Media-icmal 13.01.18

Neftçilərin sosial təminatı, yaşayış minimumu və istehlak səbətinin tərs mütənasibliyi, bağlanan və açılan iş yerləri, turist sayında azalmalar bugünki (13 yanvar, 2018-ci il) medianın aparıcı mövzularındandır...

Neft neftçinin həyatında

"Azərbaycan" qəzeti "Neft amili insan kapitalına çevrilir" sərlövhəli məqalədə neftçilərin sosial tələblərinin təmin olunmasını dəyərləndirir.

Müəllif deyir ki, ölkənin əldə etdiyi iqtisadi uğurların təməlində neft amilinin əsas rol oynaması danılmaz faktdır və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında da bu sahədən əldə edilən gəlirlər mühüm rol oynayır.

Müəllifə görə, neft təkcə iqtisadi inkişafa xidmət etmir, həm də bir çox sosial məsələlərin həllində başlıca amil kimi çıxış edir: "Bu gün Azərbaycanda tikilən müasir təhsil, səhiyyə, mədəniyyət obyektlərinin də maliyyələşməsi neft gəlirləri ilə bağlıdır. Bəs nefti xalqımızın sərvəti edən neftçilər ondan necə faydalanır? Azərbaycanda neftçilərin sosial-məişət məsələləri həmişə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, bu gün ölkədə ən yüksək əməkhaqqı neft sektorundadır. Neftçilərin mənzil problemləri də növbəlilik əsasında təmin edilir".

Müəllif bu sahədə "Neftçi" Mənzil Tikinti Kooperativinin 2010-cu ildən bu günədək uğurla fəaliyyət göstərdiyini, mənzil növbəsində olan neftçi kooperativ üzvlərinin pay haqqının kreditləşməsinə SOCAR tərəfindən dəstək verildiyini deyir: "2017-ci ildə kooperativ tərəfindən Xətai rayonu ərazisində tikilən yeni yaşayış binasında 100 neftçi ailəsi yeni mənzil alıb. O cümlədən, təqaüd proqramlarının iştirakçısı olan 8 gənc mütəxəssis bu yolla mənzillə təmin edilib".

Müəllif vurğulayır ki, hazırda Lökbatan qəsəbəsində 452 mənzilli yaşayış kompleksi inşa olunur, Bibiheybət ərazisində 852, Qaraçuxur qəsəbəsində isə 96 mənzilli yaşayış binalarının layihə işləri başa çatıb və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.

Yazı müəllifi deyir ki, bundan başqa, mənzil növbəsində olan kimyaçılar üçün Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yaşayış binasının layihələndirmə işləri başa çatmaq üzrədir.

Müəllif əmək şəraitinin də müasir tələblər səviyyəsində qurulmasının davam etdiyini, normal iş şəraitini təmin edən inzibati, yeməkxana, yataqxana binalarının tikildiyini xatırladır.

Müəllif neftçilərin sağlamlığı üçün hazırda 10 minlərlə neftçinin könüllü tibbi sığorta proqramına cəlb edildiyini bildirir.

Bahalaşan həyat, dəyişməyən istehlak səbəti

"Exo" qəzetində isə "Azərbaycanda yaşayış minimumu istehlak səbətilə ayaqlaşmır" sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif istehlak səbətinin tərkibini eskpert Nəriman Ağayevlə müzakirə edir.

Ekspert deyir ki, istehlak səbətinin tərkibini yaxşılaşdırmağa ehtiyac var və bu məsələ birbaşa yaşayış minimumu ilə bağlıdır, amma 173 manat müəyyən edilən yaşayış minimumu zəruri olan məhsul və ərzağın əldə edilməsinə imkan vermir: "Məsələ budur ki, son vaxtlar istehlak səbətinin tərkibi dəyişmir, istehlak səbəti birbaşa yaşayış minimumu ilə bağlı olsa da, çoxdandır ki, bu mövzu aktuallaşdırılmır. Həm də bunu demək lazımdır ki, maliyyə baxmından istehlak səbətinin həcmi hazırda mövcud olan 173 manat yox, 276,96 manat təşkil edir". N.Ağayev problemin mahiyyətini qəzetə belə anladır.

Ekspert deyir ki, Avropada istehlak səbəti insanın istirahətinə bağlı məsrəfləri də əhatə edir, Azərbaycanda isə heç internet, kinoya gediş də burada əksini tapmır.

"İstehlak səbəti tərkibindəki ərzağa gəlincə, bu tərkib işləyən şəxsin və ya yeniyetmənin sutkalıq kalori normasını belə təmn edə bilmir. Minimum olaraq bu, gündə 2200 kalori deməkdir. Buna görə də istehlak səbətini tamamlamağa, ərzaq məhsullarının çeşidini artırmağa və bir qədər istirahət xərclərini təmin etməyə zərurət var. Həm də ölkədə yaşayış minimumu 300 manata çatdırılmalıdır".

Müəllif xatırladır ki, 2018-ci ildə yaşayış minimumu 173 manat müəyyən edilib, 2017-ci ildə 155 manat həcmində idi. Yaşayış minimumu əmək qabiliyyətli şəxs üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.

Müəllif Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova istinadən deyir ki, istehlak səbəti tərkibinə 12 adda ərzaq məhsulu, 10 adda qeyri-ərzaq malları və 10 ödənişli xidmət daxildir.

Ə.Hüseynovun sözlərinə görə, əmək qabiliyyətli əhalinin orta illik çörək, çörək məhsulları istehlakı 136,8 kiloqrama, kərə yağı 7 kiloqrama, bitki, marqarin və piy yağları 10,9 kiloqrama bərabərdir.

AİB sədri deyir ki, orta illik minimal kartof və tərəvəz istehlakı 54,8 və 97,2 kiloqram, meyvə və giləmeyvə 38 kiloram olmalıdır.

Yoxsul əhali üçün isə orta illik minimum ət istehlakı 32,9 kiloqram, süd və süd məhsulları 223,6 litr, balıq və balıq məhsulları 7,7 kiloqram olmalı, illik yumurta istehlakı isə 150 ədəddən az olmamalıdır.

Minimum orta illik qənd və qənnadı məhsullarının istehlakı isə 16,9 kiloqramdır.

Real turist sayı nə qədər olub?

"Novoye Vremya" qəzetində isə "Turist həmişə qiymətlidir" sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkəyə gələn turistlərin sayı barədə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistikanı təhlil edir.

"2016-cı və 2017-ci illərdə ölkəyə turist axınını müqayisə etmək daha maraqlıdır və əgər rəsmi məlumatlara qalsa, turist axınının həcmi 20,03% artıb.

Amma bir az da dəqiqləşdirsək , turistlərin yox, Azərbaycan sərhədlərini keçən şəxslərin sayı çoxalıb. Ölkəyə turizm məqsədilə gələn şəxslərin dəqiq sayını isə 2018-ci ilin ortalarına əldə edə bilərik".

Müəllif diqqəti Türkiyə və İraqdan olan azalmalara yönəldərək deyir ki,

Tükiyə üzrə azalma 3,7% və ya 11 min az şəxs təşkil edib, bu, az sayılmaz, həm də səbəbi məlum deyil.

Müəllif vurğulayır ki, Türkiyədən turist axınına viza rejimi mane ola bilər, amma, həm də xatırladır ki, buna baxmayaraq, 2015-ci il ilə müqayisədə 2016-cı ildə artım 5,8% olub.

Yazı müəllifinə görə, görünür indiki viza rejimi şəraitində Türkiyədən 300 min nəfər Azrbaycana gəlir, çoxu da turist olmaqdan çox, başqa məqsədlər üçün gəlirlər.

Müəllif deyir ki, eyni meyl İraq üzrə də müşahidə edilir, belə ki, əgər 2016-cı ildə 62893 İraq vətəndaşı Azərbaycana gəlmişdisə, 2017-ci ildə 62454 nəfər olub.

Müəllif bu azalmanı Azərbaycanın bu ölkə üzrə yalnız bu qədər insanı turist kimi cəlb etmək bacarığı kimi dəyərləndirib və həm də vurğulayıb ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə İraq şəhərlərindən Azərbaycana reyslərin sayı da artmışdı, amma bu, turist sayının artmasına təsir göstərə bilməyib.

Müəllif deyir ki, Azərbaycan sərhəddini keçən şəxslərin pay çoxluğu Rusiya, Gürcüstan və İrana aiddir, bütünlükdə 65% təşkil edir.

2017-ci ildə isə ən çox turist 362 min nəfər olmaqla İrandan gəlib, halbuki 2016-cı ildə bu rəqəm 248 min nəfər idi.

Müəllif deyir ki, Azərbaycan sərhəddini keçən 853 min nəfər Rusiya və 537 min nəfər Gürcüstan vətəndaşı arasında turist payı əhəmiyyətsiz dərəcədədir.

Ölkəyə turistlərin daha çox iyul-avqust aylarında gəldiklərini deyən müəllif buna görə Azərbaycanı yay turizmi ölkəsi adlandırır, hətta Novruz bayramı tamaşalarının belə sentyabr ayındakı qədər (mart ayında 244 min nəfər, sentyabr ayında isə 253 min nəfər) insan cəlb edə bilmədiyini vurğulayır.

177 min açılıb, 170 min bağlanıb

"Azadlıqinfo.az" saytında isə "177 min iş yeri açılıb, 170 mini bağlanıb" sərlövhəli məqalə oxumaq olar.

Məqalədə iqtisadçı ekspert Nemət Əliyevin düşüncələrinə yer verilib: "Dövlət başçısı İlham Əliyev 2017-ci ildə 221 min yeni iş yeri açıldığını və bunun da 177 mininin daimi iş yeri olduğunu bildirir. Özü də dövlət başçısı bunu

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan "10 yanvar" müşavirəsində səsləndirib".

N.Əliyev isə deyir ki, il boyu ölkədə iqtisadi fəallığın zəiflədiyi bir dövrdə bu qədər iş yerlərinin açılması haqqında səslənən fikirlərin bir tənqidlik canı belə yoxdur.

Ekspert deyir ki, bir anlıq belə hesab edək ki, dövlət başçısının səsləndirdiyi rəqəmlər doğrudur: "Tutaq ki, dövlət başçısının dediyi kimi, doğrudan da ölkədə 177 min daimi iş yeri açılıb. Əgər həqiqətən o iş yerləri açılıbsa və daimidirsə, o zaman həmin iş yerlərində işə qəbul olunanlar hesabına ölkədə muzdla çalışanların sıra sayı bir o qədər artmalı idi".

N.Əliyev Dövlət Statistika Komitəsinin 2016-cı il dekabrın 1-nə muzdla çalışanların sayına dair açıqladığı məlumatları da əlavə edərək, kiçik bir hesablama aparır və məlum olur ki, il ərzində 170,2 min nəfər (1514,4 + 177 - 1521,2 = 170,2) iş yerini itirib.

Müəllif deyir ki, bu rəsmi statistik rəqəmlərin müqayisəsindən məlum olur ki, dövlət başçısının haqqında danışdığı daimi iş yerləri hesabına muzdlu işçilərin 2016-cı ilin sonuna olan sayı 2017-ci il ərzində 1691,4 min nəfərə qədər (1514,4 + 177=1691,4) artmalı idi.

"Lakin 2017-ci ilin sonunda məlum olub ki, onların sıra sayı 1521,2 min nəfərə düşüb. Deməli, 2017-ci il ərzində bağlanmış daimi iş yerlərinin hesabına 170,2 min nəfər (1521,2 - 1691,4 = -170,2) öz daimi iş yerini itirib. Yəni, ölkədə 2017-ci ildə 170 mindən çox daimi iş yeri bağlanıb", deyə ekspert gerçək saydığı nəticələri tqədim edir.

N. Əliyev vurğulayır ki, nəticə budursa, o zaman 177 min iş yerinin açılmasından danışmağın heç bir anlamı yoxdur: "Belə bir şəraitdə iş yerlərinin davamlı şəkildə bağlanmasının köklü səbəbləri haqqında danışmaq, ictimaiyyətin, eləcə də müşavirədə iştirak edənlərin nəzərini o səbəblərin üzərinə yönəltmək daha doğru olardı".

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti