Hakimiyyət vətəndaşların deyil, tikinti şirkətinin sahibinin tərəfini tutdu

Yanğın təxminən gecə saat 2-də S.Rüstəmov küçəsində sahibi Grand Plaza tikinti şirkətinin şərtləri ilə razılaşmayaraq, öz daşınmaz əmlakını tərk etməkdən imtina edən evdə baş verib. Onun qonşularının evləri şirkətin fəhlələri tərəfindən dağıdılıb, fevralın 1-də ortadakı ev yanıb. Turan-la söhbətində ev sahibi bildirib ki, yanğının səbəbi nasaz elektrik naqili olub. Amma yanan ev sahibinin qonşuları iddia edirlər ki, birmərtəbəli evi Grand Plaza-nın adamları yandırıblar. Ev sahibi səhər onlarla görüşmüşdü və tərəflər danışıqlar aparmışdılar. Qonşu mağazanın satıcısı isə Turan-ın videokamerasına bildirib ki, gecə yanan evin yanında gəzişən iki gənc görüb.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov yanğın yerinə baş çəkib. Elə həmin gün məhəllənin 22 sakini rayon İH binasında İsmayılovla görüşüblər. Görüşdə Turan-ın müxbiri də iştirak edib.

İcra Hakimiyyətinə qəbula getməzdən əvvəl sakinlər rayon hakimiyyətinə Grand Plaza şirkətinin hücumlarının qarşısını almaq, məhəllənin ətrafındakı hasarı sökmək, məhəllədə ayrı-ayrı mənzillərin qanunsuz sökülməsinə son qoymaq, bu tikinti şirkətinin səlahiyyətlərini bilməyən və onun rəhbərliyinin fırıldaqçılığından əmin olan sakinlərin gələcəyinə aydınlıq gətirmək, tələbi ilə kollektiv müraciət tərtib ediblər. Sakinlərin israrlı tələblərindən sonra ərizə rayon hakimiyyətinin dəftərxana şöbəsində qeydiyyata alınıb.

Qurban İsmayılov vətəndaşları Grand Plaza-nın qanuni hüquqlara malik olduğuna inandırıb. Rayon İH şirkətlə xalq arasında Nazirlər Kabinetinin 2016-cı il tarixli 86 saylı sərəncamı kimi məşhur olan hökumətin "Pilot Layihəsi" çərçivəsində köhnə evlərin sökülməsi və yenilərinin tikilməsi haqqında müqavilə bağlayıb. İsmayılov şirkət işçilərinin qəsdən onların evlərini yararsız hala gətirməsindən şikayət edən sakinlərin narazılığını tikinti işlərinin onların sakitliyini pozması kimi qəbul edib ("hətta 20 Yanvar matəm günündə belə"), amma bildirib ki, rayon İH vətəndaşların mənzil hüquqlarının pozulmasına imkan verməyəcək. İsmayılov hesab edir ki, köhnə yaşayış sahəsinin hər kvadrat metri üçün 1500 manat ölçüsündə təzminat, üstəgəl yeni evdə əlavə 20% sahə köhnə mənzilin yenisi ilə əvəz edilməsi üçün tamamilə kifayətdir. "1500-dən artıq sizə heç kim verməz, baxmayaraq ki, bəzi evlərdə tikinti şirkətləri sakinlərə daha böyük məbləğ verib", deyə məmur bildirib. Onun sözlərinə görə, "pilot layihədə" min beş yüzlük təzminat nəzərdə tutulub, kompensasiyanın ölçüsü bundan artıq olsa "Pilot Layihənin həyata keçirilməsi qeyri-mümkün olar", deyə məmur bildirib. Bu layihə rayona Prezident Administrasiyasından daxil olub, layihənin həyata keçirilməsinə administrasiya nəzarət edir və o, mütləq icra ediləcək.

Sakinlərin nümayəndəsi Qurbanov giriş nitqində bildirib ki, onlar Azərbaycan vətəndaşı kimi prezidentin istənilən istəyini həyata keçirməyə hazırdırlar.

Nəsimi rayonunda "Pilot Layihə" çərçivəsində 31-ci inşaat şirkəti tərəfindən evlər söküləcək və yeniləri tikiləcək və bu şirkətlərin sayı getdikcə artır. Təkcə köhnə və qəza vəziyyətində olan evlər deyil, "memarlıq görünüşü Bakının tələblərinə uyğun olmayan" yaşayış üçün yararlı evlər də söküntüyə məruz qalacaq", deyə Qurban İsmayılov açıqlayıb. Həmin ünvandakı evlər 1936-cı ildə tikilib, qəza vəziyyətində deyil, amma İsmayılovun nitqindən çıxan mənaya görə, bu məhəllənin görünüşü paytaxtın memarlıq görünüşünü korlayır və buna görə evlər mütləq sökülməlidir.

Vətəndaşların Grand Plaza-nın fırıldaqçılıq tarixçəsi haqqında iddiaları Qurban İsmayılov tərəfindən əsassız iddia kimi rədd edilib, belə ki, "rayon İH hər yoldan keçənlə müqavilə bağlamır". İH insanların yeni mənzillə təmin edilməsinə görə bütün məsuliyyəti öz üzərinə götürür, deyə İsmayılov əlavə edib.

Nəsimi rayon İH başçısının müavini sakinlərin inşaatçıların işindən yaranan zibil və səs-küylə bağlı kiçik tələblərini nəzərə almağı vəd edib.

Məhəllə sakinləri rayon hakimiyyətini narazı şəkildə, özlərini aldadılmış hiss edərək tərk ediblər, belə ki, əsas şeyi əldə etməyiblər - öz evlərində keçirəcəkləri vaxt az qalıb, təzminat kifayət qədər deyil, itirdikləri evin layiqli əvəzini alacaqlarından isə əmin deyillər.

Biz nəşrlər silsiləsində H.Ələsgərov və S.Rüstəmov, Q.Quliyev və X.Şuşinski küçələrində sözügedən şirkətin məcbur etməsinə baxmayaraq, başqa evlərə köçmək haqqında müqaviləni imzalamaqdan imtina edən məhəllə sakinlərinin mübarizəsi haqqında məlumat vermişdik. Sakinlər şirkətin Bakıda başqa bir yerdə mənzillərin və park yerlərinin satışı ilə bağlı fırıldağa görə həbs edilmiş biznesmenlə birbaşa əlaqəsinin olduğunu öyrəniblər. Bakılılar bu şirkətə etibar etmirlər, mənzilsiz qalmaqdan qorxurlar.

Sakinlər bir çox dövlət instansiyalarına şikayətlər göndəriblər. Yalnız FHN şöbəsindən təsirli cavab gəlib, nazirlik işçiləri yerində yoxlama aparıblar və tikinti şirkətinin tikintidə təhlükəsizlik normalarını pozduğunu aşkar ediblər. FHN Grand Plazaya rəsmi məktubunda nöqsanları aradan qaldırmağı tələb edir, əks halda burada tikinti işləri dayandırılacaq.

FHN-dən cavab gəldikdən sonra bu evdə yanğın baş verib...

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti