Media-icmal 13.12.18

Mərhum prezident Heydər Əliyevin anım mərasimi, rektorların beş il müddətinə təyinatına baxış, 2018-ci ildə dollar satışının iki dəfə artması və s. məsələlər bugünkü (13 dekabr, 2018-ci il) medianın aparıcı mövzularındandır.

Heydər Əliyevin anım mərasimindən ...

"Azərbaycan" qəzeti "Ümumxalq məhəbbətinin təcəssümü" sərlövhəli məqaləni mərhum prezident Heydər Əliyevin anım gününə həsr edib.

Yeri gəlmişkən, qəzetin əksər məqalələri bu mövzuya həsr edilib və bu məqalə də onlardan biridir.

Tarixə adı yazılan şəxsiyyətləri zamanın unutmadığını, amma bu şərəfin çoxlarına qismət olmadığını deyən müəllif mərhum prezident Heydər Əliyevi belə şəxsiyyətlərdən biri adlandırır.

Müəllif deyir ki, H.Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım mərasimlərinə qatılanların üzündə bir əminlik duyulurdu: "Bunun səbəbləri az deyil. Ən əsası odur ki, ulu öndərin memarı olduğu müstəqil Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, artıq inkişafına görə dünyanın aparıcı dövlətləri sırasında olduğunu təsdiqləyib. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Müəllif ziyarətçilər arasında bütün yaş dövrünə mənsub insanların, o cümlədən əcnəbilərin də olduğunu bildirir: "Yaşından və vəzifəsindən asılı olmayaraq, ölkənin yüz minlərlə vətəndaşı (nəinki paytaxt sakinləri, respublikamızın ayrı-ayrı bölgələrindən ziyarətə gələnlər az deyildi) ulu öndərə sonsuz məhəbbətini ifadə etmək üçün Fəxri Xiyabana üz tutmuşdu...".

Daha sonra müəllif məqaləsində həmsöhbət olduğu şəxslərin H.Əliyevlə bağlı düşüncələrinə yer verir və Türkiyənin Kayseri şəhərindən olduğu deyilən Mustafa Babacan H.Əliyevi oğuz türklərinin lideri adlandırır.

Azərbaycanın bu gün regionda lider dövlətə çevrilməsini, dünya birliyində layiqli yer tutmasını H. Əliyevin xidmətlərinin nəticəsi kimi dəyərləndirir.

Müəllif deyir ki, Dərbənddən gəlmiş şairə-müğənni, Zeynəb Dərbəndliharada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları H.Əliyev ideyalarının daşıyıcısı və təbliğatçısı olmağa çağırır, Azərbaycanın regionda söz sahibi olmasından qürur duyduğunu bildirir.

Müəllif növbəti həmsöhbəti olan Nərimanov rayonu 8 saylı poliklinikanın baş həkimi Tamella Kərimovanın düşüncələrini çatdırır: "Azərbaycanda səhiyyənin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür. Həyata keçirdiyi quruculuq missiyasının məntiqi nəticəsidir ki, qədirbilən xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq xoşbəxtliyinə nail olub".

Yazı müəllifi deyir ki, həmsöhbəti olan digər şəxslər də H.Əliyevlə bağlı belə düşüncələrini bölüşüblər.

Son olaraq isə müəllif deyir ki, ziyartəçilər belə qüdrətli dövlətin banisi kimi H.Əliyevə minnətdarlıq bildirir və prezident İlham Əliyevin ətrafında sıx birləşməklə respublikanın inkişafında bundan sonra da əzmkarlıq göstərəcəklərini söyləyirlər.

5 illik rektor seçimi- nəticə nə olacaq?

"Müsavat.com" da isə "Rektorlar 5 illik təyin ediləcək-ekspert dəyərləndirməsi" sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif vurğulayır ki, bununla bağlı prezident İlham Əliyev bu günlərdə "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" fərmana dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Məqalə müəllifi deyir ki, ekspertlər bir müddət idi ki, bir şəxsin uzun zaman rektor vəzifəsində qalmasının universitetlərin idarə olunmasına, yeniliklərin tətbiqinə mənfi təsir etdiyi qənaətində idilər.

Elə bu fərman fonunda müəllif sənədin təhsil sahəsinə təsiri barədə təhsil ekspertləri Kamran Əsədov və Etibar Əliyevlə müzakirə aparır.

Təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat"a bildirirr ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunda bir çox məsələlər aşq qalırdı: "Ən ciddi məsələlərdən olan ali təhsil müəssisələrində rektorlar, həm də elmi şuralar, dekanlar, kafedra müdirlərinin seçilməsi, onların vəzifə tutma müddətləri kimi məsələlər öz əksini tapmayıb".

Ekspetə görə, elə bu boşluqdan irəli gələrək ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adam rəhbərlik edirdi, bu dövrdə universitetdə hansısa bir dəyişiklik, inkişaf baş vermirdi.

Bu mənada K.Əsədov 15-ə yaxın dövlət ali təhsil müəssisələrinin adlarını çəkir ki, burada şəxsin rektorluq müddəti 17-30 il arasındadır.

K.Əsədov deyir ki, son illərdə Azərbaycan təhsili inkişaf etsə də ali məktəblər bundan kənarda qalırlar, müasir çağırışlara cavab vermirlər, bunun da əsas səbəbi onların fəaliyyətində rektor müddətsizliyi ilə bağlıdır.

Ekspert hesab edir ki, rektorların 5 il müddətinə təyinatı universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək: "Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətin olacaq. Ona görə də universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar".

K.Əsədova görə, sənədin daha cəlbedici bir tərəfi nəticə etibarilə ali təhsil idarəçilərinin gəncləşməsinə gətirib çıxara bilməsidir.

Ekspert rektorların vəzifəyə gətirilməsi qaydasının dəyişməsi barədə təklif də verərək deyir ki, kollektiv 3 namizədin adını Təhsil Nazirliyinə, nazirlik də Prezident Administrasiyasına göndərir və bu 3 nəfərdən biri təyin olunur.

K.Əsədova görə, rektor menecer, yenilikçi olmalı, dünya təhsilini yaxından izləməli, universitetin fəaliyyətini buna uyğun həyata keçirməlidir.

Ekspert Etibar Əliyev də sənədin təhsilə müsbt təsiri düşüncəsindədir: "Rektorların müddətsiz təyinatı onlarda arxayınçılığı gücləndirir. Bu səbəbdən təhsilin keyfiyyəti zamanın ixtiyarına buraxılırdı. Bundan sonra hər bir rektor 5 il müddətində bütün bilik və bacarığını universitetin inkişafına yönəldəcək".

İqtisadi fəallıq, gəlirlər aşağı dollar satışı isə 2 dəfə artır...

"Modern.az"da isə "Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - kimlər alıb?" sərlövhəli məqalə oxumaq olar.

Müəllif vurğulayır ki, Azərbaycan Mərkəzi Bankı 10 ayın yekunları üzrə bankların nağd formada həyata keçirdiyi xarici valyuta ticarətinə dair məlumat açıqlayıb.

Müəllif dollar satışının həcminin artması və bunun səbəbləri barədə iqtisadçı-ekspert Rövşən Ağayevlə söhbətləşib.

Dollar satıçının həcminin artması ilə bağlı "modern.az"-a açıqlama verən iqtisadçı Rövşən Ağayev bildirib ki, ötən 2017-ci lin ilin 10 ayı ilə müqayisədə 2018-ci ildə banklar tərəfindən nağd satılan xarici valyutanın həcmi 2 dəfəyə yaxın artıb: "Bütün növ xarici valyutaların satışı ötən ilin 10 ayında 1.740 mlrd. dollar olubsa, 2018-ci ilin eyni dövründə isə 3.375 mlrd. dollar ekvivalentində olub. Bu göstərici 2015-ci ildə - kəskin devalvasiya ilindən sonra ən yüksək göstəricidir".

Ekspertin deməsinə görə, bu ilin yanvar-oktyabr ayında satılan nağd xarici valyutanın təxminən 77.2%-ni ABŞ dolları, 19.6%-ni avro, 1.8%-ni ingilis funtu, 1.4%-ni rus rublu təşkil edib.

R.Ağayev hesab edir ki, əslində bu göstəricilər dərin analiz tələb edən rəqəmlərdir.

Ekspert bunun səbəbini belə izah edir ki, iqtisadi fəallığın ən aşağı həddə olduğu, iqtisadi staqnasiyanın yaşandığı, real gəlirlərin faktiki olaraq artmadığı dövrdə bütövlükdə ev təsərrüfatlarının və fiziki şəxslərin xarici valyutaya tələbatının artması real görünmür".

R.Ağayev vurğulayır ki, nağd valyutaya tələbi əsasən bu subyektlər təmsil edirlər.

Ekspert qeyd edib ki, valyutaya tələbin artmasında əsas faktor dövlət sektorunun xərclərinin ötən ilə nisbətən kəskin artmasıdır: "Söhbət xüsusilə də dövlət sektorunun investisiya təyinatlı xərclərinin artımından gedir".

R.Ağayev rəsmi statistikaya istinadən bildirir ki, bu ilin 10 ayında ötən ilin eyni dövrülə müqayisədə təkcə hökumət mənbələri üzrə investisiya xərcləri 80%-dək artıb.

Ekspert bunu da vurğulayır ki, bu xərclərin səmərəli istifadəsinə nəzarət mexanizmləri yüksək səviyyədə olmadığından müxtəlif kanallarla nağd valyuta bazarına yolu xeyli açıq olur.

R.Ağayev hesab edir ki, bəlkə də sırf təsadüfdəndir, amma bu 2 göstəricinin artım miqyasında da xeyli yaxınlıq var və məsələ də elə bundadır.

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti