Qabil Vəliyevin işi üzrə məhkəmədə

Bakı/09.01.18/Turan: Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrliyilə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Qabil Vəliyevin işi üzrə növbəti iclas keçirilib.

O 2016-cı ilin dekabrında reket və qanunsuz informasiya əldə etmək üçün texniki vasitədən istifadədə şübhəli bilinərək həbs edilib.

Zal müttəhimin qohumları və dostları ilə dolu olub, Q.Vəliyev özü isə "şüşə qəfəs"ə (məhbuslar üçün səs keçirməyən yer) salınıb.

Hakim F.Qəribov məhkəmə kollegiyasının tərkibini açıqlayıb və proses zərərçəkənlərin dindirilməsi ilə başlanıb.

Zərərçəkən Rəsulov öz ifadəsində bildirib ki, 2013-cü ildə onun bir obyektlə bağlı problemi olub. Belə ki, həmin obyekti qohumu ilə bölə bilməyib. "Qohumum dedi ki, məndən "Gündəlik Bakı" qəzetinə şikayət edəcək və onlar mənə böyük problem yaradacaqlar. Mən narahat oldum və qəzetin əməkdaşlarından biri Rabil Hüseynova yol tapa bildim. O, məni Qabil Vəliyevlə görüşdürdü. Biz kabinetə daxil olanda gördüm ki, masanın üzərində sənədlər var. Q.Vəliyev mənə dedi ki, onları hüquq-mühafizə orqanlarına verəcək və mənim üçün yaxşı olmayacaq. Çünki mənim obyektə dair sənədlərim qanunsuzdur və o, obyektin sökülməsinə nail olacaq. O, məndən 10 min dollar istədi. Düzdür, mənə qohumumla barışmağı təklif etdi, ancaq qohumum istəmədi. Biz kabinetdən çıxarkən mən Rabilə dedim ki, ancaq min dollar verə bilərəm və səhər rayonda ona 785 manat verdim".

Verilən pulun gələcək taleyi ilə bağlı prokurorun sualının cavabında zərərçəkən deyib ki, 5 aydan sonra təsadüfən Rabili görüb və o deyib ki, pulu Qabil Vəliyevə verib. Q.Vəliyev is zərərçəkəni ilk dəfə gördüyünü bildirib.

Sonra hakim Rəsulovdan hər hansı tələbinin olub-olmadığını soruşub. Zərərçəkən deyib ki, öz pullarının qaytarılmasını istəyir. Müttəhimin vəkilləri problemin həll olunacağını bildiriblər.

Zərərçəkən, Laçın Rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri Ramiz Cəbrayılov məhkəməyə yazılı müraciət təqdim edib. Müraciətdə müttəhimə qarşı iddiasının olmadığını bildirib. "Mən Qabil Vəliyevi tanımıram, şəxsən onu heç zaman görməmişəm. O, günahlar deyil və mənim heç kimə qarşı tələbim yoxdur. Mənə 15 min manat ziyan dəyib və bütünlüklə ödənilib. Jurnalisti mənim yanıma göndərən, ona sifariş verənlər cəzalandırılmalıdır. Onlar indiyədək vəzifədədirlər".

Prokurorun "istintaqa verdiyiniz ifadəni təsdiq edirsinizmi" sualına zərəçəkən müsbət cavab verib.

Digər iki zərərçəkən, keçmiş məmurlar Rəşid Manafov və Tofiq Sadıqov bildiriblər ki, mütthimə qarşı heç bir iradları yoxdur.

R.Manafov bildirib ki, Q.Vəliyevi 2008-ci ildən tanıyır. Redaksiyada olub. Baş redaktor onu gözdən salacaq informasiyanı dərc etməmək üçün min manat istəyib

"Əvvəlcə 300 manat verdim, çünki bundan çox yox idi. Ancaq sonra bir neçə dəfə ödədim: bir dəfə 200, sonra 100 manat. Ümumilikdə, Vəliyevə 1800 manat verdim.

Q.Vəliyev dedi ki, mənim barəmdə məqalə yazacaq və məni korrupsioner kimi təqdim edəcək. Mən rayonda yaşayıram, burada hamı bir-birini tanıyır. Ona görə də utandığımdan pul verdim".

Prokurorun "pulları kimə verdin" sualının cavabında zərərçəkən deyib ki, hər dəfə pulu şəxsən müttəhimin özünə verib. Ona dəyən zərərin ödənilməsi ilə bağlı suala zərərçəkən mənfi cavab verib, ancaq iddiasının olmadığını bildirib.

Q.Vəliyevin vəkilləri iddianın olmaması ilə bağlı R.Manafovun notariusda təsdiqlənmiş ərizəsini məhkəməyə təqdim ediblər.

Zərərçəkən T.Sadıqov qeyd edib ki, 2011-ci ilin fevralında Q.Vəliyev ona telefon edərək cinayətkar əməlləri barədə məlumatlı olduğunu bildirib.

"O, məndən 1500 manat tələb etdi. Mən onunla görüşdüm, 500 manat verdim. Bundan sonra o, tez-tez telefon etdi, ancaq mən cavab vermədim. Sonra zənglər və tələblər kəsildi.

Sonra T.Sadıqov deyib ki, pulları ona qaytarıblar və bu barədə sənədi məhkəməyə təqdim edib. Ancaq notariusda təsdiqlənmədiyi üçün məhkəmə qəbul etməyib.

Hakim bildirib ki, daha səkkiz zərərçəkən qalır. Onlar yanvarın 18-də növbəti iclasda dindiriləcək.-0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti