Media-icmal 25.05.18

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti, problemli kreditlərin hələ də həllini tapmaması, problemlərə başdansovdu münasibət bugünki (25 may, 2018-ci il ) medianın aparıcı mövzularındandır...

BTC-nin əhəmiyyəti nə imiş?

"Azərbaycan" qəzeti "BTC getdikcə daha mühüm əhəmiyyət kəsb edir" sərlövhəli məqalədə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin əhəmiyyətini dəyərləndirir.

Müəllif 13 il bundan öncə, 2005-ci il mayın 25-də Səngəçal terminalındakı baş nasos stansiyasından BTC əsas ixrac boru kəmərinə ilk neft vurulduğunu, beləliklə, kəmərin Azərbaycan hissəsinin istifadəyə verildiyini xatırladır: "BTC ulu öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Məhz buna görə də kəmərin tikintisi başa çatarkən layihənin səhmdarları ona ulu öndər Heydər Əliyevin adının verilməsi təşəbbüsünü irəli sürmüş və təklif yekdilliklə bəyənilmişdir. Kəmər indiyədək ahəngdar və təhlükəsiz işləyərək ona bəslənən ümidləri və daşıdığı şərəfli adı layiqincə doğruldur".

Müəllif BTC-ni üçüncü minilliyin nəhəng mühəndis qurğusu sayır, Avrasiya məkanındakı analoji kəmərlər arasında öz unikallığı ilə seçildiyini deyir.

Müəllif deyir ki, kəmərin səkkiz nasos stansiyası var ki, ikisi Azərbaycanda, ikisi Gürcüstanda, dördü isə Türkiyədədir.

Müəllif vurğulayır ki, əməliyyatçı şirkətin məlumatına görə, 2006-cı ilin iyul ayında tam sistem kimi istismara veriləndən bu ilin əvvəlinədək bu boru kəməri ilə ümumilikdə 383 milyon tondan artıq (təxminən 2,87 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3758 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

BTC bu ilin əvvəlindən də təhlükəsiz və ahəngdar şəkildə fəaliyyət göstərir.

Yazı müəllifi vurğulayır ki, illər keçir, Azərbaycan yeni, daha qlobal layihələri reallaşdırır, bununla belə, BTC getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Əvvəla ona görə ki, təkcə Azərbaycana yox, bütün regiona gəlir, xeyir-bərəkət gətirən kəmərdir, kəmər istismara veriləndən sonrakı illərdə ölkəmiz böyük həcmdə valyuta ehtiyatları əldə edib.

BTC eyni zamanda Azərbaycandan dünyaya yeni bir yol açıb. Elə bir dəhlizin təməlini qoyub ki, bu gün onu yeddi ölkə, onlarca şirkət həyata keçirir. Çoxsaylı topdan qaz alıcısı Xəzərin Azərbaycan sektorundan çıxarılacaq və həmin dəhlizlə axıdılacaq mavi yanacağın yolunu gözləyir.

Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit yolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir".

Arta-arta gedən problemli kreditlər

"Yeni Müsavat" qəzetində isə "Hökumət problemli kreditlər məsələsinə niyə əncam çəkmir?..." sərlövhəli məqalə oxumaq olar.

Müəllif deyir ki, 2015-ci ildən manatın devalvasiyası ilə birgə meydana gələn "problemli kreditlər" məsələsi hələ də ictimai gündəmdə yer tutmaqda davam edir, hazırda bu kreditlərin həcmi 1 milyard 710 milyon manat, ümumi kredit portfelində payı 16%-ə yaxınlaşır.

Müəllifə görə, Cümhuriyyətin 100 illiyinin tamam olduğu 2018-ci ildə əhali problemin həllinə ümid etsə də, gözləntilər özünü doğrultmadı.

Bu məsələ ilə bağlı qəzetə şərh verən iqtisadçı-ekspert Natiq Cəfərli problemli kreditlərin həcmilə bağlı açıqlanan rəqəmlərin reallığı əks etdirmədyini bildirir: "Bu problem artıq üçüncü ildir davam edir. Əslində onun həlli istiqamətində birinci devalvasiyadan sonra hökumət tərəfindən zəruri addımlar atılmalıydı. Lakin nədənsə bu addımlar atılmadı. İkinci devalvasiya isə problemi qat-qat ağırlaşdırdı. Həm banklar, həm vətəndaşlar çətin duruma düşdülər. Bu gün rəsmi rəqəmlərə görə, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 16 faizə çatır".

N.Cəfərli deyir ki, "Moody"s", "Fitch" və "S&P" kimi beynəlxalq agentliklərin hesablamalarına görə, bu rəqəm 30 faizdən yuxarıdır.

Ekspert deyir ki, bütün dünyada probemli kreditlərin həcmi 3%-i keçən kimi həyəcan təbili çalınır, banklar lazım olan addımları atmağa çağırılır. Azərbaycanda artıq norma 10 dəfə keçilib: "Görünən də budur ki, nə banklar bu məsələni təkbaşına həll edə, nə də vətəndaşlar kreditləri qaytara biləcəklər. Məhkəmələrə kredit işinə görə edilən müraciətlərin sayı isə gündən-günə artır. Hazırda məhkəmə müraciətlərinin 60-70 faizi kreditlərlə bağlıdır. Amma bu, məhkəmə yolu ilə də həll olunası məsələ deyil".

N.Cəfərli deyir ki, burada əsas məsələ problemin həlli üçün zəruri olan maliyyə qaynaqlarının tapılmasıdır, istər hökumət və ya Mərkəzi Bank maliyyə qaynağının tapılması üçün heç bir addım atmır.

Ekspertə görə, hökumət düşünür ki, zəif banklar sıradan çıxacaq, bundan sonra ola bilər ki, dayanıqlı banklara yardım edilməsi məsələsi sonradan gündəmə gəlsin, hazırda isə hökumət məsələyə tamaşaçı mövqeyi tutur, problem isə gün-gündən dərinləşir.

N.Cəfərli deyir ki, problemli kreditlər məsələsinin kökündən həll olunması üçün təxminən 5 milyard manat vəsaitə ehtiyac var, bunun üçün mənbə dövlət büdcəsi də, Neft Fondu da ola bilər: "Birinci devalvasiyadan sonra problemi 1,2-1,3 milyard manatla həll etmək olardısa, indi bu məbləğ 5 milyarda çatıb. Bir qədər də keçsə, məbləğ daha da yüksələcək".

N.Cəfərli xatırladır ki, problem devalvasiyalara görə yaranıb, devalvasiyalar isə vətəndaşın günahı üzündən olmayıb.

Müəllif deyir ki, Beynəlxalq Bankdan məmurlara bağlı oliqarxların götürüb qaytarmadığı 10 milyard manat kredit dövlət hesabına bağlandı.

Ekspert deyir ki, həllini tapmadıqca problemli kreditlər hər ay 1,5-2 faiz artır və belə getsə, ilin sonunadək rəsmi rəqəmlərdə 30 faizə, qeyri-rəsmi rəqəmlərdə isə 40 faizdən yuxarıya qalxacaq".

O ciddiliyə, belə qeyri-ciddilik?

"Novoye Vremya" qəzetində isə "Hər şeyə görə təqsirkar sosial şəbəkələri - Milli Məclisdəki dəyirmi masanın leytmotivi belədir" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif ölkədəki problemlərin parlamentdə müzakirəyə çıxarılmasına qiymət verir.

Müəllif deyir ki, son 10 ildə boşanmalar 5 dəfə artıb, bu isə ailə institutunun təhlükə altına düşməsi deməkdir.

Bununla bağlı müəllif diqqəti bu günlərdə adı çəkilən məsələ ilə bağlı parlamentdə aparılan müzakirələrə yönəldir.

Amma müəllif Milli Məclisdə aparılan müzakirələrin məzmunundan razılıq etmir: "Orada səsələnən fikirləri haqqında danışılan problemin ciddi müzakirəsi kimi dəyərləndirmək olmaz".

Müəllif ilk belə qeyri-ciddi fikir kimi parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbovun Azərbaycanda boşanmaların əsas səbəbi kimi "facebook"u, sms və müxtəlif sosial şəbəkələri saymasını göstərir.

Yazı müəllifi vurğulayır ki, bir tərəfdən boşanmaların çoxaldığını deyən H.Rəcəbli digər tərəfdən aliment Fondunun yaradılmasının əleyhinə fikirlər səsləndirir: "Əgər biz buna getsək bunun ağır nəticələri olacaq, ona görə də başqa varinat üzərində düşünməliyik".

Müəllif digər belə qeyri-ciddi fikir kimi parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun gənclər arasında artan intiharlarla bağlı fikirlərini göstərir.

Müəllif deyir ki, S.Novruzova görə, son vaxtlar gənclər və xüsusən də abituriyentlər arasında intiharın yayılmasının səbəbkarı mediadır: "Biri intihar edir, media bunu dərhal işıqlandırır, bu işıqlandırna həm də intihara təşviqdir. Belə görünür ki, imtahanlarda bəxti gətirməyən digərləri də intiharı vəziyyətdən çıxış yolu kimi qəbul edirlər. Əvvəllər belə hallar gizlədilərdi, indi açıq-aşkar təşviq edilir və bunun üzərində ciddi düşünməliyik".

Bu deyilənlərə əsasən ümumiləşdirmə aparan müəllif bu düşüncələri deputat korpusunun sosial əhəmiyyətli ciddi problemlərin müzakirəsini sağlam düşüncə üzərində təhqirə çevirə bilmək qabiliyyəti kimi dəyərləndirir.

Müəllif deputatları qınayaraq deyir ki, ətrafda hamını günahkar bilən parlamentarilər belə müxtəlif problemlərin yaranmasının real səbəblərinə diqqət yetirə bilmirlər.

Müəllif deyir ki, boşanmaların artmasında sosial şəbəkələrin müəyyən rolu var, amma bu qədər boşanma olan ölkədə bu, ilkin səbəb sırasına çıxa bilməz, eyni zamanda gənclər arasında intiharların artmasına görə də KİV-ləri ittiham etmək olmaz.

Yazı müəllifi hesab edir ki, istər boşanmaların, istər intiharların baş verməsi səbəbləri dərindədir, burada səbəb vətəndaşların sosial rifahının təmin olunmamasındadır: "Ölkənin çoxluğu 250-300 manat maaş alır, elə bu maaş, zəif sosial müdaiə, tibbi xidmət və təhsil, mənzilsizlik intihar və boşanmaların əsas səbəbidir".

Müəllif deyir ki, adı çəkilən dəyirmi masada "günahkarlar" axtarılsa da, ailə institutunun ağır durumdan çıxa bilməsi yolları müzakirə edilməyib.

Müəllif isə deyir ki, buradan çıxış yolu deputatların ilk növbədə öz maaşlarının yox, adi vətəndaşların həyat səviyyələrinin yüksəldilməsinin qeydinə qalmalarındadır.

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti