Əfqan Muxtarlının bacısının və bacısı uşaqlarının dəfnində iştirak etməsinə icazə verməyiblər

Bakı/01.01.18/Turan: Bazar ertəsi Zaqatalada həbsdə olan jurnalist Əfqan Muxtarlının bacısının və onun iki azyaşlı övladlarının dəfn mərasimi keçirilib.

İlkin məlumata görə, onlar dekabrın 31-də Zaqataladakı mənzillərində dəm qazından boğulma nəticəsində dünyalarını dəyişiblər.

Dəfn günü qonşu Şəki rayonunda istintaq təcridxanasında olan Əfqan Muxtarlının istintaq altında olması bəhanəsi ilə vida mərasiminə buraxmayıblar.

Jurnalistin vəkili Elçin Sadıqov Turan-a bildirib ki, Əfqan istintaq təcridxanasının rəisinə və Penitensiar Xidmət rəhbərliyinə dəfndə iştirakına icazə verilməsi xahişi ilə müraciət yazıb. Amma icazə verilməyib.

Bu məsələ ilə bağlı hakimiyyətlə ünsiyyət quran hüquq müdafiəçiləri də kömək edə bilməyiblər.

* * *

2018 Yanvar 02 (Çərşənbə axşamı) 17:14:10

Əfqan Muxtarlının qohumlarının ölümü ilə əlaqədar cinayət işi başlanıb(YENİLƏNİB)

Bakı/01.01.18/Turan: Əfqan Muxtarlının qohumları - bacısının, bacısı qızının və qardaşı qızının ölümü ilə əlaqədar cinayət işi başlanıb.

Zaqatala rayon prokurorluğunun mlumatına görə, dekabrın 31-də saat 14 radələrində Zaqatala şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, mənzil 14-də 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızının meyitləri aşkar edilib.

Rayon prokurorluğu, rayon Polis Şöbəsi və "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirilib.

Mənzil bir otaq, mətbəx və bir hamam otağından ibarətdir və mənzil kustar üsulla çuqun materialdan hazırlanmaqla rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırılır.

Meyitlər məhkəmə-tibb ekspertizasından keçirilərkən dəm qazı və qida zəhərlənməsi ehtimalı nəzərə alınmaqla nümünələr götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə ölümün dəm qazından və qida zəhərlənməsindən baş verməsi fərziyyələri ətrafında zəruri istintaq-əməliyyst tədbirləri davam etdirilir.-06D--

* * *

2018 Yanvar 01 (Bazar ertəsi) 00:07:15

Əfqan Muxtarlının bacısı və bacısı, qardaşı uşaqları evdə ölü tapılıb

Hadisənin dəm qazından baş verdiyi ehtimal edilir

Jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşı uşağı mənzildə ölü tapılıb. Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Nuranə Sabir qızı Muxtarlı və onun bir azyaşlı övladı, o cümlədən qardaşı Ramazanın azyaşlı qızının meyitləri aşkar edilib.

Hadisə barədə Meydan TV-yə Əfqan Muxtarlının qardaşı Elşən Muxtarlı məlumat verib. Onun sözlərinə görə, meyitlər dekabrın 31-də saat 14 radələrində aşkarlanıb:

"Qaz sobası işlədirdilər. Gecə yanılı qoyub yatıblar. Bərk külək olub, qazı söndürüb, xəbərləri olmayıb. Qaz da dolub evə".

Elşən Muxtarlı deyib ki, hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.
E. Muxtarlı bildirib ki, hazırda meyitlər tibbi müayinə olunmaq Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.

Hadisə barədə Əfqan Muxtarlıya məlumat verilib. "Bastainfo" saytının baş redaktoru Mustafa Hacıbəylinin sözlərinə görə, Əfqan Muxtarlı onunla əlaqə saxlayıb: "Əfqan Muxtarlı zəng etmişdi. Çox üzülüb. Dedi: "Vəkillərim Penitensiar Xidmətə müraciət etsinlər, dəfnə gəlib çatım".

Vəkil Elçin Sadıqov Əfqan Muxtarlının dəfndə iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət edib. Vəkil Meydan TV-yə deyib ki, hazırda Penitensiar Xidmətin qarşısındadır və hələlik icazə verilməyib.

Oturum izni ilə Gürcüstanda yaşayan Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti