Ekspert: Rusiya Azərbaycana təzyiq göstərə bilər

Bakı/22.03.18/Turan: Rəsmi məlumatlara görə, Rusiyada keçirilən prezident seçkilərində seçicilərin 76% səsini toplayan Vladimir Putin rekord qazanaraq qalib gəlib.

Putinin populyarlığının artmasına onun keçmiş sovet respublikalarının timsalında SSRİ-nin "qəlpələri"nə tarixi və geosiyasi iddialarını nümayiş etdirən ardıcıl siyasəti də yardım etdi.

Putinin 18 illik idarəçiliyi göstərir ki, o, Qərbin postsovet məkanında iştirakının möhkəmlənməsi və satellit ölkələrin qərbyönlü meylləri ilə barışmaq istəmir. Bu mənada 2008-ci ildə onun Gürcüstanda, 2014-cü ildən başlayaraq Ukraynada aqressiv hərəkətlərini göstərmək olar. Rusiyaya qarşı son sanksiyalar təsir dairəsi uğrunda mübarizənin kəskinləşməsindən xəbər verir.

Aydındır ki, iki qütb arasında münaqişə həmişə Azərbaycana təsir göstərib. Sonda Azərbaycan açıq konfrontasiya arenasına çevrilməkdən qurtula bilib. Əliyev administrasiyası Vladimir Putinin yenidən prezident seçilməsi ilə əlaqədar mövcud balansı saxlaya biləcəkmi?

"Atlas" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Turan-a bildirib ki, Putinin yenidən seçilməsinə baxmayaraq, seçkilərdəki bu qələbə ona baha başa gələcək: "Qərb Rusiyaya qarşı sanksiyaları daha çox sərtləşdirir. Skripal qalmaqalı vəziyyəti daha da kəskinləşdirib. Putinə və onun ətrafına qarşı sanksiyalar ölkə iqtisadiyyatına, həmçinin xalqın sosial durumuna mənfi təsir göstərir. Vaxtilə ABŞ-ın beyin mərkəzləri SSRİ-nin ləğvi ilə bağlı müxtəlif planlar hazırlayıb həyata keçirdilər. Nəhayət, öz məqsədlərinə çatdılar. İndi də həmin beyin mərkəzləri Putinin və Rusiyanın zəifləməsi üçün planlar tərtib edirlər".

Politoloq qeyd edib ki, Qərb və Rusiya arasındakı gərgin münasibətlər Azərbaycana təsir göstərməməlidir.

"Rusiya bizim qonşumuzdur. Moskva bizim torpaqları işğal edəni dəstəkləsə də, Azərbaycan Rusiya ilə normal münasibətləri saxlayır. Ancaq bu normal münasibətlər o demək deyil ki, Azərbaycan Qərb ilə münaqişədə Rusiyanın tərəfini tutmalıdır. Biz neytral olmalıyıq. Azərbaycanın rəsmi şəxsləri Rusiya-Qərb münasibətlərinin yaxşılaşmasını dəstəkləməlidir. Başqa bəyanatlar Azərbaycana ziyan gətirə bilər. Təəssüf ki, bəzi deputatlar Qərbin sanksiyalarını ədalətsiz adlandırırlar və belə təəssürat yaranır ki, Azərbaycan şimal qonşusunu dəstəkləyir. Bunu görən Moskva düşünə bilər ki, rəsmi Bakı ondan ehtiyat edir və təzyiqi artırar. Bundan əlavə, deputatlar bilməlidirlər ki, Rusiyaya qarşı sanksiyalar Qarabağın analoqu olan Krımın anneksiyası ilə bağlıdır. Odur ki, bəzi deputatlar Rusiyanı bu cür müdafiə etməklə dolayısı ilə Qarabağın işğalına göz yumurlar", - E.Şahinoğlu bildirib.

Ekspert hesab edir ki, Putinin prezident kimi mövqeyi möhkəmləndikdən sonra Rusiya gələcəkdə əgər Azərbaycan Avropa ilə münasibətlərini möhkəmləndirərsə, Azərbaycana təzyiq göstərə bilər, ancaq bu, güclü təzyiq olmayacaq.

"Azərbaycanın həyata keçirdiyi bütün regional layihələr - TAP, TANAP, "Cənub" qaz dəhlizi Rusiyaya alternativdir və ondan yan keçməklə həyata keçirilir. Bura Bakının vasitəsilə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu da daxil etmək olar. Bu layihələr bizim milli maraqlara uyğundur. Gələcəkdə Rusiya Azərbaycana müəyyən təzyiq göstərə bilər. Belə olduğu halda, biz Qərbə inteqrasiyanı gücləndirməliyik. Bu o demək deyil ki, Ukrayna və Gürcüstan kimi NATO-ya və Avropa İttifaqına daxil olmağı qarşımıza məqsəd qoymalıyıq, çünki Rusiya ilə münasibətlərimiz daha da gərginləşə bilər.

Lakin Rusiyanın təzyiqi artarsa biz özümüzü müdafiə etməliyik və öz müttəfiqlərimiz - Türkiyə və Avropa İttifaqı dövlətləri ilə əməkdaşlığı genişləndirməliyik. Məhz bundan ötrü ilin sonunadək Avropa İttifaqı ilə strateji sazişi imzalamağa çalışmaq lazımdır. Rusiya başa düşməlidir ki, Azərbaycana təzyiqlər olduğu halda, Ukrayna və Gürcüstan kimi onu da itirə bilər", - ekspert vurğulayıb.

E.Şahinoğlu Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın vasitəçilik variantını istisna edib.

"Azərbaycan ancaq bir şərtlə Rusiya ilə strateji tərəfdaşlığı gücləndirə bilər: Ermənistan hakimiyyətinə təsir göstərərək heç olmasa işğal edilmiş beş rayonun qeyd-şərtsiz azad edilməsini təmin etsin. Ancaq yaxın zamanlarda bu, görünmür. Putin yenidən prezident seçildi və Qarabağa dair mövqeyi dəyişməyəcək. Putin Qarabağ münaqişəsinin həllində maraqlı deyil. O, bu barədə Türkiyə prezidenti Ərdoğana bildirib. Dmitri Medvedyev Rusiyanın prezidenti olduğu vaxt Qarabağ münaqişəsini həll etmək istəyirdi. Azərbaycan və Ermənistan prezidentinin on görüşünü təşkil etmişdi. Ancaq Putin buna mane oldu. Rusiya hər zaman Ermənistanı dəstəkləyib və ondan Azərbaycana qarşı istifadə edib. Bu siyasət dəyişməyəcək. Odur ki, Vladimir Putinin Ermənistana təsir edib Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyini gözləmirəm. Çünki Rusiya bu münaqişənin vasitəsilə Ermənistanı əlində saxlayır və Azərbaycana təsir göstərə bilər. Qarabağ münaqişəsi olmasa Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri düzələr və Rusiya Qafqazdakı sonuncu forpostunu itirər",- ekspert qeyd edib.

Politoloqun fikrincə, Rusiyadan kütləvi silah alışına görə Azərbaycanı Qərb tərəfindən sanksiya təhlükəsi gözləmir.

"Qarabağ münaqişəsi ilə əlaqədar bizim silahımız çox olmalıdır. Təəssüf ki, İsrail istisna olmaqla, qərb ölkələri Azərbaycana silah satmır. Qarabağ münaqişəsinə görə həm Azərbaycana, həm də Ermənistana silah göndərişinə qeyri-rəsmi embarqo var. Odur ki, biz silahı alınması mümkün olduğu yerdən almalıyıq. Ötən illərdə Bakı Rusiyadan təxminən 5 mlrd. dollarlıq silah alıb. Ancaq bu ilin büdcəsində Moskvadan böyük silah alışı nəzərdə tutulmayıb. Bu o deməkdir ki, Azərbaycan Rusiyadan silah idxalını azaldır və Qərb bunu görür. Bundan əlavə, iqtisadi planda Azərbaycan Ermənistandan fərqli olaraq, təkcə Rusiya üçün yox, digər bazarlar üçün də açıqdır. Hazırda bizim əsas ticarət tərəfdaşlarımız məhz qərb ölkələridir -İtaliya və s. Rusiya ilə yaxınlaşmaq Azərbaycana ziyan vura bilər və bizi Moskvadan asılı vəziyyətə salar", - E.Şahinoğlu fikrini yekunlaşdırıb.

Rəy yaz

Sual-cavab

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti