Azərbaycanı dünyanın daha az sülhsevər ölkələri kateqoriyasına aid ediblər

İyunun 6-da İqtisadiyyat və Sülh İnstitutu "Qlobal sülh indeksi-2018"i dərc edib (GPİ). Bu il geniş miqyaslı araşdırma dünyanın 163 dövlətini əhatə edib. Hesabatda təhlükəsizlik və hüquq qaydası, silahlar haqqında mövcud məlumatlar, iqtisadi parametrlər əsasında təmayüllərin hərtərəfli təhlili verilib.

Ölkələr siyahıya alınarkən üç müxtəlif kateqoriyada - "cəmiyyətdə təhlükəsizlik", "davam edən münaqişələr" və "hərbiləşmə" kateqoriyalarında 23 indikator nəzərə alınıb. Birinci kateqoriyada xüsusən qətllərin səviyyəsinə, məhbusların sayına, polislərin sayına və cinayətkarlığın necə dərk edilməsinə, "hərbiləşmə" kateqoriyasında hərbi qulluqçuların sayına, ÜDM-ə nisbətdə silahlanmaya ayrılan xərclərə və silah ixracına diqqət yetirilib.

GPİ 2018 hesabatında qeyd edilir ki, son bir ildə dünyada sülhsevərlik səviyyəsi 0,27% pisləşib və neqativ proses ardıcıl olaraq dördüncü ildir davam edir. Bunun səbəbi cəmiyyətdə gərginlik və aqressiya, həll edilməmiş münaqişələr və böhranlardır. Bu zaman 92 ölkədə vəziyyət pisləşib, 71 ölkədə isə yaxşılaşıb.

Ən çox sülhsevər dövlətlər onluğuna ("çox yüksək" qiymət) İslandiya, Yeni Zelandiya, Avstriya, Portuqaliya, Danimarka, Kanada,Çexiya, Sinqapur, Yaponiya, İrlandiya daxil olub. Onların ardınca Sloveniya, İsveçrə, Avstraliya gəlir. Almaniya, 2017-ci ildə də olduğu kimi, İsveç, Finlandiya və Norveçdən geridə qalaraq, 17-ci mövqeyi tutub (http://visionofhumanity.org/app/uploads/2018/06/Global-Peace-Index-2018-2.pdf).

Hazırki reytinqdə Azərbaycan 132-ci yeri tutub, daha az sülhsevər ölkələr kateqoriyasına ("aşağı" qiymət) daxil olaraq, İran (131-ci yer) və Bəhreynlə (130) qonşu olub. Bu, ölkədə kriminal vəziyyətin əlverişli olmadığını, məhbusların sayının artdığını, sabitliyin lazımi səviyyədə təmin edilmədiyini göstərir. İqtisadi böhran, sosial gərginlik mənfi rol oynayır, odrunun xərcləri artır.

Bu parametrlərə görə, qonşu Ermənistanda vəziyyət normaldan uzaqdır, amma GPİ 2018 reytinqində o, ABŞ-ın yanında (121-ci yer) 120-ci yeri tutub, Azərbaycanla müqayisədə daha çox sülhsevər ölkələr kateqoriyasına ("orta" qiymət) daxil olub. Yeri gəlmişkən, Belarus (101-ci yer), Gürcüstan (102-ci yer) və demək olar ki, bütün Mərkəzi Asiya respublikaları belə qiymət alıb. Moldova (64-cü yer) və Qazaxıstan isə (70-ci yer) "yüksək" qiymət alıb.

Daha az sülhsevər ölkələr onluğuna daxil olub reytinqdə 154-cü mövqeyi tutan Rusiyada vəziyyət daha pisdi. Pakistan (151-ci yer), Ukrayna (152-ci yer) və Sudan (153-cü yer) bir qədər irəlidədir. Bu zaman Rusiya son bir ildə siyahıda bir sıra geriləyib, Ukrayna iki mövqe yüksəlib. Amma doqquz ölkədə - Mərkəzi Afrika Respublikasında, Konqoda, Liviyada, Yəməndə, Somalidə, İraqda, Cənubi Sudanda, Əfqanıstanda və Suriyada daha əlverişsiz vəziyyət yaranıb.

Araşdırma müəllifləri qeyd edirlər ki, Almaniya, ABŞ, Çin, Fransa və Rusiya ən böyük silah ixracçılarıdır. Dünyada ixrac olunan bütün silahların 75%-i bu dövlətlərin payına düşür. Amma bu zaman silah həcminin azalması təmayülü müşahidə olunur. "Ötən on ildə 104 ölkə ÜDM-ə nisbətdə silah xərclərini azaldıb, 115 ölkə öz ordularının sayını azaldıb", deyə GPİ-nin hesabatında qeyd edilir.

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti