Фото из открытых источников

Фото из открытых источников

Məlum olub ki, o, bu yaxınlarda borcuna görə Azərbaycan Dövlət Pedaqoji Universitetindən çıxarılıb, şeirlər yazırdı, öz həyatı haqqında fikirlərini sosial şəbəkələrdə bölüşürdü. Göründüyü qədər, o, əvvəlcədən intihar etməyi düşünürdü və hətta bunun üçün yer də seçmişdi. Buna görə yanvarın 6-da günorta sosial şəbəkədə X-ə 52 saat iki dəqiqə qaldığı haqqında qeyd yazıb. Faciəvi addımdan bir saat əvvəl bulvara gəlib, sənədləri ilə gödəkcəsini sahildə qoyub, sosial şəbəkədə son şeirini paylaşıb. Bundan sonra saat 16.45-də özünü dənizə atıb.

Onun cəsədi artıq tapılıb. Yazmağa yeni başlayan şairin dostları hadisədən şoka düşüblər.

Elə həmin gün axşam saatlarında 1995-ci il təvəllüdlü Rəşad Mustafazadə "Ulduz" stansiyasında özünü qatarın altına atıb. Şahidlərin sözlərinə görə, bundan əvvəl o, qışqıraraq planını bəyan edib, amma sərnişinlərdən heç kim buna fikir verməyib, onu bu dəhşətli addımdan çəkindirməyə çalışmayıb.

Qafqazinfo-nun məlumatına görə, gənc sosial fəallığı ilə fərqlənirdi. O, bir neçə xarici dil bilirdi, turizm firmasında işləyirdi, bir neçə gün əvvəl Qəbələyə tur təşkil etmişdi.

Həmin gün daha bir intihar faktı qeydə alınıb. Ağdam rayonunun Quzanlı qəsəbəsində 66 yaşlı Hikmət Cəbiyev yaşadığı evin həyətində özünü asıb.

Hələlik hər üç intiharın səbəbləri məlum deyil. Faktlarla bağlı araşdırma aparılır.

Azərbaycanda intiharların sayı artmaqda davam edir, buna təkcə KİV-də intiharlar haqqında məlumatlar deyil, həm də rəsmi statistika dəlalət edir. DİN-in məlumatına görə, hər il ölkədə orta hesabla 500 intihar hadisəsi qeydə alınır. Son illər bu göstərici 430-520 fakt arasında dəyişir. Müqayisə üçün: 2009-cu ildə 378 intihar faktı, 2014-cü ildə 430, 2015-ci ildə 512 belə hadisə qeydə alınıb. Ötən il üçün məlumatlar hələ açıqlanmayıb.

Psixoloq Azad İsazadə qeyd edir ki, intiharların artması dinamikası göz önündədir. Proses cəmiyyətimizdə ciddi problemlərin - sosial, iqtisadi, şəxsi, psixoloji problemlərin olduğunu göstərir. Bütün bunlar ayrı-ayrılıqda və ya birlikdə insanı uçurumun kənarına aparır.

"İnsanı bu qorxunc addıma məhz həyatın mənasının olmaması və tənhalıq sövq edir. Müasir cəmiyyətdə həyat insanları yadlaşdırır, bir-birindən uzaqlaşdırır. Buna görə tez-tez böhran vəziyyətləri yaranır, həmin vaxt insanın yanında heç kim olmur. Dərd ondadır ki, bizdə intiharların profilaktikası üzrə heç bir iş aparılmır, hökumət bu istiqamətdə heç bir tədbir görmür. Müxtəlif əhali qrupları üçün potensial intihar təşəbbüskarının necə tanına biləcəyi haqqında maarifləndirici vəsaitlər və tövsiyələr hazırlanmalıdır. Xüsusən, valideynlər, yeniyetmələr, pedaqoqlar, yaşlı insanlar, böhran vəziyyətində olan və əməkdaşların sayını azaltmağa çalışan şirkətlər və s. üçün belə vəsaitlər hazırlanmalıdır", deyə mütəxəssis qeyd edir.

Amma Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin təxirəsalınmaz psixoloji yardım şöbəsinin müdir müavini Kəmalə Talıbova vəziyyəti qorxulu və faciəvi hesab etmir.

Onun sözlərinə görə, Azərbaycanda intiharların səviyyəsi kritik normadan aşağıdır. Dünyada hər 100 min nəfərə yeddi intihar kritik norma hesab olunur. Bizim ölkəmizdə bu göstərici 5 intihar təşkil edir. Məsələn, Pribaltikada bu göstərici 39-a, Rusiyada 27-yə, İsveçrədə 9-a bərabərdir. Azərbaycanda bu göstərici kifayət qədər aşağıdır.

Bu məntiqə əsasən, Azərbaycanın bu "kritik xətti" keçməsini gözləmək lazımdır. Yəni müşahidə olunan tendensiya preventiv tədbirlərin görülməsi üçün ciddi əsas deyil? Hansı tədbirlər? Bütün ölkə üzrə psixoloji yardım mərkəzləri şəbəkəsini genişləndirmək (əyalətlərdə də insanlar intiharla həyatlarına son qoyur - müəllif), onkoloji xəstələrin çarəsizlikdən və dözülməz ağrılardan öz canına qıymaması üçün xospislər yaratmaq, orta məktəbləri potensial intihar təşəbbüskarı olan məktəblini tanıması üçün peşəkar psixoloqlarla təmin etmək, etibar telefonları açmaq, KİV-də bu mövzuda sosial reklam da lazımdır. Çox sayda ideya və təklif var.

Məmurlarımızın bizə pis nümunə kimi göstərdiyi İsveçrədə məhz belə kompleks işlər görülüb. Amma məlum olur ki, son 20 ildə bu Avropa ölkəsində intihar səviyyəsi xeyli azalıb. 1991-2015-ci illər ərzində İsveçrədə intihar səviyyəsi hər 100 min nəfərə 20,7 nəfərdən 9 nəfərə qədər azalıb. İntihara meylli insanlar bu gün əvvəlkindən daha çox kömək üçün müraciət edirlər və onu alırlar da.

Berndə məşhur "Kirxenfeldbryuke" körpüsündə olan hər bir piyada məhəccər boyunca iki insan boyu yüksəkliyində metal tor çəkilib, girişdə isə "STOP" yazısı və psixoloji və digər problemi olanların kömək üçün pulsuz qaynar xətlə xüsusi xidmətə müraciət etməsi məsləhəti əks olunan plakat görmək olar. Bu, son illər İsveçrədə intiharlara qarşı mübarizə üzrə görülmüş tədbirlərdən yalnız biridir. Və əlbəttə ki, onlar müsbət nəticə verir.

İsveçrənin 12 kantonunda intiharların profilaktikası proqramı fəaliyyət göstərir. İnformasiya, maarifləndirmə işi xeyli güclənib, psixoloji yardım xidməti müasirləşdirilib. Vətəndaşlar psixoloji kateqoriyalarla düşünməyi və problemlərinin dərin əsasları olduğunu dərk etməyi öyrəniblər. Onların öz psixoloji probmelərini artikulyasiyası üçün anlayışları yaranıb, buna görə bu gün psixoloji problemləri olan insanlar əvvəlkindən daha çox kömək üçün müraciət edirlər.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti