Media-icmal 12.07.18

Gəncə hadisələrinə deputat baxışları, xarici şirkətlərin Azərbaycanı tərk etmələri, məmurların gəlir bəyannamələrinin hələ də açıqlanmaması bugünki (12 iyul, 2018-ci il) medianın aparıcı mövzularındandır...

Gəncə hadisələri-deputat baxışları

"Azərbaycan" qəzeti "Dövlətçiliyə qarşı təxribat bu dəfə də uğursuz oldu" sərlövhəli məqalədə iyulun 10-da Gəncədə iki polis zabitinin qətlilə müşaiyət olumuş hadisələri deputatlarla dəyərləndirir.

Müəllif iyulun 10-da Gəncədə baş vermiş hadisələri 2015-ci ilin noyabrında Nardaranda baş vermiş hadisələrin davamı sayaraq, ölkədə sabitliyi, ictimai asayişi, pozmağa, xaos yaratmağa hesablanmış addım adlandırır.

Deputat Aydın Mirzəzadəyə görə isə, bu səbatsız insanların qarışıqlıq yaratmaq cəhdi olub: "Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və sabitliyimizə qarşı yönəlmiş bir provokasiyadır. Qeyri-qanuni aksiyanın nə insan hüquqlarının müdafiəsinə, nə də dinə bir aidiyyəti var".

Deputat həm iyulun 3-də Gəncə Şəhər Hakimiyyəti başçısı Emar Vəliyevə silahlı sui-qəsdi, həm də iyulun 10-da Gəncədə baş verən hadisələri ölkədə çaşqınlıq və gərginlik yaratmaq cəhdi hesab edir.

Deputat deyir ki, baş verən hadisələr dövləti, sabitliyi, inkişafı hər an qorumağı ön palana çıxarır, xalq və dövlət buna qadirdir.

Deputat Musa Quliyev baş verənləri təkcə Gəncəyə deyil, dövlətçiliyə qarşı təxribat adlandırır.

M.Quliyevə görə, bu hadisələrin arxasında Azərbaycanı güclü dövlət və inkişaf edən ölkə kimi görmək istəməyən qüvvələr durub.

Deputata görə, bu məkrli və çirkin niyyət Azərbaycanda keçməyəcək, çünki xalq və dövlət birliyi buna imkan verməyəcək.

M.Quliyev hesab edir ki, qbu hadisə əvvəlcədən hazırlanmış, təşkil olunmuş və düşünülmüş bir hərəkətdir və bu hadisəni Gəncə sakinlərinin adına yazmaq və bağlamaq böyük günah olar: "Onların heç birinin Gəncəyə və Azərbaycana aidiyyəti yoxdur. Bütün bunlar istintaqın gedişində aydınlaşacaq".

Deputat Fazil Mustafa isə deyir ki, Gəncədə baş verən hadisələr dövlət orqanlarının fəaliyyətini pozmaq, dini radikalizmi, xurafatı Azərbaycan cəmiyyətində vacib bir element kimi təqdim etmək cəhdi idi.

O hesab edir ki, bu, xarici ölkələrin kəşfiyyat dairələri tərəfindən məqsədyönlü şəkildə istiqamətləndirilən bir aksiyadır.

F.Mustafaya görə, bu, ilk növbədə hansısa bir məmura qarşı etiraz xarakteri daşımır, birbaşa dövlət orqanlarının fəaliyyətini iflic etmək məqsədi güdür: "Bu, silahla, xəncərlə, bıçaqla dövlətin üzərinə gəlməkdir, ona görə də dövlət bu məsələdə çox sərt mövqe sərgiləməlidir".

Ölkə məmurlarının tamahkarlığına ...

"Novoye Vremya" qəzetində isə "Çəkindirici meyl" sərlövhəli məqalə oxumaq olar.

Müəllif Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici şirkətlərin bölmələrinin son zamanlar ölkədən gedişlərinin artmasını və bunun səbəblərini müzakirəyə çıxarır.

Müəllif deyir ki, Nazirlər Kabinetinin son iclasında dövlət başçısı İlham Əliyev Azərbaycanın qeyri-neft sektoruna kifayət qədər xarici sərmayə qoyulmamasına səbəb kimi bu sahədəki qeyri-şəffaflığı göstərib.

Məqalə müəllifi deyir ki, dövlət başçısı hədəfi düzgün göstərir: "Bu doğrudur, belə ki, şəffaflıq, korrupsiya və inhisar səviyyəsi xarici sərmayədarlar üçün Azərbaycan iqtisadiyyatına etimad barometridir. Digər tərəfdən, bu neqativ hallar ölkədə hazırda fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətinə də pis təsir göstərir".

Müəllif deyir ki, milli iqtisadiyyatın inkişafı naminə elə şərait yaratmaq lazımdır ki, bu şirkətlər ölkədə fəaliyyətlərini davam etdirə bilsinlər, amma bu, heç də həmişə müsbət həllini tapmır, uzun müddət Azərbaycanda fəaliyyət göstərmiş şirkətlərin Azərbaycandan getdiklərini bildirir: "Düzdür, gələnlər də var, amma son ildə 10-larla şirkətlərin ölkədə fəaliyyətini dayandırması çəkindirici meyldir".

Müəllifə görə, əgər bu, qeyri-gəffaflıq kimi neqativlərlə bağlıdırsa, bundan nəticə çıxarmağın vaxtıdır, çünki iqtisadiyyatda vəziyyət az və ya çox sabitləşib, belə halda xarici firma, holdinq və ya şirkətlərin ölkə bazarını tərk etməsi müsbət hal sayılmaz.

Müəllif ölkədə xarici ölkələrin nəhəng şikətlərinin fəaliyyət göstərdiyini amma onların neft sahəsində olduğunu, qeyri-neft sahəsinə aidiyyatı olmadığını vurğulayır: "Bizə isə iqtisadiyyatın qeyri-neft sektourunu inkişaf etdirmək zəruridir, bu sahədə xarici şirkətlərin fəaliyyəti bu sektorun inkişafına təkan verərdi. Bundan da irəli gələrək, bu şirkətlərin önündə olan süni maneələr aradan qaldırılmalıdır".

Müəllif iddia edir ki, ölkə məmurlarının tamahkarlığına, korrupsiya hesabına varlanmaq səylərinə görə ümumi iş zərər görməməlidir.

Məqalə müəllifi hesab edir ki, xarici sərmayələr Azərbaycan iqtisadiyyatının sabit inkişafı üçün vacib amildir və bu kontekstdə iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı naminə qonşu dövlətlərdən sərmayə cəlb etmək olar.

Müəllifə görə, bunun üçün qeyri-neft sektorunda əlverişli mühit yaratmaq prioritet olaraq ortaya çıxır.

İşləməyən qanun və korrupsiyaya qarşı mübarizə

"Strateq.az"da isə "Məmurların gəlirlərini yoxlayan xüsusi qurum yaradılmalıdır" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif ölkədə korrupsiyaya qarşı mübarizədə hansi üsullardan istifadə olunması məsələsini iqtisadçı, deputat Əli Məsimli ilə araşdırır.

Müəllif vurğulayır ki, 2018-ci ilin ilk 6 ayının yekunlarına aid hökumət müşavirəsində dövlət başçısı İlham Əliyev korrupsiya və rüşvətə qarşı ciddi mübarizə aparılmasından, Azərbaycanda bu böyük sosial bəlanın kökünün kəsilməli olmasından danışıb.

Yazı müəllifi vurğulayır ki, dünya təcrübəsində korrupsiyanın qarşısının alınmasına yönəlik əsas addımlardan biri məmurların gəlirlərini açıqlamasıdır.

"Məmurların gəlir bəyannaməsinin təqdim edilməsi şəffaflığın təmin edilməsinin və korrupsiyanın aradan qaldırılmasının ən vacib şərtlərindən biridir.

Bu baxımdan, əslində dünyanın əksər ölkələrində vəzifəli şəxslər, nazirlər, məmurlar və s. gəlir bəyannaməsini açıqlamaqda maraqlı olmurlar. Amma bunu istəməsələr belə, qanun tələb etdiyindən qaydalara əməl edirlər".

Ə.Məsimli deyir ki, hələ 2005-ci ilin iyununda Azərbaycanda "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qanun qəbul edilib.

2005-ci ilin 9 avqustunda isə bu qanunun tətbiq edilməsi barədə xüsusi prezident fərmanı verilib, amma məsələ bundan o yana keçməyib.

Ə.Məsimliyə görə, bir sıra məmurların biznes maraqları qanunun qüvvəyə minməsinə maneə yaradır, odur ki, belə məmurların öz gəlirlərini bəyan etnələri onların özləri üçün problem deməkdir: "Bu qanun işləmədiyinə görə vəzifəli şəxslərin bir hissəsi çalıb-çapmaqla məşğuldur... Məsuliyyət hissini itirib harınlamışları isə xalqa qarşı özbaşınalıqdan belə çəkinmirlər.Həmin zümrədən olan vəzifəli şəxslər yalnız vəzifədən gedəndən sonra məlum olur ki, dövlətə, xalqa yüz milyonlarla, milyardlarla manat ziyan vurublar".

Deputat deyir ki, MDB məkanında bu problem elə ciddi olaraq qalmaqda davam edir, burada Baltikyanı ölkələr və qismən Gürcüstan istisna ola bilər.

Ə.Məsimli hesab edir ki, məmurların gəlirlərini bəyan etməsi çox vacibdir, bu əsasda cəmiyyət də, dövlət də haqqı-nahaqdan, ağı-qaradan seçə bilər.

Deputata görə, əks halda bu məsələdə durumun bulanıq olması həmişə sosial narazılıq və bəzi hallarda isə gərginlik mənbəyi olaraq qalacaq: "Ona görə də hər şeydən əvvəl inhisarçılığa, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı mübarizə fikirdə, sözdə və işdə dövlət siyasətinin prioritetinə çevrilməlidir".

Bunun üçün qanunun aliliyi təmin edilməli, azad, müstəqil məhkəmə sistemi formalaşdırılmalı, heç kimə qanundan yüksəkdə durmağa, insanların hüquqlarını tapdalamağa, haqlarını yeməyə imkan verilməməlidr, qanun işə düşməlidir.

Deputat deyir ki, dünyanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Azərbaycanda da tətbiq olunmalıdır və məmurların gəlirlərini yoxlayan xüsusi qurum yaradılmalıdır.

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti