Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Bakı/18.05.18/Turan: Bu ilin birinci rübündə kənd təsərrüfatında tənəzzül müşahidə olunur: bu, ərzaq məhsullarının idxal-ixracı üzrə müqayisəli göstəricilərdə özünü büruzə verir. Bu barədə Turan-a kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib. Bu ilin və ötən ilin yanvar-mart ayları üçün statistik məlumatların təhlili azərbaycanlıların istehlak səbətinin mühüm mövqeləri üzrə idxalın həcminin və ixracın mənfi dinamikasının artdığını göstərib.

Belə ki, 2018-ci ilin birinci rübündə buğda idxalı ötən ilin göstəricisi ilə müqayisədə 54,7%, kərə yağı 37,3%, təzə meyvə 51,5%, çay 18%, mal əti 29,8% artıb. Bundan əlavə, ət-süd məhsulları seqmentində idxalın mövqeyi artmaqda davam edir - diri çəkidə ətin daşınması iki dəfə artıb, süd idxalı 30% artıb.

Qeyd edək ki, bu ilin birinci rübündə sadalanan mövqelər üzrə ixrac ötən ilin analoji dövrünə nisbətən azalıb. Təzə meyvələrin ixracı 1,5%, qənd 47,5%, tütün 6,5%, çay 5,4%, bitki yağları 20,4% azalıb. Istehlak səbətinin mühüm mövqeləri üzrə istehsalın aşağı düşməsi birinci il deyil ki, müşahidə edilir. Lakin aqrarçıları daha çox taxılçılıq sahəsində vəziyyət narahat edir.

Sahəyə dövlət dəstəyinin olmasına, taxılın məhsuldarlığının artırılması üçün hər il ayrılan subsidiyalara və dövlət vəsaitlərinə, yararlı əkin sahələrinin 65-75%-nin taxıl sahələri üçün ayrılmasına baxmayaraq, 1,4 mln. ton həcmində daxili tələbat bütünlüklə idxaldan asılıdır.

İdxal və yerli istehsal göstəricilərilə bağlı kuryoz vəziyyətin yaranması birinci il deyil. Belə ki, Dövlət Gömrük Komitəsi hər il Rusiyadan 1,4-1,6 mln. ton buğda gətirildiyini bildirsə də Kənd Təsərrüfatı Nazirliyi daxili istehsalatda 1 mln. 800 min ton buğdanın olduğuna təkid edir.

V.Məhərrəmovun sözlərinə görə, dövlət büdcəsi toxumçuluğun inkişafını, xaricdən mineral gübrələrin alınmasını, Avropa istehsalı olan və bir ekzemplyarı 100 min avroya başa gələn kombaynların alışını, digər texniki problemlərin həllini maliyyələşdirməkdə davam edir, ancaq taxılın məhsuldarlığı ilə bağlı vəziyyət daha yaxşı olmasını arzu edir.

Dizel yanacağının, benzinin, avadanlığın, mineral gübrələrin və pestisidlərin bahalaşması şəraitində fermerlerin payına düşən vəsait məhsuldarlığın artırılması üçün yetərli deyil.

Beləliklə, taxılçılıq sahəsində çalışan kəndlilərə subsidiyaların həcminin artırılmasına optimal yanaşma lazımdır. Dövlət toxumçuluğun inkişafını maliyyələşdirir, ancaq bu sahədə irəliləyiş müşahidə olunmur. Çünki kəndlilər özlərində olan toxum materiallarından istifadə etməyə məcbur olur. Öz növbəsində toxumun keyfiyyətinin aşağı olması yüksək məhsuldarlıq və yaxşı keyfiyyətli məhsul əldə etməyə imkan vermir, yerli buğdadan isə mal-qaranın yemlənməsində istifadə olunur.

Yerli fermerlərdən Dövlət Taxıl Fonduna ildə 750 min ton buğdanın qəbul edilməsi barədə Nazirlər Kabinetinin qərarına baxmayaraq, bu həcmin hamısı idxal olunur. Ekspert bildirir ki, ümumilikdə, belə vəziyyət ölkənin ərzaq təhlükəsizliyinə ziyan vurur. O qeyd edib ki, bu sahənin problemlərinin uzanması işçi qüvvəsinin uzaqlaşmasına səbəb ola bilər və fermerlərin marağını heçə endirər. "Bizim hesablamalara görə, 20 sentner məhsul fermerin tarlanın hər hektarı üçün xərclərini ödəyir. Taxılçılıq tənəzzül etdikcə kəndlilərin xərcləri artır, gəlirləri isə azalır", mənbə vurğulayıb.

Məlum olduğu kimi, sadalanan problemlər arasında maliyyə imkanlarına, bank kreditləşlməsinə çatımlılıqda məhdudiyyətlərin olması da var. Yerli maliyyə təşkilatlarının yüksək faiz dərəcələri (24 - 33%) sahənin inkişafına şərait yaratmır. Müqayisə üçün deyək ki, qonşu ölkələrdə - Gürcüstanda və Ermənistanda bu, 14%-i keçmir.

Fermer təsərrüfatlarının zərərlə işləməsi suvarma üçün suyun, gübrənin, texnika və s. olmaması səbəbindən yaranan bəzi problemlərlə əlaqədar aqrotexniki normalara riayət etməyin mümkün olmamasından irəli gəlir. Bu arada yerli taxıl təsərrüfatının inkişaf perspektivləri var, ancaq bundan ötrü müvafiq dövlət strukturlarının sahəyə diqqəti lazımdır.

Sahənin uzun illərdir düşməsi statistikada da əksini tapıb və demək olar ki, artıq düşməyə yer də qalmayıb. Belə ki, DGK-nın məlumatına görə, 1996-cı ildə Azərbaycan 28,6 mln. dollar məbləğində 143 min ton buğda idxal edib. Qurumun statistikası göstərir ki, 20 ildən sonra idxalın həcmi 10 dəfə artıb. Belə ki, 2016-cı ildə 1 mln. 599 min ton buğda idxal edilib (295 mln. dollar). Beləliklə, 20 il öncə idxalın hesabına daxili tələbatın 20 - 25%-i təmin olunurdu, halbuki, hazırda idxal edilən buğda daxili tələbatı 100% ödəyir.-0-

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti