Son yenilənmə

(18 d. əvvəl)
Mehman Əliyev

Mehman Əliyev

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev "Amerikanın Səsi"nə müsahibəsində Vergilər Nazirliyinin agentlikdə apardığı axtarışdan və cinayət işindən danışıb.

Sual: Vergilər Nazirliyi Turan Agentliyində axtarış aparıb. Səbəb nədir?

Cavab: Səbəb - külli miqdarda vergidən yayınmaqla bağlı kameral yoxlamalar əsasında avtomatik olaraq cinayət işi qaldırılıb. Çünki vergidən yayınmağın məbləği 20 min manatdan yuxarı qeyd edilib. Həmin cinayət işinin əsasında Nəsimi rayon Məhkəməsinin qərarı ilə axtarış aparılıb.

Sual: Turan Agentliyindən hansı sənədləri götürüblər?

Cavab: Maliyyə sənədlərini, bir sıra kargüzarlıq sənədləri (işçilərin qeydiyyatı ilə bağlı və s.) götürüblər. Elektron və çap məhsullarını götürüblər.

Sual: Axtarış zamanı jurnalistlərin şəxsi sənədlərinə, onların yazılarına, məqalələrinə, komputerlərinə baxış keçirilib?

Cavab: Yox. Yaradıcılıq hissəsi ilə bağlı heç bir yoxlama aparılmayıb.

Sual: Turan Agentliyi Vergilər Nazirliyində açılan cinayət işinin media azadlığına qarşı olduğunu bildirib. Agentlik bağlana bilər?

Cavab: Mən yenə də təsdiq edirəm ki, bu, media azadlığına qarşıdır. Yəni, Turan-a qarşı aparılan əməliyyatdır. Çünki, biz məhkəməyə verdiyimiz şikayətdə və vergilər naziri Fazil Məmmədovun adına göndərdiyimiz müraciətdə qanun pozuntularını göstərmişik. Cinayət işinin açılması ilə bağlı qərarın verilməsi əsassızdır. Turan-ın bağlanması da real ola bilər. Turan bağlana bilər. Yəni, biz buna həmişə hazır olmuşuq. Son 20 ildə real olaraq biz buna hazır olmuşuq. Necə ki, başqa medialarda bu baş verdi, Turan üçün də hər an baş verə bilərdi. Ya hakimiyyətlə iş birliyi yaratmalısan, ya da sıradan çıxmalısan. Əslində, Azərbaycanda həmişə bu siyasət aparılıb. Biz bu xəttə məntiqlə baxsaq, bu baş verə bilər.

Sual: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Cavab: Əslində mən vəziyyətdən çıxış görmürəm. Çünki hakimiyyət tərəfi hansısa bir plan qurub və planı çərçivəsində də qanunları tapdalayaraq bu işi aparır. Belə halda vəziyyətdən çıxış görmürəm. Yəni hakimiyyət çalışacaq ki, axıradək maksimal dərəcədə məsələni həll etsin. Buraya agentliyin qapadılması, başqa məsələ də daxil ola bilər. Amma, hələ ki, mən çıxış yolu görmürəm. Çünki biz məhkəməyə və nazirə məktubumuzda çıxış yolunu təklif etdik. Bir də müsahibələrimizdə, çıxışlarımızda çıxış yolunu göstərmişik. Ancaq, qarşı tərəf bunu eşitməyib, eşitmək də istəmir, öz hərəkətlərini davam etdirir. Bugünki axtarış da elə onu sübut edir.

Sual: Turan Agentliyi Vergilər Nazirliyinin məhkəməyə verib. Məhkəmə baxışı nə vaxta təyin edilib? Turan Agentliyi Vergilər Nazirliyindən nə tələb edir?

Cavab: Birincisi, baxış hələ təyin olunmayıb. Əgər təyin olunsa, sentyabrın əvvəllərində olacaq. Biz qeyd etmişik ki, cinayət işi ləğv olunmalıdır, cinayət işi dayandırılmalıdır. Onları maraqlandıran suallara cavab verməyə hazırıq. Əsas məsələ budur.

Sual: Belə olan halda axtarış təyin edilib?

Cavab: Onların cavabı daha da sərtləşmək, daha da məsələni genişləndirmək istiqamətidir. Hətta, bu gün dedilər ki, orada konkret 3 il göstərilir (2014-ci ilin iyulundan 2017-ci ilin iyulunadək). Bu gün dedilər ki, bizə 2010-cu ildən tədqiqat aparmaq lazım olacaq. Çox maraqlıdır. Demək istəyirəm ki, işi daha çox şişirtmək, daha çox uzatmaq, yəni məqsəd budur, - təzyiq etmək.

Sual: Hökumətə, ictimaiyyətə sözünüz?

Cavab: İctimaiyyətə, hökumətə sözümüz yoxdur. Sözüm ondan ibarətdir ki, bizə qarşı bu addımlar qeyri-qanunidir, ədadlətsizdir. Hesab dirəm ki, hökumətin bizə böyük borcu var. Milyonlarla borcları var. Çünki onların 1998-ci ildən apardığı siyasət nəticəsində başqa medialar da, o cümlədən Turan da milyonlarla vəsait itirib. Yəni bu pulları qazana bilməyib. Mən də onlara qarşı bu ittihamı irəli sürürəm. Bu, realdır.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti