Bakı və Aşqabad prinsipial məsələlər üzrə mövqelərini yaxınlaşdırır

Bakı/02.02.18/Turan: Dünən Türkmənbaşı şəhərində Türkmənistan prezidenti Berdıməhəmmədovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti ilə görüşü keçirilib.

Görüşün gündəliyi və ondan sonra verilən rəsmi şərhlər Azərbaycan və Türkmənistanın əsas məsələlər üzrə mövqelərinin yaxınlaşdığını deməyə imkan verir.

Azərbaycan nümayəndə heyəti ilə görüşdən bir gün sonra Berdıməhəmmədov hökumətin iclasında bildirib ki, "Azərbaycan Türkmənistanın mühüm tərəfdaşıdır". O, yüksək səviyyədə ikitərəfli razılaşmalar əldə edildiyini və onların həyata keçirilməsi zərurətini qeyd edib.

"Xəzər dənizi dostluq və beynəlxalq əməkdaşlıq dənizi olmalıdır, orada sülhə və qarşılıqlı beynəlxlaq fəaliyyətə yönəlmiş geniş miqyaslı işlər həyata keçirilməlidir", deyə ölkənin dövlət informasiya agentliyi Berdıməhəmmədovdan sitat gətirir.

Mənbənin məlumatına görə, Məmmədyarov və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla danışıqlar zamanı Türkmənistan lideri qeyd edib ki, Türkmənistan-Azərbaycan münasibətləri "yeni keyfiyyət və dolğunluq qazanır".

"Əsas qarşılıqlı fəaliyyət istiqamətləri arasında energetika sektorunun adı çəkilib, Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının dünya bazarlarına tarazlaşdırılmış çoxvariantlı nəqli sisteminin yaradılmasının tərəfdarıdır. İki dövlətin coğrafi mövqeyi də Asiya və Avropanı birləşdirən və yüklərin daşınması üçün optimal səmərəli marşrutları təmin edən bütün zəruri logistika infrastrukturları ilə təchiz edilmiş beynəlxlaq tranzit-nəqliyyat dəhlizlərinin formalaşdırılması üzrə layihələrin həyata keçirilməsi səylərinin uğurlu olması üçün əlverişli zəmin yaradır", deyə məlumatda bildirilir.

Qeyd edək ki, Bakı və Aşqabad arasında uzun illər davam edən fikir ayrılıqlarının səbəbi Xəzərin mərkəzindəki dəniz neft yataqlarının, xüsusən "Kəpəz"in (Türkmənistan versiyasına görə "Sərdar") kimə məxsus olması məsələsidir.

Bundan başqa, tərəflər dənizin dininin milli sektorlara bölünməsi məsələsində də fikir ayrılığı yaşayır.

Amma hər iki ölkə Türkmənistanın öz neftini Qərb bazarlarına çıxarmasına, Azərbaycanın isə tranzit ölkə rolunu artırmasına imkan verəcək transxəzər neft kəmərinin çəkilməsində maraqlıdır. -02D-

Rəy yaz

Siyasət

Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? – Mirəli Hüseynov Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti