APA Holding işini bərpa edə bilər?

2004-cü ildə yaradıldığı gündən etibarən daim Azərbaycan hakimiyyətinin maraqlarını ifadə edən APA informasiya holdinqinin (agentliyinin) bütün saytları avqustun 1-dən etibarən fəaliyyət göstərmir. Agentliyin əməkdaşlarının telefonları cavab vermir və ya söndürülüb. Məlumatlı mənbənin verdiyi məlumata görə, avqustun 3-də saat 3 radələrində və ya elə həmin gün axşam saatlarında agentlik fəaliyyətini bərpa edə bilər.

APA işini dayandırmasının səbəbini açıqlamayıb, baş verənlərlə bağlı agentlik rəhbərliyinin və hökumət mənbələrinin bəyanatı yoxdur. Qeyri-rəsmi olaraq jurnalist dairələrində onun adından təxribat xarakterli "Ermənistana diz çökdürəcəyik" bəyanatı yayan APA-nı cəzalandırmağa qərar verən prezident İlham Əliyevin gizli sərəncamı olduğu deyilir. Bu bəyanat dövlət başçısının çıxışı haqqında xəbərin rus dilində olan versiyasında yer alıb. Avqustun 1-də prezident Qarabağ müharibəsi, Çernobıl qəzası əlillərinə mənzil və avtomobil verilməsi mərasimində Qarabağ münaqişəsi mövzusuna toxunaraq, iki dəfə keçmiş zaman haqqında danışıb: kriminal xunta rejimi ÇÖKDÜ və gələcək zamanda bir dəfə "SARSIDACAĞIQ" ifadəsindən istifadə edib. Diz çökdürmək haqqında heç nə deməyib.

APA səhvlə bağlı üzr istəyib, bununla belə, portal işləmir.

Eyni mənbənin məlumatına görə, APA jurnalistlərinin təqsirini inkar edir və Prezident Administrasiyasından aldıqları mətni dərc etdiklərini bildirir. Hazırda kimin səhvə yol verdiyi aydınlaşdırılır. Çox güman ki, agentliyin işinin bərpası araşdırmanın yekunlarından asılıdır.

Müxalif Basta.info saytının baş redaktoru, Gəncədə etiraz hadisələrinin yanlış işıqlandırılması ittihamı ilə ötən həftə Baş Prokurorluqda beş dəfə dindirilən Mustafa Hacıbəyli hesab edir ki, əhəmiyyətsiz bir səhvə görə böyük xəbər agentliyi bağlanmır. Səhvə görə müxbiri və ya redaktoru cəzalandırmaq kifayətdir - vəssəlam. Hacıbəyli baş verənlərdə dərin səbəb görür və onun fikrincə, bu səbəbi yüksək vəzifəli məmurlar arasında fikir ayrılıqlarında axtarmaq lazımdır.

Həqiqətən, yalnız bir yanlış sözə görə bütöv bir agentliyin bağlanması nonsensdir. Britaniyanın BBC korporasiyasında "rabbi" (yəhudilərin keşişi) əvəzinə səhvən rabbit (dovşan) yazılması faktı məlumdur. BBC açıq şəkildə üzr istədi və münaqişə həll olundu.

Amma Azərbaycanda başqa qaydalar var. Məlum olduğu kimi, ANS teleşirkəti 2016-cı ildə Teleradioyayım Şurasının qərarı ilə, teleşirkətin müxbirinin Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Gülənlə müsahibəsinin anonsunu verməsi bəhanəsi ilə bağlanıb. Türkiyənin Bakıdakı səfirliyi tez-tələsik Azərbaycan rəhbərliyinə bu müsahibənin nümayişinə yol verməmək xahişi ilə müraciət edib. Yəni teleşirkəti peşə öhdəliklərini yerinə yetirdiyinə görə amansızca cəzalandırıblar.

Müxalif Müsavat Partiyasının sədri APA agentliyi ilə bağlı baş verənləri şərh edərkən ANS-in bağlanmasını yada salıb, hökumətyönlü KİV-lərin təkcə hakimiyyətin müdafiəsi üçün deyil, həm də müstəqil mətbuatı sarsıtmaq üçün yaradıldığını deyib.

APA-nın bəlkə də müvəqqəti olan bağlanmasını həm də hakimiyyətdaxili ziddiyyətlərlə izah edirlər. Təxminən iki gün əvvəl prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən dəstəklənən "Yeni Çağ" saytının baş redaktoru A.Ələsgərli Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Baş İdarəsində həbsdən təcili azad edilib. Ələsgərlinin saxlanması ilə bağlı versiyalardan biri onun qaçaqmalçılıq hiylələrində iştirakı idi, o, Mətbuat Şurasının sədri Əflatun Amaşovun himayəsi ilə buraxılıb.

APA holdinqi Əli Həsənovun təbliğat alətidir. Prezidentin nitqinin APA resurslarında dərc edilmiş mətnində az əhəmiyyətli görünən səhv əslində yersiz və İlham Əliyevin Qarabağ məsələsinin həlli siyasətinə zərər verən bir səhv idi. Baş nazir Paşinyanın nitqlərində bəzi üstüörtülü ifadələr rəsmi Bakıya Ermənistanla danışıqlarda sıçrayışa ümid etmək üçün əsas verir. Amma Əliyevin adından verilmiş yersiz ifadə faktiki olaraq ikitərəfli səylərin sarsılmasına səbəb olur. Və bu mənada ƏLiyevin reaksiyası aydındır. Yalnız bir şey aydın deyil ki, şəbəkədə APA-nın bağlanmasını ermənipərəst qüvvələrin əməlləri ilə əsaslandırmağa çalışırlar, daha dəqiq isə, onun prezidentin qızı Leyla Əliyevanın JARA festivalına gəlişinə mane olmaq üçün təxribat xarakterli kampaniya təşkil olunmuş müğənni Zara ilə guya görüşü haqqında videonun yayılması ilə əlaqədar bağlandığını deyirlər. Təqsirlilərin məşhur özünümüdafiə üsulu.

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti