Media-icmal 10.01.18

Aqrar sahənin inkişafında yeni mərhələ, valyuta bazarındakı durum, qeyri-neft sahəsinin problemləri, turizm sahəsindəki vəziyyət bugünkü (10 yanvar, 2018-ci il) medianın aparıcı mövzularındandır.

Aqrar sahənin yeni inkişaf mərhələsi

"Azərbaycan" qəzetində "Aqrar sektorda yeni mərhələ başlanır" sərlövhəli məqalədə ölkədə aqrar sahənin inkişafı dəyərləndirilir.

Müəllif deyir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına gedən yol asan olmayıb və son 14 ildə bu sahənin inkişafını şərtləndirən çoxsaylı sərəncamlar, fərmanlar imzalanıb: "Bu baxımdan aqrar sektordakı indiki uğurlar gərgin əmək və həyata keçirilən düzgün siyasət sayəsində əldə edilib. Ölkəmiz artıq nəinki bir çox strateji məhsullara olan tələbatını yerli istehsal hesabına ödəyir, hətta xaricə də kənd təsərrüfatı məhsulları ixrac edir".

Müəllif vurğulayır ki, aqrar məhsul istehsalçıları torpaq vergisi xaricində bütün növ vergilərdən azad ediliblər, yanacaq, sürtkü yağları, gübrə, toxum və damazlıq heyvanlara görə subsidiyalar verilir, əlavə güzəştlər olunur, fermerlərə də güzəştli kreditlər verilir, bu isə indiki inkişafın təməlini təşkil edir.

Müəllif hesab edir ki, bu təsərrüfatların fəaliyyəti nəticəsində istehlak bazarı sabitləşib, ixrac potensialı artıb, idxaldan asılılıq azalıb, ərzaq təhlükəsizliyi möhkəmlənib.

Yazı müəllifi bu sahədə aqroparkların yaradılmasını mütərəqqi üsullardan biri kimi dəyərləndirir və fikrini dövlət başçısı İham Əliyevdən sitat gətirməklə qüvvətləndirir: "Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır, bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır, özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır".

Müəllif deyir ki, Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar sənaye sahəsinin inkişafını təmin etməkdir.

Müəllifə görə, bu, onunla bağlıdır ki, Azərbaycanın aqroiqlim şəraiti regionlarda ekoloji cəhətdən təmiz, təbii üsullarla, yüksək keyfiyyətli, sağlamlığa zərərsiz ərzaq məhsulları istehsalına imkanlar verir.

Müəllif deyir ki, bütünlükdə isə kənd təsərrüfatının inkişafı, istehsalın modernləşdirilməsi üçün emal sənayesi mühüm əhəmiyyət kəsb edir, bu sahə kənd təsərrüfatı istehsalının inkişafında lokomotiv rolunu oynayır.

Xammal istehsalı ilə emal sənayesinin vəhdəti daxili imkanlar və yerli resurslar vasitəsilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixracyönlü məhsul istehsalının artırılması üçün böyük perspektivlər vəd edir.

"Sıxılan" manat və inkişaf edən "iqtisadiyyat"

"Exo" qəzetində isə "Bir dəfə iqtisadiyyat və valyuta bazarı davam gətirməyəcək və manat "batacaq" sərlövhəli məqalə oxumaq olar.

Müəllif 2018-ci ildə manatın və ölkənin valyuta bazarının perspektivini ekspert Əkrəm Həsənovla müzakirə edir.

"2018-ci ildə Mərkəzi Bank manat kütləsini zaman-zaman sterilizə edərək dövrü olaraq "sıxacaq". Bununla da manatın dəyərini süni olaraq qaldıracaq, amma bir dəfə iqtisadiyyat və valyuta bazarı buna davam gətirməyəcək və manat "batacaq". Ə.Həsənov ölkənin valyuta bazarındakı mövcud durumu qəzetə belə anladır.

Ekspert deyir ki, Azərbaycanda istər banklar, istərsə də əhali tərəfindən xarici valyutaya tələbat azalıb və bu proses davam edir, 2017-ci ilin sonunda tələbat artsa da bu, mövsümi amil ilə bağlı idi: "Qonşu ölkələrdə bu meylin səbəbi valyutanın baha olmasıdır, bizdə isə tamam başqa səhnədir. Valyuta bazarında dollar və avro almaq üçün kifayət qədər manat yoxdur. Son üç ildə tənzimləyici (yəni Mərkəzi Bank) manat bazasının dövriyyəsini daim azaldıb. Bundan əlavə, Mərkəzi Bank kommersiya kredit təşkilatlarına kredit verməyə son qoyub, müntəzəm depozit hərracı keçirərək manatı sterilizə edir".

Ekspert deyir ki, son hərraclar göstərir ki, banklar sərbəst manatlarını Mərkəzi Banka qoymağa maraqlı deyillər, təklif 200 milyon manat olsa da cəmi 57,5 milyon manat cəlb olunub.

Ə.Həsənova görə, bu, banklarda az manat qalmasının, həm də xarici valyuta alınmasına belə vəsaitin olmamasının göstəricisidir.

Ekspertə görə, manat iqtisadiyyatı pul vəsaiti ilə təmin etmək kimi funksiyasını qətiyyən yerinə yetirmir.

Müəllif xatırladır ki, Mərkəzi Bank 2017-ci ildə depozit hərracları vasitəsilə 9,98 milyard manat cəlb edib, tələb isə 25,56 milyard manat, olub, yəni, tələb təklifi 2,6 dəfə üstələyib.

Hərrac çərçivəsində il ərzində faiz dərəcəsi 10,1 və 14,87 arasında dövr edib.

Mərkəzi Bank depozit hərraclarına 2016-cı ilin yayından başlayıb və bu hərraclarda Mərkəzi Bank kommerisya banklarının depozitlərini cəlb edir, bunun da əsas məqsədi manatın sterlizə olunması, yəni, dövriyyədən çıxarılmasıdır.

Azərbaycanda hazırda 30 bank fəaliyyət göstərir ki, bunun da ikisi dövlət bankıdır.

Əgər inhisar aradan qalxmasa...

"Novoye Vremya" qəzetində isə "Kim pambıqçılığı yenidən böhrana soxur?" sərlövhəli məqalə oxumaq olar.

Neftin barelinin bahalanma rekordu qırmasına baxmayaraq, müəllif Azərbaycan iqtisadiyyatının qeyri-sabit qaldığını, indiki neft konyukturasında iqtisadiyyatın tezliklə artacağını belə söyləməyin mümkün olmadığını deyir.

"Burada müsbət faktor ancaq ölkəyə valyuta daxil olmasını saymaq mümkündür. Digər tərəfdən isə neftin yüksək qiymətdə olması "ikibaşlı ağac" kimidir. Hələ məlum deyil ki, neftin indiki yüksək qiymətinə sevinək, yoxsa kədərlənək?"

Müəllif ölkə iqitisadiyyatının yenidən neft satışı üzərinə keçirilməsi kimi təhlükələr olduğunu deyərək bunun iqtisadiyyata daha çox ziyan vuracağını, qeyri-neft sahəsinin taleyin ümidinə buraxılacağını bildirir.

Yazı müəllifi vurğulayır ki, onsuz da hökumət aqrar sahənin inkişafı üçün heç nə etməyib, aşağı məhsuldarlıq, yüksək olmayan alış qiymətləri pambıqçılıq ilə məşğul olan fermer təsərrüfatlarını ziyana salıb.

Ölkə rəhbərliyinin pambıqçılığı prioritet elan etdiyini və bunda məqsədin neftin dəyərinin azalması ilə ölkəyə daxil olan valyuta azlığını aradan qaldırmaq olduğunu deyən müəllif bu sahədə problemlərə diqqət çəkir: "Pambıqçılıq daim investisiya tələb edən sahədir, pambıq ixracından real fayda görmək üçün sərmayə yatırılmalıdır, amma bu da azdır. Məmurlar talançılıaq, "şişirtmə", korrupsiya, sui-istifadə ilə məşğul olacaqsa bu, məhsuldarlığa təsir göstərəcək. Yerli "padşah"lar və mərkəzdə onları dəstəkləyən məmurlar tərəfindən belə münasibət təkcə fermerləri ziyana salmır, həm də təsərrüfatın dağılmasına səbəb olur".

Müəllif iddia edir ki, pambıq işinə yatırılan sərmayələr ünvanına çatmır, ya da oğurlanır, dövlət büdcəsində isə 100 milyon manatlarla kəsir var.

Müəllifə görə, bu neqativi aradan qaldırmaq üçün pambıq ixracı şəffaf olmalı, müəyyən qurumlar prosesə birbaşa nəzarət etməlidirlər. Oliqarxlar pambıq ixracını inhisara götürüblər, təsərrüfatlararası rəqabətə maneələr yaradaraq toplanmış məhsulu ucuz qiymətə alırlar və buna son qoyulmasa ölkədə pamblqçılığın inkişafını gözləməyə dəyməz.

Müəllif hesab edir ki, bu sahəyə dəyən ziyan bir tərəfdən bütün qeyri-neft sahəsində özünü göstərir, digər tərəfdən isə hökumətin qeyri-neft sahəsinə barmaqarası münasibəti bu sektora daxili və xarici sərmayə qoyulmasına baxmayaraq, ziyana səbəb olur.

Aldım qoz, satdım qoz...

"Azadlıqinfo.az" da isə diqqəti "Aldım qoz, satdım qoz, mənə qaldı şax şaxı" sərlövhəli məqalə cəlb edir.

Məqalədə tanınmış iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib və iqtisadçı Azərbaycan və Gürcüstan turizmi arasında paralellər aparır.

İqtisadçı Azərbaycan turizmində bahalığın hələ davam etməsini vurğulayaraq deyir ki, Azərbaycana gələn 1 turistin xərci Gürcüstana gedən iki turistin xərcinə bərabərdir.

Q.İbadoğlu bildirir ki, 2017-ci ildə Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb, 2,5 milyon nəfəri ötüb.

Amma iqtisadçı xatırladır ki, bu halda belə bu rəqəm Gürcüstanın müvafiq göstəricisindən 3 dəfə azdır: "Belə ki, Gürcüstanı 2017-ci ildə 7 554 936 turist ziyarət edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin sayına görə liderlik Ermənistana məxsusdur - 1 718 016 nəfər.

Reytinqdə ikinci yeri azərbaycanlı turistlər - 1 694 998 nəfər, üçüncü yeri rusiyalı turistlər - 1 392 610 nəfər tutur. Gürscüstan ötən il xarici turizmdən 2,2 mlrd. dollar, Azərbaycan isə 1,3 mlrd. dollar qazanıb.

Q.İbadoğlu diqqəti Azərbaycana və Gürcüstana gələn turistlərin xərclərinə yönəldərək deyir ki, Gürcüstana gələn hər turist orta hesabla 291,2 dollar, Azərbaycana gələn hər turist isə orta hesabla 524,6 dollar məsrəf edib: "Demək olar ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda Gürcüstan adı ilə bölgəyə gələn və bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycana gəlmirlər və ordan da geri qayıdırlar".

Q.İbadoğlu hesab edir ki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə onda bizim bu sektordan gəlirlər ən azı 2 dəfə arta bilər.

Ekspert xüsusi vurğulayır ki, Azərbaycanda turizmin inkişaf meylləri olsa da turizm xidmətlərinin həddən artıq bahalığı və keyfiyyətcə Gürcüstandan geri qalması Azərbaycandan turist axınına səbəb olur.

Q.İbadoğlu hesab edir ki, elə bu səbəbdən də 2017-ci ildə 1 694 998 nəfər azərbaycanlı dincəlmək və gəzmək üçün Gürcüstanı seçib, bütünlükdə isə azərbaycanlı turistlər xaricdə 1,2 mlrd. dollar xərcləyib, 2017-ci ildə Azərbaycanın turizm gəlirləri isə 1,3 milyard dollar olub.

Ölkəyə gələn turistlərin Azərbaycanda xərclədiklərilə, azərbaycanlı turistlərin xaricdə xərclədikləri arasında paralel aparan ekspert Azərbaycanın bundan güclü xeyirlə çıxmamasını "aldım qoz, satdım qoz, mənə qaldı şax şaxı" el misalı ilə diqqətə çatdırır.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti