Media-icmal 30.07.18

Qeyri-neft sənayesinin inkişafı, turistlərə taksi xidməti sahəsində yeniliklər, mərhum "istiqlalçı deputat" Məryəm Həsənovanın xatirəsi bugünkü medianın (30 iyul, 2018-ci il) aparıcı mövzularındandır...

İqtisadi sabiltiyin qarantı- qeyri-neft sənayesi

"Azərbaycan" qəzeti "Qeyri-neft sənayesinin inkişafı iqtisadi sabitliyin qarantıdır" sərlövhəli məqalədə bu sektorun inkişafını dəyərləndirir.

Müəllif deyir ki, bu sektorun inkişafının əsas məqsədi bir tərəfdən, ölkənin neft asılılığını minimuma endirməkdir, çünki dünya neft bazarında qiymətlər sabit deyil.

Digər tərəfdən isə bu sahənin inkişafı ilə bir çox məhsullar ölkədə istehsal olunur, beləliklə idxal azalır, ixrac artır, amma müəllif bunu da vurğulayır ki, hələlik ixrac istənilən səviyyədə deyil.

Məqalə müəllifi bu istiqamətdə sənaye park və məhəllələrinin yaradılması prosesinin geniş vüsət aldığını və dövlət başçısı İlham Əliyevin də buna xüsusi önəm verdiyini deyir: "Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxındır, sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır".

Müəllif deyir ki, indiyə kimi sənaye parklarına 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb, növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Yazıda deyilir ki, artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, bu ilin sonuna kimi daha 7 müəssisə istifadəyə veriləcək.

Balaxanı Sənaye Parkında 5 müəssisənin fəaliyyət göstərdiyini deyən müəllif burada 400-ə yaxın işçinin çalışdığını, növbəti mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə başlanılacağını bildirir.

Məqalədə Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələri yaradılmaqda olduğu, ilin sonunda istifadəyə verilməsinin gözlənildiyi, şpris zavodunun daxili tələbatı ödəməklə yanaşı ixrac imkanlarının da olacağı bildirilir.

Müəllif deyir ki, ölkədə sənaye parkları elmi təhlillərə, mövcud tələbat və xammal mənbəyinə əsaslanmaqla yaradılır, belə ki, Sumqayıtda kimya məhsullarının istehsal edilməsi daha münasibdir. Mingəçevir Sənaye Parkında iplik fabrikləri fəaliyyət göstərir.

Yazı müəllifi ölkədə sənaye parkları ilə yanaşı sənaye məhəllələrinin də fəaliyyətə başladığını qeyd edir. Bu məhəllələr həcmcə sənaye parklarına nisbətən kiçikdir. Gələcəkdə bütün ölkədə yaradılması nəzərdə tutulur.

İnkişafı baxımından müəllif Neftçala, Masallı Sənaye məhəllələrinin adlarını çəkir, Hacıqabul və Sabirabad Sənaye məhəllələrinin isə ilin sonunadək istifadəyə veriləcəyini bildirir.

"Müsavat cəlladları tərəfindən" öldürülənlərə yer tapıldığı halda...

"Müsavat.com"da isə "Qara yaylqlı istiqlalçı xanım" sərlövhəli məqalə oxumaq olar.

Məqalə bu il iyulun 29-da dünyasını dəyişmiş, XX əsrin sonlarında Azərbaycan milli-azadlıq mübarizəsinin tanınmış isimlərindən, keçmiş deputat Məryəm xanım Həsənovanın xatirəsinə həsr edilib.

Müəllif Məryəm xanımı mərhum Dilarə Əliyeva ilə birgə yad edərək "iki xanım deputatdan biri", geyim üslübuna görə "qara yaylıqlı xanım", 1991-ci ilin 17 martında Azərbaycanda SSRİ-nin saxlanıb-saxlanmaması referendumunda "yox" cavabı verən "43 nəfər deputatdan biri" epitetlərilə yad edir.

Yazı müəllifi bir azadlıq mübarizəsinin önəmli isminə hakimiyyət səviyyəsində sayğısızlığa da toxunur: "Təəssüf ki, bir insan, simvol sayılacaq adam ömrünü ehtiyaclar içərisində keçirdi. Əslində 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunmalıydı. Sağlığında abidə qoyulası ANA idi. Heç olmasa dünyadan köç edəndən sonra onun qiymətini bilək, haqqını verək".

Müəllif vurğulayır ki, gəncliyə və gələcəyə nümunə adına belə bir şəxsin adı mütləq əbədiləşdirilməlidir: "Əslində Məryəm Həsənova Fəxri Xiyabanda dəfn olunmağı haqq etmiş bir dəyərlimizdir. O məkanda "müsavat cəlladları tərəfindən" öldürülənlərə yer tapıldığı halda, niyə istiqlalımız uğrunda döyüşən Azərbaycan qadınına yer olmasın?..".

Müəllif bir aralar 162 manat pensiya alan Məryəm xanımın pensiyasının təmin olunmadığını da bildirir, bununla bağlı M.Həsənovanın məhkəməyə müraciət etdiyini xatırladır, amma nəticənin müsbət olmadığını bildirir: "Qoy, alınmasın. Maddi təminat mənim üçün... demirəm sıfırdır, alınsa, çox gözəl olardı. Ancaq bu, hər şey demək deyil. Qoy, heç olmasa, istiqlalçılığın mahiyyəti açıqlansın, hər kəs bunun mahiyyətini başa düşsün".

Müəllif deyir ki, M.Həsənova hətta öz şəxsi pensiya təminatı məsələsində belə şəxsi təminatından çox "istilqlçılığın mahiyyəti" davasını aparırdı.

Məqalə müəllifi M.Həsənovanı ömrünün sonuna qədər müsavatçılığa, Məhəmməd Əmin Rəsulzadə ideyalarına sadiq qalmağın rəmzi kimi dəyərləndirir.

"Mənim aləmimdə xalqın özünü tanıması, dərk eləməsi ən böyük hissdir, bu hissi bir nəfər kimi yaşamağımız lazımdır",- deyə M.Həsənovadan sitat gətriən müəllif bunu həm də gələcək nəsillərə vəsiyyət kimi dəyərləndirir.

Müəllif bu müstəqil dövlət var olduqca, səmalarda üçrəngli milli bayraq dalğalandıqca M.Həsənovanın unudulmayacağını bildirir.

Qiymət "oxuya" bilməmək konsepsiyası

"Modern.az"da isə "Sürücülər turistlərə qiymət "oxuya" bilməyəcək" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif ölkəyə gələn xarici vətəndaşlara, o cümlədən turistlərə taksi xidmətinin indiki vəziyyətini və perspektivini Bakı Nəqliyyat Agentliyi (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə müzakirə edir.

Müəllif deyir ki, ölkədə qeyri-neft sektorunun mühüm sahəsi kimi turizmin inkişafı üçün işlər görülür, ölkəyə daha çox turist cəlb etməklə turizm sektoru genişləndirilir və bu sahədə müəyyən uğurlar da var: "Amma hava limanından ölkəyə ilk addımını qoyan andaca aldadılan, ağac kölgəsini 5 manata satın alan turistlərlə bağlı da məlumatlar yayılır. Bu gün hava limanında düşüb, 5 manatlıq məsafəni 25 manata gedən turistlər taksi biabırçılığı ilə qarşılaşırlar".

M.Ağayev də taksi ximdətinin indiki səviyyəsindən narazılıq edir və deyir: "Əlbəttə ki, hava nəqliyyatı ilə ölkəmizə gələnlərə, o cümlədən sərnişinlərə göstərilən taksi xidmətinin indiki vəziyyəti heç bir halda bizi qane edə bilməz. BNA bu narahatedici məqamın aradan qaldırılması üçün hələ bir müddət əvvəl məsələ qaldırıb. Bununla bağlı xüsusi konsepsiya da hazırlanıb. Konsepsiyaya əsasən hava limanında müasir və komfortlu nəqliyyat vasitələri ilə taksi xidməti göstəriləcək".

Mətbuat xidmətinin rəhbəri deyir ki, Agentlik hava yolu ilə Azərbaycana gələnlərin hava limanında taksi xidmətindən istifadəsini asanlaşdırmaq üçün müasir innovasiyalara əsaslanan alətlərin hazırlanması istiqamətində də iş aparır və yeni konsepsiyanın üstünlüyü taksi sürücülərinin turistlərə qiymət "oxuya" bilməmələri olacaq: "Hava yolu ilə Bakıya gələn şəxs artıq əvvəlcədən müəyyən proqram təminatı vasitəsi ilə taksi sifarişi edə biləcək ki, hazırda bunun üzərində iş gedir. Hava limanı taksi konsepsiyasında digər bir vacib məqam müştəri ilə sürücü arasında qiymət sövdələşməsinin aradan qaldırılmasıdır".

M.Ağayevin deməsinə görə, hava limanından paytaxtın müxtəlif istiqamətlərinə əvvəlcədən müəyyən edilən tariflər olacaq, zonalar üzrə müəyyən edilən tariflər barədə Agentliyin hava limanı terminallarında təşkil etməyi nəzərdə tutduğu informasiya məntəqələrindən bu barədə məlumat əldə etmək mümkün olacaq.

Mətbuat xidmətinin rəhbəri deyir ki, bununla da hava yolu ilə gələn şəxs artıq ona göstəriləcək taksi xidmətindən, həm də müasir xidmətdən yararlanmaqla paytaxtın inkişafı ilə bağlı xoş təəssürat alacaq.

M.Ağayev onu da bildirib ki, hava limanı taksi konsepsiyası ilə bağlı yaxın vaxtlarda artıq konkret addımların atılmasına başlanılacaq.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti