Media-icmal 13.06.18

Sahibkarlara dövlət dəstəyi, məmur sahibkarlığına baxış və ölkədə vəkilliyin durumu bugünki medianın (13 iyun, 2018-ci il) aparıcı mövzularındandır...

Dövlətdən sahibkarlara dəstək

"Azərbaycan" qəzeti "Sahibkarlara növbəti dəstək" sərlövhəli məqalədə ölkədə sahibkarlığın dövlət tərəfindən dəstəklənməsini dəyərləndirir.

Müəllif deyir ki, son 15 ildə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər, dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlar paketi hazırda öz bəhrəsini verir: "Bir zamanlar iqtisadiyyatının əsas hissəsi idxaldan asılı olan Azərbaycan bu gün dünya bazarına "Made in Azerbaijan" brendi ilə müxtəlif çeşiddə qeyri-neft məhsulları ixrac edir. Hazırda dünyanın 170-dən çox dövləti ilə xarici ticarət əlaqəsi yaradan Azərbaycan xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericiliyini daha da təkmilləşdirir".

Müəlif vurğulayır ki, islahatlar geniş vüsət aldıqca, Azərbaycanın əksər dünya ölkələrilə ticarət dövriyyələri artır, yeni ticarət müqavilələri bağlanır, 2018-ci ilin dörd ayında "Azexport"a 222,5 milyon dollar məbləğində ixrac sifarişi bunu təsdiqləyən amildir.

Müəllifin sözlərinə görə, indiyədək 13 ixrac missiyası təşkil olunub və Azərbaycan istehsalı olan meyvə-tərəvəzin, şirə və şərabların, müxtəlif yarımfabrikatların ixracına dair 70-ə yaxın müqavilə imzalanıb və razılaşmalar əldə olunub.

Yazı müəllifi deyir ki, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə dair fərmana uyğun olaraq ixracın dəstəkənməsi üçün bu il ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq və ixracla məşğul olan sahibkarlara daha çox dəstək göstəriləcək.

Müəllif vurğulayır ki, ixrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmləndirmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Müəllifə görə, alıcı missiyası xarici ölkələrə məhsulların idxalını və ya distribüterliyini həyata keçirən şəxsin Azərbaycan bazarından qeyri-neft məhsullarını alması üçün təşkil edilən fəaliyyətdir: "Alıcı missiyalarının təşkili işini həyata keçirən İqtisadiyyat Nazirliyi hazırda alıcı missiyalarının tarixini və iştirak edəcək tərəfdaşlarının siyahısını müəyyən edir.

Yazı müəllifi hesab edir ki, alıcı missiyalarının formalaşmasında ixrac missiyalarının böyük rolu var və bu, Azərbyacan məhsullarının nümayiş olunması fürsətidir.

Müəllifə görə, alıcı missiyaları həm "Made in Azerbaijan" brendi ilə dünya bazarına çıxan məhsullarımızın çeşidlərinin artmasına, həm də onun ixrac coğrafiyasının genişlənməsinə öz töhfəsini vermiş olacaq.

Sahibkarlıq, yoxsa məmur sahibkarlığı

"Yeni Müsavat" qəzetində isə "Əli Məsimli: Azərbaycanda sahibkarlıq deyəndə daha çox məmur sahibkarlığı göz önünə gəlir" sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkədə kiçik və orta sahibkarlığın problemləri və inkişafı ilə bağlı müzakirədə deputat Əli Məsimlinin düşüncələrinə yer verir.

Ə.Məsimli deyir ki, Azərbaycanda sahibkarlıq deyəndə daha çox məmur sahibkarlığı göz önünə gəlir, hansı obyekti soruşursan, hansısa məmurun və ya onlara yaxın adamların adı hallanır: "Bəzi istisnaları çıxmaq şərtilə, həmin məmurların çoxu onlara tapşırılan dövlər qurumunu və ya sahəni necə idarə edirsə, öz biznesini də birbaşa və ya kimlərinsə vasitəsilə elə o səviyyədə də idarə edir".

Deputat hesab edir ki, bu amil perspektivi dumanlı olan, səmərəsiz iqtisadiyyatın, monopoliyanın, kölgə iqtisadiyyatının, qanundan yuxarıda duran təbəqənin yaranmasının, özbaşınalıqların və s. əsas mənbələrindəndir.

Ə.Məsimli vurğulayır ki, buna görə də məmurun biznesdən ayrılmasının səmərəli mexanizmini hazırlayıb tətbiq etmək, islahatlar yolu ilə müstəqil və sivil prinsiplər əsasında işləyən məhkəmə sisteminin formalaşmasına nail olmaq lazımdır.

Deputat deyir ki, beynəlxalq təcrübədə hökumətlər kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin real prioritetlərindən birinə çevirir, hər il həmin tədbirləri həyat keçirmək üçün böyük həcmdə maliyyə buraxır.

Ə.Məsimli xatırladır ki, beynəlxalq praktikada dövlət kiçik və orta sahibkarlığın inkişafına daha çox maliyyə yardımı, zəruri infrastrukturlarn qurulması, konsaltinq, informasiya dəstəyi, ixraca yardım və sair bu kimi vasitələrlə dəstək verir: "Müəyyən maliyyə dəstəyi və onun düzgün istifadəsi əsasında dünya ölkələrinin qabaqcıl təcrübəsini Azərbaycana gətirmək, eləcə də gənclərimizin intellektual potensialını işə salmaqla ölkədə innovativ sahibkarlığı yüksək səviyyədə inkişaf etdirmək olar".

Deputata görə, Azərbaycanda İxracın və İnnovasiyaların Təşviqi Fondu xətti ilə bu yöndə çox iş görmək olar.

Ə.Məsimli aparılan sosioloji tədqiqatlara istinadən deyir ki, inhisarçılıq və korrupsiya, məmur müdaxilələri, sağlam rəqabət mühitinin yetərli səviyyədə olmaması və s. sahibkarlığın inkişafına mane olan amillər arasında daha ciddi xarakter daşıyır.

Sahibkarlığın inkişafı üçün dövlətin iqtisadiyyatda iştirakının azaldılması, səmərəliliyin artırılması və məmur sahibkarlığının aradan qaldırılmasına gətirib çıxaran islahatlar icra olunmalıdır.

Eyni zamanda, biznes mühiti yaxşılaşdırılmalı, kiçik və orta sahiblarlığın qarşısında duran bütün maneələr, istehsalda və idxaldakı inhisarçılıq tamamilə aradan qaldırılmalıdır.

Prinsipiallığın aqibəti

"Azadlıq.info"da isə diqqəti "Siz də müştərinizi bir-iki çörəyə satsaydınız..." sərlövhəli məqalə diqqət cəlb edir.

Vəkil Yalçın İmanov həmkarı İradə Cavadovanın vəkillik fəaliyyətinə xitam verilməsi fonunda bütünlükdə ölkədə vəkilliyin durumunu müzakirə müstəvisinə gətirir.

Y.İmanov xatırladır ki, 2017-ci il noyabrın 20-də vəkillik fəaliyyətinə xitam verildikdə İ.Cavadova onun müdafiəsində dayanan yeganə şəxs olub, amma bu müdafiə ədalətli qərar verilməsinə səbəb olmayıb və müəyyən mənada İ.Cavadova buna görə özünü də günahkar bilib: "Bütün vicdanlı adamlarda belədir, çətin, mürəkkəb, esktremal situasiyalarda ancaq özlərini günahkar sayırlar, yalnız öz məsuliyyət payını düşünürlər. "Bəlkə bunu etsəydim, nəticə fərqli olardı", "filan şey yadımdan çıxdı, güman ki, onun da işə nəsə bir xeyri dəyərdi" və s. və i.a."

Amma Y.İmanov izah edir ki, onun vəkillikdən uzaqlaşdırılması məsəsləsi Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasından əvvəl həll edilmişdi, iclasa ancaq nəticə çıxarılmışdı.

Y.İmanov deyir ki, əslində İ.Cavadova ədalətli hesab etdiyi, doğru bildiyi dəyərlər üçün həmin mütəşəkkil dəstə və bu dəstənin arxasındakı qüvvə ilə qarşı-qarşıya qalıb və haqsız olaraq Rəyasət Heyətinin üzvlüyündən kənarlaşdırılıb.

Y.İmanova görə, İ.Cavadovanın Rəyasət Heyətindən kənarlaşdırılması qisasçı naturanın qorxaqlığını göstərir: "Onların yeganə bir qabiliyyətləri var ki, o da vur-tut elə budur, instinktiv, anadangəlmə, darqursaq qisas hissi. Gör, üfunətli nifrət və kinli qisas infantil beyinləri necə sərxoş edib, hansı kəllə-çarxa vurmuşdusa, sizə həmin o məsxərə konfransda söz də verməmişdilər".

Y.İmanov İ.Cavadovanın VK Rəyasət Heyətindən uzaqlaşdırılmasına səbəb kimi vəkil prinsipiallığına sadiq qalmasını, müdafiə etdiyi şəxsin müdafiəsində dürüst dayanmağını göstərir: "Yəqin siz də müştərinizi "benzin pulu" və bir-iki isti, yumru zavod çörəyinə satsaydınız, bugün fərqli olardı".

Y.İmanov deyir ki, İ.Cavadovanın onu müdafiə etməsi VK-dan uzaqlaşdırılmasında həlledici səbəblərdən biridir: "İndi niyəsə mən özümü günahkar hiss eləyirəm, məni müdafiə etməsəydiniz, ya xora qoşulub, ya da eləcə sakitcə sussaydınız, güman ki, başqa cür olardı".

Y.İmanova görə, Azərbaycanda bütün problemlər əksəriyyətin "başını aşağı salıb, işini gör" kimi laqeydlik prinsipindən qaynaqlanır.

Vəkilə görə, başı yuxarı qaldırıb da, işi görmək olar, amma bir kimsə demir ki, "başını qaldır, işini gör".

Y.İmanov hesab edir ki, Vəkillər Kollegiyası artıq İ.Cavadova kimi vəkil görmək istəmirsə, bu, həmin qurumun intiharıdır.

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti