Намик Ман-Таш

Намик Ман-Таш

- Viki-də hazırki durum, dünyada movgeyi - yeri necədir?

- Azad ensiklopediya olan Vikipediya hər kəsə tanışdır. Hər zaman onda olan məlumatdan yararlanırıq və çoxumuz fərqinə belə varmırıq ki, bu məlumatların yerləşdirliməsi hansı formada həyata keçirilir, saytın tarixi, işləmə mexanizmi necədir.

Vikipediya (ing. Wikipedia) dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır. Vikipediya 15 yanvar 2001-ci ildə fəaliyyətə başlayıb. Vikipediya - "Wikimedia Foundation Inc." qeyri-hökumət təşkilatı tərəfindən idarə edilir. Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer (Larry Sanger) və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uelsdir (Jimmy Wales). Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək ilk öncə onu Nupediya (NuPedia.com) adlandırıblar. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edib. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edilib və 2003-cü ilin sentyabrında bağlanıb. Nupediya ensiklopediyası bağlanarkən orada 24 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə olub. Nupediyadan fərqli olaraq, Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub. Ensiklopediyanın əsas tələbi yazılan məqalələr və əlavə edilən məlumatların qərəzsiz olmasıdır. Çünki burada "Neutral Point Of View" şəxsı mövqe qorunur. Məsələn, kimsə öz ölkəsi haqqında qərəzli mövqe sərgiləyə bilməz.

2009-cu ildə aparılan araşdırmalara görə, ingilis dilində olan Vikipedia dünyanın ən çox oxunan və İnternet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutub.Virtual azad ensiklopediya olan "Vikipediya"nın yaşı az olsa da hazırda dünyanın ən populyar 5 İnternet saytından biri hesab olunur. Maraqlı məqam odur ki, digər 4 sayt böyük sərmayələr vasitəsi ilə formalaşdığı halda "Vikipediya"da tam könüllülük prinsipi əsasında informasiya bazası təkmilləşdirilir. Son hesablamalara görə, "viki-cəmiyyət" artıq 44 milyon insanı özündə birləşdirir. Vikipediya cəmiyyətin güzgüsüdür. Belə bir fikir mövcuddur: Hər bir millət layiq olduğu Vikipediyaya malikdir.

- AzViki daha cox nədən bəhs edir?

Normal olaraq hər bir Vikipediya eyni mövzulardan bəhs etməlidir və bu mövzular əslində sonsuzdur. Ancaq hər bir milli Vikipediyanın özünəməxsusluğu var. Bizim Vikipediya üçün daha çox Qarabağ, 20 Yanvar, Xocalı faciəsi və s. mövzular hər zaman gündəmdə olub. Məsələn, 2004-cü ilin iyununda Dağlıq Qarabağ səhifəsi Vikipediyada ən çox baxılan və dəyişiklikliyə məruz qalan səhifə olub. 2016-cı ilin martında İlisu səhifəsi, apreldə isə Aprel döyüşləri, 2017-ci ilin mayında isə Həzi Aslanov səhifəsi öndə olub. Zamanla istifadəçilər bu mövzulara yenidən qayıdırlar, dəyişiklik, əlavələr və s. edilir. Ümümən, hər bir milli Vikipediya öncə öz ölkəsi haqqında dolğun məqalələr yazmalıdır və bundan sonra digər ölkələr haqqında geniş səhifələr yaratmaq olar. Təsəvvür edin ki, AzVikipediyada Kür çayı haqqında qısa və səthi məqalə yazmışıq, ancaq Ob çayı haqqında Azərbaycan dilində mükəmməl məqalə var.

- Fəaliyyətə nə vaxt başlayıb? Hazırda nə gədər oxucu və yazarı var?

Azərbaycan Vikipediyası 2004-cü ilin aprelində fəaliyyətə başlayıb və hazırda 70 mindən çox istifadəçi qeydiyyatdan keçib. 2017-ci ilin iyulunda Azərbaycan dilində olan Wikipedia (Azviki) bir pillə irəliləyiş əldə edib. Azviki urdu dilində olan Wikipedianı keçərək 53-cü pilləyə yüksəlib. 26 iyul 2017-ci il - Azərbaycan dilində olan Vikipediyada 122.622 məqalə var. 2014-cü il martın 25-də Azərbaycan dilində Vikipediyada məqalələrin sayı 100 000-i keçib və beləliklə, bu layihə Vikipediyanın 10 000+ bölməsindən 100 000+ bölməsinə adlayıb. 14 aprel 2015-ci il - 95 873 məqalə (ərəb əlifbasında bütün məqalələr silinib- 5 819 məqalə); 22 iyul 2015-ci il - Azərbaycan dilində ərəb əlifbasında ayrı Vikipediya yaradılıb.

İstifadəçilərin sayı minlərcə olsa da ümumən, ilboyu aktiv olan 30-50 istifadəçi var. İdarəçi statusu alan istifadəçilər 14 nəfərdir. İdarəçilər səsvermə yolu ilə seçilir və səsvermə yolu ilə də statusu alınır. Maraqlıdır ki, indiyə kimi bu 14 idarəçiyə qədər başqa 15 idarəçi olub və heç biri hazırda idarəçi statusuna malik deyil.

- AzViki hansı problemlərlə üzləşir?

Hər bir Vikipediyanın özünəməxsus problemləri olur. Ümumən, Vikipediyanın standart problemləri mövcuddur. İlk öncə texniki problemlər (məsələn botlarla bağlı problem), məqalələlərin vikifikasiyası, ümumi Vikipediya istifadəçiləri arasında olan münasibət və s. Vacib məsələlərdən biri gün ərzində Azvikipediyada yaradılan məqalələrin sayının artırılmasıdır. Hazırda gün ərzində 20-25 məqalə yaradılır. Bu rəqəm də o qədər yüksək deyil. Bunda başqa qeydiyyatdan keçmiş istifadəçi sayına görə yaradılan məqalələr arasında böyük fərq var. Həm də başqa vikipediyalarda sırf Azərbacanla bağlı, əsasən Qarabağ, Azərbaycan tarixi, Qarabağ münaqişəsi və s. tipli məqalələrdə bizlər çox passiv oluruq və mövzulara müdaxilə etmək qabiliyyətimiz az olur. Bu da ümumi Vikipediya qaydalarını az bilmək və dil problemi ilə bağlıdır.

- Onları həll etmək ücün nə edilir?

Ilk öncə istək olmalıdır: heç bir təmənna gözləmədən bu iş üçün özünü fəda etmək gərəkdir. Milli maraqlar üçün vaxtını bu sahədə sərf etmək gərəkdir. Bunun üçün ilkin məqam təbliğatdır. Vikipediyanı cəmiyyətdə həm təbliğ etmək, həm də bir başqa insanları ona cəlb etmək gərəkdir. Əslində bizlərdə Vikipediyaya yetərincə müraciət var. Məsələn, orta məktəb hazırda Vikipediya məlumatlarına daha çox istinad edir. Ancaq bu, yetərincə deyil. İnsanlar Vikipediyanı sadəcə rahat-luqum hesab edir. Onlar ilk öncə dərk etməlidir ki, bu rahatlıq necə meydana gəlir, hansı əziyyətlərdən keçir. Qeyd edim ki, Vikipediya əslində aşağı yaşlardan təbliğ olunmalıdır. Çox uzağa getməyək: Xankəndində ermənilər orta məktəbin aşağı siniflərində Vikipediyada məqalə necə yaradılır mövzusunda dərslər keçirlər.

- AzViki-nin hədəfləri hansılardır?

Hədəflər fərqlidir. İlkin hədəf Qafqazda öndə olmaqdır. Həm məqalə sayı baxımından, həm də məqalə dərinliyi baxımdan. Cəmiyyətdə Vikipediyanın mahiyyətini hərtərəfli aşılamaq lazımdır. İlk 50-liyə düşmək lazımdır. Vikipediyanı, sadəcə, masa arxasında mübahisəli məsələlərin həlli mənbəyi kimi baxmaqdan qurtarmaq lazımdır. Onu bir milli məsələ halına gətirmək lazımdır. Bundan əlavə, digər vikipediyalarda (rus, ingilis və s.) Azərbaycanla bağlı məqalələrin yaradılması vacibdir, ölkəmizlə bağlı qərəzli yazılmış səhifələri dəyişmək lazımdır.

- Dövlət və ictimaiyyət tərəfindən yardım və s. edilir? Nə gözləyirsiniz?

Əslində Vikipediyada hər şey könüllülük əsasında formalaşmalıdır. Hər hansı kənar təsirlər (maddi maraq güdmək, məcburiyyət və s. hallar) Vikipediyada arzuolunmaz hal hesab edilir. Ancaq Vikipediyanı təbliğ məqsədi ilə görüşlərin, seminarların keçirilməsi üçün dəstəyin olması vacibdir. Qeyd etmək lazımdır ki, son vaxtlar Vikipediyanın yaratdığı geniş imkanlar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən lazımınca qiymətləndirilir. AMEA-nın Rəyasət Heyətinin 2014-cü il 15 yanvar tarixli qərarı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Viki-Mərkəz yaradılıb. AMEA Mərkəzi Elmi Kitabxanasının sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları Wikipedia elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində geniş iş aparırlar. Mərkəzdə Wikipedia ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir. AzVikipediya dailində isə müntəzəm olaraq müsabiqə ayı təşkil olunur. Müxtəlif mövzularla bağlı təşkil olunan bu müsabiqədə iştirakçıların fəallığını artırmaq və maraq yaratmaq üçün müsabiqə qaliblərinə mükafatlar verilir. Mükafatlar Vikimediya Fondu tərəfindən maliyyələşdirilir.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti