azenglishnews.com

azenglishnews.com

Şəxsiyyətin təhqiri və dövlət səviyyəsində yalanın yayılması üzrə genişmiqyaslı kampaniyaların ideoloqlarından və pionerlərindən biri olan Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov da yeni təzahürü etiraf etmək məcburiyyətində qalıb.

Martın 22-də Facebook-da Həsənov rejimin tənqidçilərini təhqiredici leksikadan imtina etməyə çağırıb, Prezident Administrasiyasının ideloji komandasının illərlə pozduğu əxlaq normalarını, Azərbaycanlıların mentalitetini və ənənələrini yada salıb.

Siyasi mühacirlər tərəfindən prezident İlham Əliyevin, ailəsinin və yaxın ətrafının ünvanına məqsədyönlü təhqirlər son bir ilin nəzərəçarpan təmayülü olub. O, uzun illər boyunca rəsmi mətbuatın siyasi rəqiblərin ünvanına təhqirlərinə, onlara və ailələrinə qarşı zorakılığına cavab olub.

Bu gün youtube-da hakimiyyətin ünvanına təhqir dolu videosüjetlər milyon dəfələrlə izlənir, bu da auditoriyanın Azərbaycanın siyasi-informasiya məkanında yeni təmayülə yüksək diqqətinin göstəricisidir.

Bu informasiya əks-hücumunun nəticələri hakimiyyətin sabitliyi üçün təhlükəlidir. Məsələ ondadır ki, avtoritar bir ölkə kimi Azərbaycanda bütün sabitlik liderin nüfuzuna bağlıdır və onun imicinin, eqosunun toxunulmazlığının sarsılması sistemin sabitliyinin pozulmasına gətirib çıxaracaq. 1989-cu ildə Vəzirovun, 1992-ci ildə Mütəllibovun, 1993-cü ildə Elçibəyin ölkə rəhbərliyindən devrilməsindən əvvəl onlar ictimai rəydə nüfuzdan salınıb, bu, lətifələrin, karikaturaların yayılmasında, ləqəblər qoyulmasında, parodiyalarda və nəhayət, açıq senzuradankənar leksikada özünü büruzə verib.

Maraqlıdır ki, bütün hallarda bu kampaniyaların katalizatoru həm yuxarılarda, həm də aşağılarda hakimiyyət uğrunda mübarizə aparanlar olub. Bu halda bir sıra ictimai xadimlər senzuradankənar siyasi mübahisənin yaradılmasında hakimiyyətin müəyyən qolunun da kifayət qədər maraqlı olduğunu istisna etmirlər. Müşahidələr göstərir ki, məhz Əliyev və onun ailəsi daha qızğın surətdə "senzurasız" hücuma məruz qalır.

Doğrudur, rəqiblərə qarşı "senzurasız" mübarizənin ideoloqu Əli Həsənov təkcə prezidentin deyil, onun özünün - sadiq köməkçinin də təhqirlərə məruz qaldığını qeyd etməyə tələsib, beləliklə, bu vəziyyətin yaranmasında öz əlinin olmadığına eyham etməyə çalışıb. Amma faktlar göstərir ki, son hadisələrin arxasında rejimin ideoloqu durur. Ötən ilin sonlarında təhqir və böhtan xəttinin gücləndirilməsi üçün hakimiyyət tərəfindən trollar ordusu formalaşdırılıb, onların qarşısına sosial şəbəkələrdə siyasi rəqiblərə qarşı yalan, təhqir hücumlarının təşkili üzrə real vəzifələr qoyulub. İndi artıq hökumətyönlü olan Mətbuat Şurasının qurultayında Həsənov birbaşa jurnalistləri fərqli düşünənlərə qarşı mübarizə aparmağa, rejimin müdafiəsi üçün səylərini artırmağa çağırıb.

Məsələnin tarixi haqqında

Şəxsiyyəti məhvetmə sistemi 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi ilə inkişaf etməyə başlayıb. Etiraf edək ki, Heydər Əliyevin dövründə bu mübarizə forması təqdir olunmurdu, baxmayaraq ki, əsasən televiziyada və çap KİV-lərində rəqiblərə qarşı böhtan və təhqirdən istifadə olunurdu. Həmin vaxtlar Azərbaycana hələ İnternet dövrü gəlməmişdi.

2005-ci ildə vəkil Aslan İsmayılov prezident İlham Əliyevə LİDER telekanalında (İ.Əliyevin əmisi nəvəsinə məxsusdur) hakimiyyətin rəqiblərinin təhqirinə son qoymaq çağırışı ilə açıq müraciət edib. Buna cavab olaraq Əliyev kanalın müstəqil olduğunu və dövlətin onun fəaliyyətinə müdaxilə edə bilməyəcəyini bildirib. Buradan belə çıxırdı ki, Əliyev LİDER TV-də, eləcə də bütünlükdə bu kampaniyanın qarşısını almaq niyyətində deyildi.

Amma məsələ ondadır ki, TV haqqında qanun nəinki təhqir və böhtanı birbaşa qadağan edir, həm də yayım siyasətində balansı, plüralizmi, obyektivliyi təmin etməyi tələb edir.

Həmin vaxt bu siyasətin ideoloqları TV kanalları, demək olar ki, bütün çap KİV-lərini tam nəzarət altına alarkən rəqibləri rüsvay etmək və öz maraqlarına uyğun təbliğat həyata keçirmək üçün informasiya resurslarından cəzasız istifadə edə biləcəklərindən əmin idilər. Onlar internetin strateji inkişafını, onun imkanlarını və gələcəkdə qlobal informasiya şəbəkəsində tənqidi səslərə nəzarət edə bilməyəcəklərini dərk etmirdilər.

Həmin vaxt peşəkar KİV-lər və jurnalistika xadimləri bu təhlükəni dərk edirdilər və bu təmayülün və hakimiyyətin zərərli siyasətinin qarşısını almağa çalışırdılar. 1996-cı ildə Bakı Mətbuat Klubu yaradılıb, jurnalistlərin üzərinə təhqir və böhtandan imtina etmək öhdəliyi qoyan məcəllə qəbul edib. Mətbuat Klubunun fəaliyyətini əngəllənməsinə və onun məhvinə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev icazə verib. 2003-cü ildə elə bu jurnalistika xadimlərindən ibarət qrup Mətbuat Şurasının yaradılması təşəbbüsünü irəli sürüb və Şuranı yaradıb, həmçinin fundamental Azərbaycan Jurnalistinin Peşə-Etika Qaydalarını (Kodeks) qəbul edib. Və yenə də, indi artıq Əli Həsənovun həyata keçirdiyi siyasət vasitəsilə Mətbuat Şurasının dağıdılması və nəzarət altında olan orqana çevrilməsi başlayır. Şura KİV-ə qarşı ən iyrənc təşəbbüslər irəli sürməyə və informasiya məkanında qarşıdurmaları gücləndirməyə başlayıb.

2006-cı ildə beş jurnalist təşkilatı ABŞ səfirliyinin dəstəyi ilə "KİV-də peşə-etika normalarına riayət olunmasının monitorinqi" layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində ilk üç aylıq iş nəticəsində pozuntuların sayı 7500-dən 2500-ə qədər azalıb. Bu zaman 1% təhqir və böhtanın payına düşüb. Sonradan təhqirə yol verənlər arasında İdeal, Müasir Müsavat və digər hökumət KİV-ləri və hökumətyönlü KİV-lər olub. Onlar arasında müxalif KİV-lər yox idi.

2008-ci ildə layihə Mətbuat Şurasına təhvil verilib, onun birbaşa öhdəliyi MŞ üzvlərinin Jurnalistin Peşə və Etika Məcəlləsinin norma və prinsiplərinə riayət etməsinə nəzarət etməkdir. Amma yarım il sonra layihə bağlanıb.

Monitorinqin əsasən bir sıra nəşrlər, xüsusən də hökumət nəşrləri və hökumətyönlü nəşrlər tərəfindən Həqiqətə riayət olunması prinsipinin (obyektivlik, balans, plüralizm) kobud şəkildə pozulduğunu üzə çıxarması Prezident Administrasiyasını qəzəbləndirirdi.

MŞ-nin saytların bağlanmasına, internetdə fəaliyyət qaydalarının məhvinə yönəlmiş son əməlləri, Əli Həsənovun bəyanatı və Azərbaycanın leqal peşəkar plüralist informasiya məkanının məhdudlaşdırılması üzrə addımları göstərir ki, hakimiyyət senzuranın gücləndirilməsi və söz azadlığının məhdudlaşdırılması xəttini davam etdirir.

Yaxın perspektivlər

"Linotip təfəkkür"

http://www.turan.az/ext/news/2016/11/free/analytics/az/117098.htm ,

"Döyüş uduzulub, cənablar"

http://www.turan.az/ext/news/2017/5/free/analytics/az/117808.htm​

məqalələrində.

Turan hakimiyyətə informasiya siyasətlərinin uğursuzluğu haqqında xəbərdarlıq edir və faktiki olaraq, ölkənin informasiya təhlükəsizliyi sisteminə ciddi zərbə vuran və cəmiyyətdə qarşıdurmanın güclənməsinə səbəb olan, son nəticədə sabitlik və hətta milli təhlükəsizlik üçün real təhlükə yaradacaq bu xətdən imtina etməyə çağırırdı.

Əxlaqi tənəzzül prosesini dayandırmağın yeganə yolu plüralizmin, qanunvericilikdə və əxlaq normalarında nəzərdə tutulmuş, Məcəllədə əks olunmuş mübahisə və tənqidin inkişafı üçün şəraiti bərpa etməkdən keçir.

İnformasiya siyasətinə yenidən baxılmalı və beynəlxalq demokratik standartlara uyğun olaraq yenidən islah edilməlidir. Başqa yol yoxdur.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti