Media-icmal 13.02.18

Ölkədə seçki mühitinin dəyərləndirilməsi, neftin ucuzlaşması ehtimalı, maliyyə sahəsindəki durum bugünki (13 fevral, 2018-ci il) medianın aparıcı mövzularındandır...

Azad seçki mühiti iddiası

"Xalq qəzeti" "Azərbaycan dövləti aprelin 11-dəki seçkilərdə də şəffaflığı və obyektivliyi təmin edəcəkdir" sərlövhəli məqalədə ölkədə seçki mühitini dəyərləndirir.

Müəllif deyir ki, Azərbaycan xalqı nöbvədənkənar prezident seçkiləri ərəfəsindədir, belə ki, dövlət başçısı İlham Əliyev 2018-ci il aprelin 11-də prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb.

Müəllif deyir ki, həmin sərəncam ölkə Konstitusiyasının və qanunvericiliyin tələblərinə tam uyğundur.

Müəllif Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova istinadən bütün seçkilər kimi, 2018-ci il aprelin 11-də keçiriləcək seçkilərin də ölkə qanunvericiliyi əsasında, xalqın arzu və istəklərinə uyğun, azad və demokratik şəkildə keçiriləcəyini bildirib.

Müəllif vurğulayır ki, istənilən seçki ərəfəsində ekspert və politoloqlar dörd mühüm prinsipi önə çəkməyi məqsədəuyğun hesab edirlər: "Milli seçki qanunvericiliyi, xalqın seçki təcrübəsi, beynəlxalq qanunvericilik normaları ilə uzlaşdırılma və nəhayət, cəmiyyətin arzu-istəklərinin nəzərə alınması. Qətiyyətlə deyə bilərik ki, son 15-20 ildə ölkəmizdə keçirilən bütün seçkilər ərəfəsində bu dörd prinsip dönə-dönə yada salınıb və onların hər biri yüksək səviyyədə təmin edilib".

Müəllif qarşıdan gələn seçkilərdə də həmin prinsiplərin daha yüksək səviyyədə təmin olunacağının heç kəsdə şübhə yaratmadığını vurğulayr.

Müəllif hesab edir ki, bu gün ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində beynəlxalq miqyaslı uğurlar əldə edən Azərbaycan seçkilər sahəsində də mühüm nailiyyətlər qazanıb və Mərkəzi Seçki Komissiyasının rəsmi materialları ilə tanış olarkən bunu görmək mümkündür.

Yazıda deyilir ki, ölkə rəhbərliyi fəaliyyətinin bütün dövrlərində əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması məsələsini daim diqqət mərkəzində saxlayıb: "Təbii ki, insan hüquqlarının daha sivil həyata keçirilməsi vasitələrindən biri də seçkilərin demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun aparılmasıdır".

Müəllif hesab edir ki, bu baxımdan seçkilərin keçirilməsinə hər hansı problem yoxdur və MSK müasir seçki texnologiyaları ilə təmin edilib və bu sahədə beynəlxalq əməkdaşlıq öz bəhrəsini verir.

MSK bu yöndə KİV-lərlə də fəal iş aparır, əhali seçkilərlə bağlı məlumatlandırılır, müxtəlif formatlı seçki təşviqi və təbliğilə bağlı tədbirlər keçirilir.

Seçki prosesinin canlı izlənilməsi üçün seçki məntəqələrində veb-kameralardan istifadə təcrübəsi və coğrafiyası da ildən-ilə artır və artıq 1000-ə qədər veb-kamera quraşdırılıb.

Müəllifə görə, növbədənkənar prezident seçkilərində də hər hansı problem yaşanmayacaq.

Neftin qiyməti sürətlə ucuzlaşa bilər - ekspert

"Yeni Müsavat" qəzetində diqqəti "İqtisadçı ekspertdən bədbin proqnoz: Neftin ucuzlaşması sürətlənə bilər" sərlövhəli məqalə çəkir.

Müəllif neftin qiymətinin ucuzlaşması və bunun nəticələrini ekspert Rəşad Həsənovla müzakirə edir.

Müəllif deyir ki, Azərbaycan neftinin qiyməti ucuzlaşır, belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,41 dollar ucuzlaşaraq 65,20 dollar olub, xam neftin qiyməti 2016-cı ilin yanvar ayından indiyədək ən yüksək həftəlik itki ilə üzləşib.

İqtisadçı ekspert Rəşad Həsənov neftin bir həftə öncə bazarlarda 70 dollardan yuxarı qiymətə satılmasını müəyyən qədər "köpük qiymətlər" hesab edir: "Çünki tələb və təklif arasında elə ciddi bir disbalans yaranmamışdı. Burada spekulyativ izlər də hiss olunurdu, eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, trendlərdən asılı olaraq bazar iştirakçılarının bir qismi ona uyğun mövqe tuturlar.

Yəni qiymətlərin qalxması tendensiyası müşahidə olunduqda, alışa keçirlər ki, bu da qiymətləri artıran əsas səbəblərdən biri idi".

Ekspert deyir ki, son günlərdə neftin ucuzlaşması müşahidə olunur, çünki qiymətlərdə doymuşluq var və bazar doyduğu halda qiymətlərin aşağı düşməsi təbiidir.

R.Həsənova görə, ABŞ-da son günlərdə neft hasilatının sürətlə artması qiymətlər üçün təzyiq formalaşdıran məqamlardan biridir və bazarlar müəyyən dövr ərzində bu informasiyanın psixoloji təsiri altında passiv mövqe sərgiləyəcək ki, bu da qiymətləri aşağı salacaq.

Ekspert bunu da vurğulayır ki, bu ilin sonuna doğru bazarda təklif tələbi üstələyərsə, artım baş verməyə də bilər: "Ancaq onu da nəzərə almaq lazımdır ki, bu günlərdə BP 2018-ci ilin sonuna neftin qiymətinin 55 dollara qədər ucuzlaşması proqnozu ilə də çıxış edib. Burada əsas götürülən indikatorlardan biri təklifin yenidən tələbdən daha çox olması məqamıdır".

R.Həsənov xatırladır ki, 2017-ci ilin sonlarında artıq tələb və təklif arasında tələbin xeyrinə vəziyyət gündəlik 1,1 milyon barel dəyişmişdi, amma yenidən təklifin həcmində artım müşahidə oluna bilər.

Ekspertə görə, neftin qiymətini əvvəlcədən proqnozlaşdırmaq çox çətindir, bu da ən müxtəlif amillərin burada iştirakçı olması ilə bağlıdır.

Amma R.Həsənov yaxın Şərqdə baş verməkdə olan gərginlikləri xatırladaraq, bu kimi hadisələrin də qiymətlərə təsirinin ola bilməsini istisna etmir.

Mərkəzi Bank nə istəyir?

"Novoye Vremya" qəzetində isə diqqəti "Elman Rüstəmov nə istəyir? " sərlövəhli məqalə çəkir.

Müəllif Azərbaycan manatının məzənnəsinin Mərkəzi Bank tərəfindən süni dəstəklənməsi barədə beyənlxalq agentliklərin iradlarını haqlı sayır və deyir ki, elə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bu günlərdəki çıxışından da belə nəticə çıxarmaq olar: "Dolların məzənnəsini uzun ümddət 1, 7001 səviyyəsində salxamaqla Mərkəzi Bank "üzən məzənnə" rejimindən imtina etdiyini göstərirdi".

Müəllif vurğulayır ki, E.Rüstəmov manatın qiymətinin kəskin enməsi və ya qalxması tərəfdarı olmadığını da bildirib.

Mərkəzi Bank rəhbərinin bu çıxışından irəli gələn müəllif deyir ki, ölkədə manatın azad üzən məzənnəsi mövcud deyil və müəllif bu yanaşma ilə aşağı məzənnəni dəstəkləməyin və inflyasiyanı vəd etdikləri kimi təkrəqəmli səviyyədə saxlamağın mümkün olmadığını bildirir və xatırladır ki, 2017-ci ildə inflyasiya 14% həcmində olub.

Müəllif hesab edir ki, iqtisadiyyatda artım yoxdur, valyuta ehtiyatı isə neftin indiki qiyməti hesabına artır və elə Mərkəzi Bankın ehtiyatlarının artması da neftin qiymətlərinin indiki durumu, neft konyukturası ilə bağlıdır.

Məqalə müəllifinə göə, Mərkəzi Bankın uçot dərəcəsini 13%-ə endirməsi özü də neft konyukturası ilə bağlıdır: "Amma MB-ın bu qərarından xalqa heç nə çatmır, çünki, kommersiya bankları bununla kredit faizlərini aşağı salmayacaqlar.

Bu mənada nə MB, nə Maliyyə Bazarlarına Nəzarət Palatası xalqa dəstək vermək niyyətində deyil: Halbuki, MB-nin və ya Nazirlər Kabinetinin belə müdaxiləsi xalqı talançı həddə olan bank faizlərindən xilas edə bilərdi. Məlumdur ki, ölkənin hər 3 vətəndaşından birinin banka borcu var və problemli kreditlər artıq 2 milyard manat həddinə yaxınlaşır.

Müəllif vurğulayır ki, indiki siyasət ilə MB-nin uzunmüddətli prespektivə müsbət nəsə verəcəyi inandırıcı deyil, amma əvəzində neqativlər çoxala bilər.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti