Qərargah rəhbəri: Alpinistlər 10-15 metr dərinlikdə qarın altındadır

Bakı/03.01.18/Turan: Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən (Bakıdan 190 kilometr şimal) Tufandağı istiqamətində yürüşə çıxan zaman itkin düşmüş "Gilavar" - Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Naimin Bünyatzadənin axtarışı məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, axtarış-xilasetmə işlərinin məhdudlaşdırılmasına əməliyyat aparılan ərazidə hava şəraitinin kəskin pisləşməsi (qar yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) səbəb olub.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələr, digər dövlət qurumlarının əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edir. Meteoroloji şəraitdən asılı olaraq əməliyyata Fövqəladə Hallar Nazirliyinin helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunur.

Bununla yanaşı, son günlər sosial şəbəkələrdə özünü könüllü kimi təqdim edən şəxslər tərəfindən Fövqəladə Hallar Nazirliyinin axtarış işlərini düzgün qurmaması, lazımi miqdarda texnika və qüvvə cəlb etməməsi, bəzi könüllülərə qarşı pis rəftar göstərilməsi barədə tənqidi fikirlər yayılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinnin rəisi, axtarış-xilasetmə qərargahının rəhbəri, polkovnik Şahin Mirzəyev gununsesi.info saytında tənqidlərə cavab verib. O könüllülərin tənqidlərinin əsassız olduğunu bildirib və dağlıq əraziyə bələd olmayan, 20 dərəcəyədək şaxtalı havada, qar uçqunu ehtimalı olan yerlərə həvəskar insanların getməsinə həqiqətən icazə vermədiyini deyib.

"Yazırlar ki, biz könüllüləri qəsdən axtarışdan uzaqlaşdırırıq, ancaq elə deyil. Bir qrup insan var ki, məqsədi ancaq gəlib hansısa dərənin dibində, ya helikopterdə şəkil çəkdirib paylaşmaqdır ki, guya o da axtarışla məşğuldur. Guya dağa çıxmaq istədiklərini deyirlər, amma yarı yoldan qayıdırlar. Ancaq elə o adamların da təhlükəsizliyinə biz cavabdehik. Gedər o özü də uçquna düşər, ona birbaşa mən cavabdehəm. Onların heç bir texniki avadanlığı yoxdur. Gəlib ki, mən adi bir ayaqqabı ilə gedirəm axtarışa. Biz buna necə icazə verə bilərik? Qətiyyən olmaz", Mirzəzyev qeyd edib.

Qərargah rəhbərinin dediyinə görə, alpinistlərin qar uçğunu altına düşdüklərini bilirlər.

"Bilirik ki, onlar uçqun altına düşüb. Onlarla əlaqə kəsilməzdən bir gün qabaq xəbər veriblər ki, burada tufan var, biz çadır qurmuşuq. Deyiblər ki, hava sakitləşsin çıxaq. Ondan sonra onlarla əlaqə kəsilib. Həmin məqamda da çovğun olub, qalıblar uçqun altında. Bizə bu alpinistlərin hərəkət trayektoriyası verilməyib. Bunlar hamısı əvvəlcədən verilməli idi. Bundan danışsınlar. Yoxsa bıçaq götürməklə, bu məlumatları yaymaqla nəyə nail olacaqlar? Məncə, bu adamları öyrədiblər", o sosial şəbəkələrdə və bəzi internet saytlarında yayılan tənqidlərin təşkil olunduğunu düşünür.

Şahin Mirzəyev hazırda 6 metr dərinlikdə axtarışlar aprıldığını bildirib. O alpinistlərin sağ qalması ilə bağlı ehtimalın olmadığı qənaətindədir.

"Hələ ki, heç nə deyə bilmirəm... Allahın möcüzəsi olur. Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar. Ümumiyyətlə belədir ki, qarda bir neçə saat hərəkətsiz qaldıqda insan donur. Aydın məsələdir ki, donublar orada. Biz özümüz orada yarım saat, bir saat hərəkətsiz qalsaq, bədənimiz donar. Ancaq dediyim kimi, biz ümidimizi üzmürük. Sizi əmin edirəm ki, vicdanla, canla-başla axtarışlarımızı davam etdiririk", o qeyd edib.

Qərargah rəhbəri alpinistlərə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və idman klubunun məsuliyyət daşıdığını bildirib.

"Əslində, Ekologiya Nazirliyi belə havada alpinistlərin o istiqamət üzrə getmələrinə icazə verməməli idi. Eyni İlə, həmin idman klubu buna qarşı çıxmalı idi. Ancaq icazə verilib. Ona görə də belə əl-ayağa düşüb, bizi qaralayırlar. 3 alpinistin həyatına görə onlar məsuliyyət daşıyır, ancaq bizi ləkələmək istəyirlər", Mirzəyev deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Gilavar" - Hava və Ekstrim İdman Klubu hələ qərargah rəhbərinin dediklərinə münasibət bildirməyib.-0-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti