Alpinistlər tapıldı. Kimə təşəkkür etməli?

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət xüsusi qrup onları Quba rayonunda 2500 metrdən çox yüksəklikdə Tufandağın ətəyində çadırda tapıb. Həlak olan alpinistlərin cəsədləri artıq paytaxta gətirilib və torpağa tapşırılıb. Ancaq indiyədək ekspertizanın nəticələri açıqlanmayıb. Belə ki, ekspertiza bəzi suallara aydınlıq gətirməlidir: alpinistlər nədən və hansı şəraitdə həlak olublar, qar uçqununa düşüblər, soyuqdan yoxsa aclıqdan ölüblər, yolu azıblar? Əgər alpinistlər ikinci variant nəticəsində həlak olublarsa, bu o deməkdir ki, onlara kömək edən olmayıb.

Axtarışa dekabrın 27-də başlanılıb, alpinistlərlə rabitə kəsildikdən sonra. Ancaq axtarış uğursuz olub, baxmayaraq ki, rəsmi qurumların məlumatına görə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin ən yaxşı qüvvə və texnikası, hətta xarici mütəxəssislər cəlb edilmişdi. Sonradan axtarışa könüllülər qoşuldu, itkin düşən alpinistlərin dostları, tanışları, hətta onların özləri kimi yarımpeşəkarlar.

Günlər keçirdi, ancaq nəticə yox idi. Pis hava şəraiti vəziyyəti çətinləşdirirdi. Onları nə sağ, nə də meyidini tapmaq mümkün olmadı. Könüllülər axtarışa cəlb edilmiş rəsmi qurumları ittiham etdilər, qurumlar isə bir-birini lazımi texnikanın, təşkilatçılığın, səylərin olmamasında günahlandırdı. Əsasən könüllülər FHN Quba regional şöbəsinin rəisini onlara işləməyə mane olmaqda ittiham edirdilər: "O istəmir ki, itkin düşənləri kimsə başqası tapsın. Bundan əlavə, daha çox pul mənimsəmək üçün axtarışı yubadır", - "Gilavar" Alpinist Klubunun üzvləri bildirirdilər. Qeyd edək ki, həlak olan alpinistlər də həmin klubun üzvləri idi.

Rusiyada itkin düşən alpinistlərin axtarışı ilə FHN-in yüksək dağlıq ərazidə axtarış-xilasetmə dəstələri məşğul olur. Demək lazımdır ki, öz işlərini yaxşı yerinə yetirirlər. Məsələn, bu ilin yanvarında rusiyalı xilasedicilər Elbrusda itkin düşmüş belarusluları tapmışdılar. Həm də iki günün işində sağ vəziyyətdə tapdılar. Maraqlıdır ki, Azərbaycanın axtarış dəstələri itkin düşən alpinistləri düzgün istiqamətdə axtarsalar da tapa bilməyiblər. Ancaq indi məlum olur ki, onlar dörd metrlik qarın altında qalıblar. Ancaq bu, müasir xüsusi texnika üçün son hədd deyil, o, uçqunun altında da aşkar etməlidir. Əgər alpinistlər sağ qalsaydılar, istiyə reaksiya verən aparatlar onları aşkar etməliydi, əgər rəsmi oqranların dedikləri kimi qar uçqununun altında qalmışdılarsa xüsusi uçqun texnikasından istifadə olunmalıydı. Alpinistləri fevralın 2-də RECCO xüsusi qurğusunun köməyilə axtarmağa başladılar. Aparatı könüllü axtarış qrupunun üzvləri gətirmişdilər. Bu qurğu sim nömrə çipindən siqnal çəkərək hətta tamamilə sönmüş mobil qurğunu aşkar etməyə imkan verir. Ancaq o zaman axtarışlar düzgün istiqamətdə aparılmadı, axtarışın aparılmalı olduğu yerdə isə bu aparatdan nədənsə istifadə edilmədi. Axtarışda iştirak edən könüllülərin sözlərinə görə, bütün texnikadan ancaq uzun dəmir çubuqlar və dronlar cəlb edilib ki, bu da indiki şəraitdə faydasız olub. Axtarışa Mi-17 vertolyotu cəlb edilib. Ancaq o da ölçüsünə görə işin öhdəsindən gələ bilməyib. Belə ki, dağ yamaclarında daha manevrli uçuş texnikası lazımdır.

Əlbəttə, belə vəziyyətdə yazın gəlişini və qarın əriməsini gözləməkdən başqa bir şey qalmamışdı. Bəzi resurslarda hətta belə fikirlər də söylənilirdi və özünü doğrultdu.

May günəşi qarı əritdi, axtarışlar asanlaşdı və beş ay öncə itkin düşən alpinistlər, nəhayət, tapıldı. Rəsmi məlumata görə, onları FHN əməkdaşları aşkar ediblər. Deməli, axtarış işi yerinə yetirilib, əməliyyatın uğurla başa çatması barədə raport vermək olar. Ancaq bir məsələ aydın olmur, buna görə kimə təşəkkür etmək lazımdır: aylarla nəticəsiz işləyən qurumlara yoxsa Günəşə?

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti