Media-icmalı 02.02.18

Ölkə regionlarının inkişafı, intiharlarda artım, Bayıl yamacındakı sürüşməyə baxış bugünki (02 fevral, 2018-ci il) medianın aparıcı mövzularındandır.

Ölkə regionlarının inkişafının əsasları

"Azərbaycan" qəzeti "Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq" sərlövhəli məqalədə ölkə regionlarının inkişafını dəyərləndirir.

XX əsrin əvvəllərindən ölkə iqtisadiyyatında ağırlığın neft sənayesinin üzərində olduğunu deyən müəllif, 2000-ci illərin əvvəlində icrasına başlanılan regionlarının inkişafı proqramlarının gerçəkləşməsində də bu sahənin əvəzsiz rolu olduğunu bildirir: "Bu baxımdan İlham Əliyevin prezidentliyinin ilk dövründə imzaladığı sənədlər sırasında regional inkişaf üzrə dövlət proqramının olması təsadüfi deyildi. Çünki ölkənin tarazlı inkişafına nail olmaq üçün ilk növbədə, regionların sosial-iqtisadi cəhətdən dirçəlməsinə ehtiyac vardı. Təsadüfi deyil ki, 2004-cü ildən bugünədək iki regional inkişaf dövlət proqramı uğurla icra olunmuşdur. Üçüncü Dövlət Proqramının icrası isə davam edir".

Yazı müəllifi xatırladır ki, yanvarın 29-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən konfransda dövlət başçısı son 14 il ərzində bu istiqamətdə görülən işləri və əldə olunan nailiyyətləri qeyd edərək, qarşıda duran vəzifələri də müəyyən edib.

Yazı müəllifi deyir ki, ölkənin qazandığı uğurları beynəlxalq təşkilatlar da dəyərləndirir və ayrı-ayrı inkişaf istiqamətləri üzrə beynəlxalq qurumların reytinqlərində Azərbaycan öncül sralarda yer alır. Burada sönbət islahatların aparılması, rəqabətqabiliyyətlilik, işsizliyin aşağı səviyyədə olması, fermerlərə dəstək, kreditlərin verilməsi və s. kimi istiqamətlərdən gedir.

Müəllif deyir ki, bu proqramların icrası nəticəsində Azərbaycan artıq idxalçı ölkədən ixracatçı ölkəyə dönür, sahibkaralara güzəşt, texniki təminat, güzəştli kreditlər və s. kimi istiqamətlərdə dövlət prosesə əhəmiyyətli dəstək verib: "Odur ki, onlara bu sahədə dəstək göstərilməsi vacib idi. Həyata keçirilən islahatlar, o cümlədən kəndliyə verilən hərtərəfli dəstək kənd təsərrüfatının dirçəlməsinə imkan verdi. İstehlak bazarında yerli mallar çoxdur, üstəlik, bir çox məhsulları ixrac da edirik".

Ölkədə daha böyük iqtisadi inkişafa nail olmaq üçün iri fermer təsərrüfatlarına ehtiyac yarandığını deyən müəllif bu istiqamətdə 28 rayonda 43 aqroparkın yaradılmasına qərar verildiyini yada salır.

Müəllif ixrac sahəsində əldə edilən uğurları vurğulayır, ölkəyə valyuta gətirə biləcək yeni istiqamtələrin adlarını açıqlayır.

Yazı müəllifi qeyri-neft sektorunun inkişafında ağırlığın regionlara düşdüyünü deyir, bu sahədə inkişaf olduğunu, ən əsası, ərzaq təhlükəsizliyinin təmin ediləcəyini bildirir.

50 faizlik intihar artımı

"Azadlıqinfo.az"da isə diqqəti "Ötən il intiharların sayında 50 faizlik artım olub" sərlövhəli məqalə cəlb edir.

Yazıda tanınmış iqtisadçı-alim İbad Qubadoğlunun ölkədə intihar hadisələrinin şərhinə aid düşüncələrinə yer verilib.

Q.İbadoğlu rəsmi məlumatlara istinadən intiharı öncə yaş qrupları üzrə təsnif edərək deyir ki, hər 3 gündə 4 nəfər intihar edir, onların 60 faizə qədəri yaşı 40-dan az olanlar, hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i isə yaşı uşaqdır.

"Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə istinadən dərc olunan rəsmi məlumata görə, ötən il 495 nəfər, 2016-cı ildə isə 327 nəfər, bu ilin yanvar ayında 42 nəfər intihar edib. Bu, o deməkdir ki, 2016-cı ildə hər 10 gündə 9 nəfər, ötən il və bu ilin yanvar ayında isə hər 3 gündə 4 nəfər özünə qəsd edib, burada diqqəti 3 məqama cəlb etmək istərdim".

Q.İbadoğlu deyir ki, birincisi, ölümlə nəticələnən özünəqəsdlərin sayı artıb, 2016-cı ildə bu, gündə 0,89 idisə, ötən il və cari ildə bu əmsal 1,35-ə qalxıb.

İqtisadçı deyir ki, ikincisi, ölümlə nəticələnən özünəqəsdlərin təhlili göstərir ki, intihar edənlərin çoxu yaşı 40-a qədər olanlardır: "Belə ki, bu ilin yanvar ayında dünyasını dəyişənlərin 59 faizinin yaşı 40-dan az olub. Ötən ay intihar edənlərin hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i isə uşaq olub".

Nəhayət, üçüncüsü, intihar edənlərin əksəriyyəti dolanışıq vəziyyəti və güzəranı pis olan yoxsullar, borclular və işsizlərdir: "Cəmiyyətdəki naqislik, ədalətsizlik, məhkəmələrdə haqqın tapdanması, qanunların işləməməsi, dövlət orqanlarının üzərinə düşən vəzifəsini layiqincə yerinə-yetirməməsi, məmur özbaşınalığı və sair amillər insanları intihara sövq edən əsas inzibati səbəblər hesab oluna bilər". İqtisadçı intiharların səbəblərini belə gördüyünü bildirir.
Q.İbadoğluna görə, ölümlə nəticələnən özünəqəsdlərin statistikası həyacan təbili çalmaq üçün tələb olunan həddi çoxdan ötüb, amma hələ də həm hakimiyyət, həm də cəmiyyət bu məsələdə müşahidəedici və laqeyd mövqe tutur.

İqtisadşı hesab edir ki, bu dəhşətli statisikanın təsdiq etdiyi ucuz ölümün səbəbləri ciddi araşdırılmır və qabaqlayıcı tədbirlər görülmür.

Q.İbadoğlu hesab edir ki, vətəndaş cəmiyyətinin sıradan çıxarılması bu sahədə aparılan ictimai işlərin də səviyyəsinə mənfi təsir göstərib, hakimiyyətə gəlincə, orda bu məsələnin araşdırılmasını ortaya qoymağa cəsarət göstərən şəxsin olmadığını bildirir.

İqtisadçı vurğulayır ki, ölümlə nəticələnən özünəqəsdlərlə yanaşı, intihara cəhd edənlərin sayında da artım dinamikası müşahidə ounur.

Yamacı sürüşdürən tikintilər və "yeraltı" sular...

"Bizim Yol" qəzetində isə "Bakıda yeni tikintilər sürüşmə sahələrinin yaranmasına səbəb olacaq" sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif son vaxtlar ictimai gündəmdə yer alan Bayıl yamacındakı sürüşmənin səbəblərini ekoloq Telman Zeynalovla müzakirə edir.

Yazıda xatırladılır ki, Bakının Bayıl yamacında davam edən torpaq sürüşməsi 100-lərlə evi qəzalı hala salıb, ərazidə eni 1, dərinliyi 5-7 metrə çatan çatlar əmələ gəlib.

Müəllif vurğulayır ki, ən təhlükəli durum qəsəbənin Cənub dərə küçəsindədir, burada hələ bir il əvvəl yaranan kiçik çatlar iri yarğanlara dönüb, son 2-3 ayda isə hər an evlərin uçmaq təhlükəsi yaranıb.

"Bayıl ərazisi sürüşmə zonasına aiddir. Orada yaşayış binalarının tikilməsinə dövlət qurumlarının icazə verməsi tamamilə səhv addım idi. İndi sürüşmə təhlükəsinin qarşısını almağa çalışırlar". Hadisə ilə bağlı bu şərhi isə qəzetə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov verib.

Ekoloq deyir ki, çıxış yolu həmin ərazilərin yaşıllığa çevrilməsindədir, sürüşmənin aktivləşməsini istəmirlərsə, həmin ərazilərdə terraslar yaradılmalı, ağaclar əkilməlidir ki, yağış suları torpağı tamamilə nəm etməsin.

T.Zeynalov bəyan edir ki, Bakı Televiziya Qülləsi üçün təhlükə yoxdur və səbəbini belə açıqalyır:"Teleqüllənin uçması gözlənilmir. Onu sovet dövründə tikiblər, bünövrəsi ana suxura qədər girib, ona görə də ana suxur Teleqüllənin dağılmasına imkan verməyəcək".

Bu ərazilərdə tikilmiş evlərin bünövrələrinin möhkəmliyinə gəlincə, T.Zeynalov bildirir ki, burada bünövrələr ən yaxşı halda 1 metr dərinlikdədir, amma ana süxurun dərinliyi 20-25 metr dərinlikdə ola bilər.

Ekoloq T.Zeynalov hesab edir ki, Bayıldakı sürüşmənin aktivləşməsinin əsas səbəbi yeraltı çaylardır və bu xüsusda Azərbaycanda yeraltı çayların həddən artıq çox olduğunu bildirir.

T.Zeynalov bu problem daxilində daha başqa bir məsələyə toxunaraq, diqqəti Dünya Bankının məlumatına əsasən 2030-cu ildə Azərbaycanın su qıtlığı ilə üzləşəcəyi məlumatı üzərinə cəmləyir.

Amma ekoloqa görə, yeraltı çayların çoxluğu həm də Azərbaycanın su qıtlığı ilə üzləşməyəcəyinin göstəricisidir.

T.Zeynalov hesab edir ki, Bayılda tikintilər davam etdiyi halda bir tərəfdən yeraltı çayların istiqamətini dəyişə bilər, digər tərəfdən yeraltı suların yataq dəyişmələri yeni sürüşmə sahələrinin yaranmasına səbəb olar.

Ekoloq vurğulayır ki, həm yeraltı suların axın istiqamətlərini qorumaq, gələcəkdə ondan istifadə etmək, həm də Bayıl yamacında sürüşməni dayandırmaq üçün Bayıl yamacında heç bir tikinti olmamalıdır.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti