif edərkən hərbi əməliyyatların fakt kimi qəbul edilməli olan müəyyən reallıqlara gətirib çıxardığına əsaslanırlar. Bu zaman onlar hərbi güc hüququnu inkar edir və müstəsna olaraq sülh danışıqlarında israr edirlər. Bununla da həmsədrlər Azərbaycanı bu reallıqları bizim xeyrimizə dəyişdirmək üçün güc tətbiqini təşviq edir, hərbi münaqişənin davam etməsi üçün zəmin yaradır. Belə olmaması üçün ATƏT-in Minsk Qrupu 90-cı illərdə yaranmış düşmən tərəflərin təmas xəttini nəzərə almaqdan imtina etməlidirlər. Buna görə həmsədrlər dəqiq və aydın şəkildə bəyan etməlidirlər ki, BMT TŞ-nin məlum qətnamələrindən irəli gələrək, Ermənistan qeyd-şərtsiz öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalıdır. Hələlik isə ikili vəziyyət davam edir və həmsədrlər hərbi əməliyyatlara təhrik edirlər, real müharibə təhlükəsi yaranır. Həmsədrlər öz təkliflərinin təbliğ etdikləri prinsiplərə sadiq olduğunu nümayiş etdirənə qədər Azərbaycan danışıqlarda iştirakını dondurmalıdır.

- Həqiqətən, dünya 90-cı illər müharibəsinin nəticəsini nəzərə alsaydı, Azərbaycan özü üçün səmərəli olan yeni nəticələr yaratmaq üçün yeni müharibəyə başlamalıdır? Paradoksal sülhyaratma üsuludur... Danışacaq bir şey yoxdursa, niyə Məmmədyarov Avstriyaya gedir?

- Orada heç nə imzalanmayacaq, buna görə onun oraya getməsinin mənası yoxdur. Azərbaycan XİN-də Qarabağ üzrə danışıqlarda Azərbaycanın mövqeyi haqqında qərarların qəbulunda kollegiallıq yoxdur. Nazirin özündən başqa heç kim danışıqlarda nə danışılacağını bilmir. Hətta nazir müavinlərinin belə hadisələrdən xəbəri yoxdur. Danışqıların gizliliyi aradan qaldırılmalıdır, hələlik isə biz özümüz daim Azərbaycanın maraqları nöqteyi-nəzərdən heç cür izah oluna bilməyən addımlarla qarşılaşırıq. Buna görə Avstriya görüşünün aktuallığı heç kimə aydın deyil və izah olunması mümkün deyil.

Ermənilər elan ediblər ki, Vyana və Sankt-Peterburq danışıqlarının yerinə yetirilməsi məsələsi müzakirə olunacaq. Azərbaycan Prezident Administrasiyasının sədr müavini Novruz Məmmədov isə deyib ki, razılaşma yoxdur. Gündəlik ermənilərin dediyi kimidirsə, - ki, başqa versiya səslənmir, - Məmmədyarovun orada nə işi var?

- Diplomatiyada, dövlət təcrübəsində belə bir şey ola bilər ki, hansısa nazir və ya prezident xalqına düşmənlə görüşdə hansısa mövqedən çıxış etməyəcəyini vəd edir, əslində isə aldadır və digər tərəfə tamamilə başqa təkliflərlə danışıqlar aparır?

- Məsələ ondadır ki, münaqişə nazirlər arasında deyil, ölkələr arasında baş verir. Məxfiliyin nəyisə həll edə biləcəyini iddia etmək nağıldır. Yüz minlərin iştirak edəcəyi reallaşma mərhələsində həqiqət mütləq üzə çıxacaq, saxtakarlıq xalqlara məlum olacaq.

- Contact.az-da iddia olunurdu ki, Azərbaycan XİN-in RF XİN mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan sərhədlərində erməni milliyyətli Rusiya vətəndaşlarının hüquqlarının tapdanması haqqında ittihamına birinci cavabı dəqiq və aydın olsaydı, Rusiya XİN ikinci dəfə Azərbaycan əleyhinə kəskin izahedici sənədlə çıxış etmək məcburiyyətində qalmazdı.

- Mənim fikrimcə, Azərbaycan tərəfi RF XİN-ə bunları çatdırmalı idi: Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin məntiqinə uyğun olaraq, iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqaviləyə əsasən, bir tərəf digərinə qarşı düşmənçilik fəaliyyətini qəbul edə bilməz. Rusiyada Ermənistanın bir çox diaspor təşkilatları fəal şəkildə işləyir, "DQR" nümayəndəliyi fəaliyyət göstərir. Bu təşkilatların əksəriyyəti Azərbaycanın maraqlarına qarşı tədbirlərə cəlb olunub, separatçılığa, onun təbliğinə və hətta bizim torpaqlarımızda terror aktlarına və digər düşmənçilik fəaliyyətlərinə şərait yaradır. Bu, RF-nin öhdəliklərinə ziddir. Biz təəccüblə qeyd edirik ki, RF icra orqanları buna nəinki mane olmur, bəzən hətta kömək edir. Erməni milliyyətli bəzi Rusiya vətəndaşlarının Azərbaycana qarşı düşmənçilik fəaliyyətinə cəlb olunduğunu nəzərə alsaq, Bakı sərhədlərdə RF vətəndaşı olan ermənilərin Azərbaycan əleyhinə fəaliyyətə cəlb olunub-olunmadığını müəyyən etmək üçün onlara qarşı xüsusi yoxlama rejimi tətbiq etməli olur. Bu insanlar bir neçə saat davam edə biləcək belə yoxlamalara hazırdırlarsa, Azərbaycana gəlməyə cəhd edə bilərlər.

Biz həmçinin bəyanatda Şimali Qafqazda separatçılıq, terror hadisələri zamanı Azərbaycanın öz ərazisindən Rusiyaya qarşı fəaliyyətin qarşısını almaq üçün hər şey etdiyini xatırlatmalıyıq. Biz ermənilərin separatçı fəaliyyəti ilə bağlı rəsmi Rusiyadan Azərbaycana qarşı eyni münasibəti gözləyirdik. Amma bu, baş vermədi. Buna görə Azərbaycan Rusiya vətəndaşı olan ermənilərə qarşı xüsusi sərhədkeçmə rejimi tətbiq etmək məcburiyyətində qalıb.

Elə həmin bəyanatda RF və AR-in siyasi məsləhətləşmələr keçirmək üçün çox sayda kanalları olduğunu xatırlatmaq lazım idi. Tərəflər arasında erməni milliyyətli Rusiya vətəndaşlarının Azərbaycana gəlişi məsələsi bu kanallardan istifadə ilə dəfələrlə müzakirə olunub. RF-nin Rusiya vətəndaşı olan ermənilər haqqında tələbləri Bakıya çatdırmağın məhz açıq yolunu seçməsinin səbəbi bizə aydın deyil. Bu, bütünlükdə təbliğat xarakteri daşıyırdı və məlum olur kimi, Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyırdı. -0-

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti