AXCP üzvləri həbs edilib

Bakı/21.08.18/Turan: Avqustun 21-də Yasamal Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Ramin Əhmədova 15, Bəşir Tarverdiyevə 10 sutka inzibati həbs verib, Nicat Abdullazadə isə 200 manat cərimə edilərək azad buraxılıb. Bu barədə AXCP-nin mətbuat xidməti məlumat yayıb.

AXCP üzvləri partiyanın həbsdə olan fəallarının ailə üzvləri ilə görüşünə imkan verilməməsinə etiraz olaraq avqustun 20-də Bakıda Elmlər Akademiyası metro stansiyasının qarşısında etiraz aksiyası keçirən zaman saxlanılıb. Belə ki, AXCP üzvləri Nicat Abdullazadə, Bəşir Tarverdiyev, Ramin Əhmədov və Ruslan Qurbanlı həbsdə olan fəalların fotoları əks olunan plakatlar qaldırıblar və bununla onların ailə üzvləri ilə görüşünə imkan verilməməsinə etiraz ediblər.

Etiraz aksiyası keçirən AXCP üzvləri saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə aparılıb. Ruslan Qurbanlı azad edilsə də Nicat Abdullazadə, Bəşir Tarverdiyev və Ramin Əhmədov bu gün məhkəmə qarşısına çıxarılıb.

AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov mayın 25-də həbs olunublar. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə məsuliyyətə cəlb ediliblər. Onların hamısını "çirkli pulların yuyulmasında" ittiham ediblər, bu, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsindən ibarət olub.

AXCP-nin məlumatına görə həbsdə olanların ailə üzvləri ilə görüşünə imkan verilmir.

Rəsmi qurumlar AXCP üzvlərinin saxlanılması ilə bağlı hələ hər hansı məlumat yaymayıblar.-03B-

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti