Media-icmal  16.01.18

Ölkədə qeyri-neft sektorunun inkişafı, bank sistemində böhranın dərinləşməsi, iqtidarın tənqidlərə baxışı bugünki (16 yanvar, 2018-ci il) medianın aparıcı mövzularındandır...

Sərmayə artdıqca iş yerləri də artır

"Azərbaycan" qəzetində "Sərmayə qoyuluşu çoxaldıqca iş yerləri də artır, istehsal da" sərlövhəli məqalədə müəllif Kürdəmir rayonunda bu sektorda görülən işləri dəyərləndirir.

Müəllifə görə, bu bölgəyə son vaxtlar iş adamlarının marağı artıb: "Bu seçim imkanı genişliyi və iş görmək arzusu olanlara münbit şəraitin yaradılması ilə bağlıdır. 2017-ci ildə Prezident İlham Əliyevin kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında imzaladığı fərmanla publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması və sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması müddətinin uzadılması mühüm əhəmiyyət kəsb edir".

Yazı müəllifi deyir ki, 2017-ci ildə rayonda 4027 ha sahədə pambıq əkilib, məhsul yığılması prosesinə 8 min nəfərdən çox şəxs cəlb edilib, məhsul Saatlı MKT-yə yox, keçən ildən Kürdəmirdə fəaliyyət göstərən MKT-İKA MMC-nin Kürdəmir fililaına təhvil verilib: "Orada 70-dən çox insan çalışır. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 876 hektar pambıq əkilib və ikinci məntəqə də tikilib. Orada 25 nəfərin məşğulluğu təmin edilib. Fərdi şəkildə pambıq əkənlər isə öz məhsullarını Kürdəmir pambıq zavoduna təhvil verirlər".

Müəllifə görə, 2018-ci il üçün hədəf 5 min hektar sahədə pambıq əkininə nail olmaqdır və hazırda torpaqların şumlanması davam edir.

Yazı müəllifi xatırladır ki, 2017-ci ildə ölkə rəhbərliyi rayon hakimiyyətləri qarşısına rayonlara investisiya yatırılması tapşırığı qoydu və investisiya qoyuluşları intensivləşdi:"Kürdəmirdə 2017-ci il üçün 69 milyon manat investisiya qoyuluşu nəzərdə tutuldu. Bu sərmayənin 5,2 milyon manatı kənd təsərrüfatına yönəldilib. İstixanların yaradılmasında intensivlik var. "Aqro-Az" MMC tərəfindən 2 hektarlıq istixana tikilərək istifadəyə verilib. Burada 40-dan çox adam çalışır, həmin layihəyə 1,7 milyon manat xərclənib. Təsərrüfatda xiyar və pomidorun yetişdirilməsi nəzərdə tutulur".

Müəllif deyir ki, istixanaların yaradılması da diqqətdədir və Mollakənd kəndində "Geotermal Aqro" MMC 50 hektar sahədə istixanaların salınmasını nəzərdə tutur və bu layihəyə indiyədək 3 milyon manata yaxın vəsait xərclənib. İstixana tam gücü ilə işə salındıqdan sonra orada 500-ə yaxın insan çalışacaq.

Müəllif vurğulayır ki, Kürdəmirdə narçılıq gəlirli sahədir, 490 ha bağ sahəsi salınıb, narçılıqla bağlı qurulan emal sahəsi 3500 ton gücündə olacaq, burada ətriyyat sahəsində istifadə edilən nar qabığından 10 ton palet alınması hədəflənir. 2017-ci ildə bu müəssisəyə 9 milyon manat vəsait yatırılıb.

Rayonun İpək yolunun üzərində yerləşməsi otelçilik sisteminin genişləndirilməsini də aktuallaşdırıb və bu sahəyə indiyədək 3 milyon 150 min manat vəsait yatırılıb.

Müəllifə görə, təminatlı dövlət dəstəyi və sərmayədarların Kürdəmirə marağı rayonda yaşayan insanların məşğulluğunun artması ilə nəticələnib.

Böhranı dərinləşən bank sistemi

"Exo" qəzetində isə diqqəti "Problemli kreditlərin artması Azərbaycanın bank sektorunu kollaps halına gətirir" sərlövhəli məqalə cəlb edir.

Müəllif ölkənin bank sektorunun atrıq üçüncü ildir ki, böhran yaşamasını və bunun səbəblərini ekspert Əkrəm Həsənovla müzakirə edir.

"Bu müddət ərazində banklar iqtisadiyyatı kreditləşdirmək kimi əsas funksiyasını yerinə yetirməyə başlaya bilmədi. Odur ki, ölkənin bank sektorunda maliyyə sabitliyi məsələsi hökumətin birinci dərəcəli məsələsi olmalıdır. 2017-ci ildə, demək olar ki, biznes kreditsiz qaldı, istehlak kreditinin payı isə tarixi minimuma endi". Ə.Həsənov bank sektorundakı mövcud durumu qəzetə belə şərh edir".

Ekspert deyir ki, 2017-ci ildə bu sahədəki nəticələr Mərkəzi Bankın monetar siyasətinin yaxşılığa doğru aparmamasının əyani göstəricisidir. Maliyyə Bazarlarına Nəzarət Palatası isə (MBNP) öz işinin öhdəsindən gələ bilmir.

Ə.Həsənova görə, 2017-ci ildə görülməli iş çox idi və onlardan biri də bankların birləşməsi məsələsi idi: "Sirr deyil ki, Azərbaycan bazarındakı bankların əksəriyyəti sağlamlaşdırmaya ehtiyac duyur. Odur ki, "ağır xəstə" olan banklar ya daha sağlam banklarla birləşməli, ya da bazarı tərk etməlidir, amma bu baş vermədi".

Ə.Həsənova görə, ölkənin bank sisteminin durumunu kollaps halına gətirən son illərin ən böyük problemi problemli kreditlərin artmasıdır və ekspert deyir ki, 2017-ci ildə bu kateqoriya kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb: "Bu isə o deməkdir ki, 2018-ci ildə də bank sektorunun problemi çoxalacaq, banklar dərin böhrana daxil olacaq. Problemli kreditlərlə mübarizə təkcə bank sektorunun sağlamlaşdırılması baxımından yox, həm də iqtisadiyyatın bərpası baxımından həyati əhəmiyyət daşıyır".

Ə.Həsənov 2017-ci ildə bu sahədə görülən işlər sırasında manatın sabitləşməsini müsbət hesab edir, amma qeyd edir ki, buna da tam sevinmək olmur, belə ki, bu möhkəmlənmə tənzimləyici tərəfindən süni şəkildə təmin olunurdu və hər hansı "sərbəst üzmək"dən söhbət belə gedə bilməz.

Öz gözündə tir görməyənlər

"Azadlıqinfo.az"da isə "Novruz Məmmədovun təəccüblü təəccübü" sərlövhəli məqalə oxumaq olar.

Müəllif Azərbaycanda baş verən neqativlərə görə hakimiyyəti tənqid edən

Qərbə və Avropaya iqtidarin qarşılıqlı cavab verməyə cəhd etməsi meylini müzakirə edir.

Məqalə müəllifi deyir ki, YAP (Yeni Azərbaycan Partiyası) hakimiyyəti bu günə qədər heç bir ittihama cavab verə bilməyib, bir qayda olaraq daxildə izahat tələb edənlər şərlənərək həbs olunub, xaricdən gələn tələblərə isə "bizə paxıllıq edirlər", "erməni lobbisinin təsiri altında bizə təzyiq edirlər", "Azərbaycana qarşı ikili standartlar tətbiq olunur" tipli açıqlamalar verilib.

Müəllif yada salır ki, hakimiyyətin korrupsiya faktları üzə çıxarılanda, seçki saxtakarlığı sübuta yetiriləndə, Avropa Məhkəməsi insan hüquqlarının tapdandığını bəyan edəndə, YAP sözçüləri də bu tənqidlərə cavab olaraq Avropa və ABŞ-da neqativ axtarışına çıxırlar.

Müəllif deyir ki, bu dəfə yenə də PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov önə çıxıb və Hollivud rejissoru Harvey Vaynşteynin ətrafında yaranan təcavüz qalmaqal ilə bağlı yazı yazıb və ABŞ-dan izahat tələb etmək cəhdi sərgiləyir.

Yazı müəllifi isə hesab edir ki, bu addım N.Məmmədovun ABŞ-a əxlaq dərsi keçmək, insan hüquqlarını müdafiə etmək, izahat istəmək, həm də bu yaxınlarda Azərbaycan iqtidarının ifşa olunduğu 2.9 milyard korrupsiya rüsvayçılığının qisasını almaq cəhdidir.

Yazıda deyilir ki, ABŞ-da hansısa cinayətin baş verməsi Azərbyacan iqtidarının saxtakarlığına, talançılığına haqq qazandırmır, ABŞ-da müstəqil məhkəmə var, insanlar öz hüquqlarını təminata ala bilirlər, yəni, hansısa H.Vaynşteynlə bağlı yaranmış təcavüz qalmaqlı hakimiyyətin dilini uzatmağa şans vermir.

Müəllifə görə, N.Məmmədovun da təmsil olunduğu komandanın hansısa ölkədən izahat istəməyə, əxlaqdan danışmağa, insan hüquq müdafiəçisi kimi görünməyə haqqı yoxdur: "Çünki saxtakarlığın, təcavüzün, hüquqsuzluğun zirvəsini məhz YAP hakimiyyəti fəth edib.

Orada hansısa Hollivud ulduzu təcavüz edibsə, burada uzun illərdir mənəvi təcavüz normaya çevrilib, dövlətin bütün strukturlarını şəxsi maraqlar naminə istismar etməkdən böyük təcavüz varmı?".

Müəllif deyir ki, 150-dən artıq günahsız insanı şərləyib həbs etmək, siyasi mövqeyinə görə yaxınlarına təzyiq göstərmək, adamlara zorla imtina ərizəsi yazdırmaq, siyasi aktivistin bacılarını polis bölməsinə aparmaq hansı əxlaqa sığır? "Siz 25 illik hakimiyyətiniz dövründə xalqa bir dəfə izahat verdinizmi?".

Eyni zamanda, müəllif offşorlardakı milyardlara, dünyanın müxtəlif yerlərindəki bahalı villalara, mandat alverinə, kadrların cinayətkar fəaliyyətinə görə iqtidarın cavab verməli olduğunu xatırladır.

Müəllif vurğulayır ki, bu günə qədər məmurlar gəlirləri barədə məlumat vermirlərsə, qanunlar kağız parçasına çevrilibsə, iqtidar hansı haqla başqalarından izahat tələb edir: "YAP hakimiyyətinin "ssenari"ləri, mübarizə taktikası Hollivud ulduzlarını da təəccübləndirir. Heç bir Hollivud ulduzu səfalət içində üzən xalqa inkişaf nağılı danışmaq qabiliyyətinə malik deyil".

Müəllifə görə, Ermənistanda minimum əmək haqqı 115 , Azərbaycanda 77 dollar olduğu halda, "biz regionun lider ölkəsiyik" deməyi heç bir Hollivud ulduzu bacarmazdı.

Məqalə müəllifi son olaraq N. Məmmədova ABŞ-a "səyahət"dən öncə təmsil olunduğu hakimiyyətin yaratdığı "xarüqələr"ə nəzər salmağı tövsiyə edərək, onun ABŞ-dakı məlum hadisəyə təəccüblənməsinin özünü təəccüblü adlandırır.

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti