Media-icmal 12.01.18

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində yeri, manata təhlükə gözləntiləri, kimlərə abidə ucaldılmasın baxış bugünkü medianın (12 yanvar, 2017-ci il) aparıcı mövzularındandır.

Müstəqil dövlətçiliyin təməl daşı-Cümhuriyyət

"Azərbaycan" qəzeti "Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın gələcək müstəqilliyi üçün zəmin hazırladı" sərlövhəli məqalədə Azərbaycan dövlətçilik tarixində AXC-nin yer və rolunu dəyərləndirir.

Müəllif bu il mayın 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün tamam olduğunu bildirir.

Müəllif xatırladır ki, prezident İlham Əliyev hələ 2017-ci il mayın 16-da "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalayıb və bu il cümhuriyyətin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi nəzərdə tutulur.

Yazı müəllifi Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında dövlət başçısı İlham Əliyevin 2018-ci ili ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etdiyini vurğulayır: "Artıq iki gündür bu məsələ ölkə ictimaiyyətinin və mediasının əsas müzakirə mövzularından biridir. Böyükdən kiçiyə hər kəs bu sərəncamı ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirir".

Müəllifə görə, İ.Əliyevin ötən 14 illik fəaliyyətində diqqət çəkən məqamlardan biri də dövlətçilik tarixinin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır: "Bakıda "İstiqlal" abidəsinin ucaldılması, hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbulun keçirilməsi prezident İlham Əliyevin tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramın göstəricisidir".

Müəllif vurğulayır ki, 2018-ci ilin ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi bütün insanların ürəyincədir, dövlət başçısının bu barədə fikirləri isə ən gözəl dəyərdir: "100 il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır, fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır".

Müəllif imperiya əsarətində olmasına baxmayaraq, ölkədə cümhuriyyət qurulmasını azadlıq mübarizəsinin nəticəsi, milli dövlətçilik ənənələrinin davamı kimi dəyərləndirir.

Müəllif deyir ki, cəmi iki il (1918-20-ci illər) yaşamasına baxmayaraq, bu dövrdə xalqın milli mənlik şüuru özünə qayıtdı, öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

Müəllif 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin elan olunmasını xalqın Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirməsi və bu tarixi varislik üzərində öz dövlətini yaratması kimi dəyərləndirir.

Bəhram Bağırzadə: Mən istəyirəm ki...

"Exo" qəzetində "Bu abidələr müstəqil Azərbaycana lazımdır" sərlövhəli məqalə oxumaq olar.

Məqalədə "Bakılı oğlanlar", "Şən və Hazırcavablar Klubu"nun keçmiş üzvü

Bəhram Bağırzadənin hansı şəxsiyyətlərin abidələrini görmək istəməsi kimi ictimai düşüncələrinə yer verilib.

"İlk növbədə müsətqil Azərbaycanın paytaxtında Məhəmməd Əmin Rəsulzadənin heykəlinin olmasını çox istəyirəm. Siyasi xadim, tarixçi, tarixə dair çoxsaylı əsərlərin müəllifi, redaktor, jurnalist, ədəbiyyatçı yazıçı, tərcüməçi! Amma ən böyük xidməti siyasi fəaliyyətidir".

Müəllif M.Ə.Rəsulzadənin azərbaycanlıların milli mənsubiyyəti, millətin öz ədəbi və tarixi dəyərləri haqda fikirlərinə istnadən millətin bunları qorumalı olduğunu bildirir: Müsavat Partiyasının təşkili, "Açıq söz" qəzetini yaratması, illərlə xalq azadlığı uğrunda apardığı mübarizə, Demokratik Azərbaycan Respublikasının qurulması onun xidmətidir".

Müəllif tarixi şəxsiyyət və xalq xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin də abidəsini görmək istəyini dilə gətirir və onun xalqa göstərdiyi xidmətiləri ilə heykəlinin ucaldılmasını haqq etdiyini bildirir.

Müəllif deyir ki, heykəlinin ucaldılmasını haqq edən şəxsiyyətlərdən biri də mərhum cazmen Vaqif Mustafayevdir və bu o şəxsdir ki, Şərq və Qərb musiqisini birləşdirməklə bütün dünyada "Azərbaycan cazı" hadisəsini yaradıb.

Müəllif vurğulayır ki, niyə mərhum rəssam Səttar Bəhlulzadənin abidəsi olmasın və deyir ki, bu abidə Azərbaycana Bəhlul sevgisinin ifadəsi olardı.

Müəllif deyir ki, mərhum aktrisa Nəsibə xanım Zeynalova, dünya şöhrətli alim Lütfi Zadə də abidəsi ucaldılmağa layiq olanlar sırasındadır və daha bir neçələrinin adlarını bu sırada çəkir.

Müəllif vurğulayr ki, belə şəxsiyyətlərin abidələri öz ölkəsində və ya hansısa xarici ölkədə ucaldılsa ölkə haqqında düşüncələrin güclənməsinə səbəb olur və bir azərbaycanlı kimi bunu çox istədiyini bildirir.

Manatı gözləyən təhlükələr

"Novoye Vremya qəzetində "Neft təmtəraqı: "Fitch" ehtiyatlılığa çağırır" sərlövhəli məqalə oxumaq olar.

Müəllif deyir ki, milli valyuta olaraq bir tərəfdən manatın sabitliyi adamı sevindirir, digər tərəfdən isə bu müsbət meylin özünün də "sualtı qayaları" var:

"Mərkəzi Bankın elan etdiyi "üzən məzənnə" heç də üzən məzənnə deyil və daha dəqiq desək, yarımçıq sərbəstlikdir. Manatin məzənnəsini sabit saxlamaq üçün Mərkəzi Bank valyuta müdaxiləsinə əl atır. Bu şərait isə onu göstərir ki, manat üzən məzənnə rejimində deyil və ona görə də valyuta və dünya bazarında istənilən təlatüm onun üçün qorxuludur".

Müəllif həm də deyir ki, manata həddən artıq valyuta müdaxiləsi nüfuzlu reytinq qurumlarının müşahidəsindən kənarda qalmayıb.

Müəllif "Fitch" beynəlxalq reytinq təşkilatına daxil olan BMİ Research tədqiqat şirkətinin Avropa ölkələri üzrə risk departmentinin rəhbəri Lukas duş Santusa istinadən deyir: "Azərbaycan valyuta məzənnəsini yenidən fəal idarə edir, belə addımlar iqtisadiyyatda zəruri struktur dəyişikliklərini əngəlləyir, valyuta ehtiyatlarının axması "təxribatı"na səbəb olur. Götürülmüş siyasi xəttdən geri çəkilmək onu göstərir ki, enerjidaşıyıcılarının qiymətləri artdıqdan sonra ölkə öz köhnə metodlarına qayıtmaq istəyir".

Müəllif deyir ki, Beynəlxalq Valyuta Fondu çevik valyuta siyasətini Azərbaycan üçün vacib sayır və məzənnə sərbəstliyi imkanı qalmalıdır və bu məsələ iqtisadi islahatlarla bağlı yol xəritəsində nəzərdə tutulur.

Məqalə müəllifi deyir ki, görünür, ölkə hökuməti və tənzimləyici neftin qiymətinin düşməsi nəticəsində iqtisadiyyatın kəskin kiçilməsi, manatın iki devalvasiyası, nağd dollar çatışmazlığı, bank sistemindəki böhrandan nəticə çıxarmayıblar, ona görə də köhnə əməllərinə qayıtmaq istəyirlər.

Müəllif hesab edir ki, neftin qiymətindəki artım faciədir, belə ki, məmurlar islahat işini bir kənara qoyaraq iqtisadiyyatın neft amilindən asılılığını davam etdirməyə can atırlar.

Müəllif deyir ki, çevik siyasət üçün ölkənin bank və maliyyə sistemi hazır olmalıdır, amma bu, yoxdur, odur ki, belə səmərəsiz və zəif siyasət olan bir şəraitdə manatın "üzən məzənnə"yə buraxılması da olduqca təhlükəlidir.

Müəllif hesab edir ki, bu bütün ağır nəticələrilə birgə manatın kəskin ucuzlaşmasına səbəb ola bilər.

Müəllif vurğulayır ki, yerində saymaq, qətiyyətsizlik bank və maliyyə sistemində acınacaqlı durum yaradıb, neft sahəsindəki qiymət artımı da müvəqqəti xarakterlidir və neftin qiyməti enəndə manatın vəziyyətini düşünmək lazımdır.

Yazı müəllifi vurğulayır ki, belə davam etsə indiki məzənnə siyasəti manatın növbəti devalvasiyasına səbəb olacaq ki, bu da həmişəki kimi əhalinin ən aztəminatlı hissəsini "vuracaq".

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti