Ekspert: �Azərbaycanda qadınlara qarşı zorakılığın statistikası yoxdur�

Bakı /28.11.18/Turan: Azərbaycanda ən çox fiziki və psixoloji zorakılıq yayılıb. Bu barədə "Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl noyabrın 25-də qeyd olunan Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı "Amerikanın səsi" radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın daha çox 4 klassifikasiyası var: psixoloji, iqtisadi, fiziki və cinsi zorakılıq. Azərbaycanda bu 4 növün hər biri mövcuddur. Amma fiziki və psixoloji zorakılıq daha çox yayılıb. Əgər fiziki zorakılıq müəyyənləşdirilirsə və buna qanun çərçivəsində müəyyən cəzalar verilirsə, psixoloji zorakılıq təsnif edilmir, ayırd edilmir. Bir çox ailələrdə bu, hətta norma kimi qəbul edilir. Çox vaxt fiziki və cinsi zorakılıq psixoloji təzyiqdən irəli gəlir.

Ş.İsmayıl Azərbaycanda qadın zorakılığı ilə bağlı statistikanın olmadığını deyib.

Düzgür, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi artıq məlumat bazasının yaradılması ilə bağlı müəyyən işlərə başlayıb, amma statistika bilavasitə mövcud deyil.

"2016-2017-ci illərdə araşdırma aparmışıq. Biz qadınlara qarşı zorakılığın miqyasını ölçmək və qadın qətllərini müəyyənləşdirmək istəyirdik. Əsasən iki üsuldan istifadə eləmişik - KİV-in montitorinqi və Daxili İşlər Nazirliyinin kriminal xronikası. Həmin mənbəyə əsasən deyə bilərəm ki, tendensiya artmaqdadır. Biz 6 ili müşahidə elədik. 2010-cu ildə 91 qətl baş veribsə, 2016-cı ildə 110 qətl qeydə alınıb.

Düzdür, burada belə bir məlumat yox idi ki, qətllərin hamısı ailə-məişət zəminində baş verib. Amma böyük ehtimalla məişət zorakılığının payı olduqca çoxdur. Qətllərdən əlavə, sui-qəsdlər də var ki, bizim diqqətimizi cəlb etdi. Orada da rəqəmlər eyniylə çox böyük bir artma tendensiyası ilə oldu. 2010-cu ildə sui-qəsdlə bağlı bu rəqəm 89 idisə, 2016-cı ildə 121 idi", - Ş.İsmayıl bildirib.

Qadın zorakılğına qarşı effektiv mübarizə üçün bütün tərəflər - dövlət, cəmiyyət, QHT-lər, akademik institutlar və s. səylərini birləşdirməlidir.

Bütün subyektlərin iştirakı ilə xüsusi proqram hazırlanmalıdır.

İlk növbədə problemin miqyası müəyyən edilməlidir. Bundan ötrü konkret rəqəmlər olmalıdır, zorakılıq qurbanlarına yardım göstərilməsi üçün onların sayı müəyyən olunmalıdır.

Preventiv tədbirlər kimi, maarifləndirmə işi aparılmalıdr. Bu məqsədlə erkən yaşlardan məsələ ilə bağlı bilik formalaşdırılmalıdır. Xüsusi proqramlar olmalıdır ki, yeni nəsillər fərqli baxışla böyüsün. Zorakılıq qurbanlarına yardım, fiziki və psixoloji zoraklığın fəsadlarının aradan qaldırılması mexanizmi hazırlanmalıdır. Eyni zamanda qadınlara qarşı zorakılıga görə cəza sərtləşdirilməlidir.

Bundan əlavə, Azərbaycan 1 avqust 2014-cü il tarixli Avropa Şurasının qadınlara qarşı zorakılığa və məişət zorakılığına qarşı mübarizə haqqında Konvensiyasına (İstanbul konvensiyası) qoşulmalıdr, onun təklif etdiyi mexanizmlərdən istifadə etməlidir. -16D06-

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti