Ombudsman Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov haqda

Bakı/14.07.17/Turan: "Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib". Ombudsman Aparatının Milli Preventiv Qrupu (MPQ) üzvlərinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına baş çəkməsi ilə bağlı qurumun yaydığı məlumatda belə deyilir.

Məlumatda MPQ üzvlərinin adıçəkilən təcridxanaya əvvəlcədən xəbərdarlıq etmədən getdikləri bildirilir.

Başçəkmədə məqsəd müəssisədə rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, həbs olunmuş şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ üzvləri digər saxlanılan şəxslərlə yanaşı, AXCP sədrinin müavini Gözəl Bayramlı, jurnalistlər Əfqan Muxtarlı və Əziz Orucovla da görüşüblər. Onların konfidensial qaydada dinlənildiyi, müraciət və qaldırdıqları məsələlərin yerində araşdırıldığı bildirilir: "Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib. Bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər. Hər bir şəxsə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib. Ombudsmana ünvanlanmış ərizələri qəbul olunub və bir sıra müraciətlər yerində təmin edilib", deyə məlumatda bildirilir.

Ombudsman aparatı bildirir ki, başçəkmənin nəticəsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

Qeyd edək ki, Ombudsman Aparatı əməkdaşlarının görüşdüyü hər 3 saxlanılan şəxs bundan öncə saxlama şəraitindən, təcridxanada hüquqlarının pozulmasından şikayətçi olduqlarını bildiriblər.

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib.

Jurnalist Əfqan Muxtarlı isə bildirir ki, Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib. O, AR Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. Azərbaycanda təqibdən qaçaraq iki il Gürcüstanda yaşamış Ə.Muxtarlı ittihamları rədd edir.

"Kanal 13" internet resursunun Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. İnzibati cəza başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti